Bakıda GUAM-ın
"Ticarət və nəqletməyə yardım
layihəsi"nin həyata keçirilməsi
üzrə Rəhbər
Komitənin 14-cü iclası
öz işinə başlamışdır
Mayın 25-də Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın "Ticarət və nəqletməyə yardım layihəsi"nin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 14-cü iclası öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, iclasda GUAM-a üzv ölkələrin -Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın gömrük və sərhəd xidmətlərinin nümayəndələri iştirak edirlər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev bildirmişdir ki, tədbirin məqsədi GUAM-ın "Ticarət və nəqletməyə yardım layihəsi"nin icra vəziyyətinin müzakirə olunması, görülən işləri təhlil etmək və gələcək planları müəyyənləşdirməkdir.
Məlumat verilmişdir ki, bu layihənin həyata keçirilməsi üçün iştirakçı ölkələrdə, o cümlədən Azərbaycanda Nazirlər Kabineti tərəfindən 2007-2011-ci illəri əhatə edən Milli Plan təsdiq olunmuşdur. Milli Plana əsasən, yüklərin gömrük-keçid məntəqələrindən daha asan yolla keçirilməsi, ölkələr arasında ticarətin asanlaşdırılması nəzərdə tutulur.
Layihənin uğurla yekunlaşdırılması üçün iştirakçı dövlətlərin qarşısına müəyyən məsələlər qoyulmuşdur. Bunlardan biri gömrük sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir dövrə uyğunlaşdırılmasıdır. Bununla əlaqədar Azərbaycanda yeni Gömrük Məcəlləsinin layihəsi Milli Məclisə təqdim olunmuşdur. Artıq həmin sənəd parlamentdə iki oxunuşdan keçmişdir.
Keçid məntəqələrində infrastrukturun yaradılması və gömrük elektron nəzarət sisteminin tətbiqi də qarşıya qoyulmuş vacib məsələlərdəndir. Azərbaycanda bu sahələrdə də xeyli iş görülmüşdür.
Qeyd edilmişdir ki, ölkələr arasında yüklərin daşınması zamanı təhlükəsizlik məsələləri əsas rol oynayır. Qadağan olunmuş malların gömrük sərhədindən keçirilməsinin qarşısının alınması yolları da aktual məsələlərdəndir.
İki gün davam edəcək tədbirdə
GUAM-ın "Ticarət
və nəqletməyə
yardım layihəsi"nin icra vəziyyəti,
Azərbaycan Respublikasının
gömrük orqanlarında
"bir pəncərə"
prinsipinin tətbiqi təcrübəsi, regional
tədris mərkəzlərinin
fəaliyyəti və
GUAM-a üzv ölkələrinin gömrük
idarələrinin ehtiyaclarının
təmin olunması istiqamətində səylərin
birləşdirilməsi və
digər məsələlər
müzakirə ediləcəkdir.
Azərbaycan.- 2011.-26 may.- S. 1.