Əli Həsənov:
Azərbaycan hökuməti
növbəti "Eurovision"
yarışmasını təşkil
etməyə tam qadirdir
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənovun
"Trend"ə müsahibəsi
- Əli müəllim, Avropa Yayımları Birliyinin
(AYB) son "Eurovision"
yarışmasının nəticələri
artıq bəllidir. Azərbaycan təmsilçiləri
Nigar Camal və Eldar Qasımov
builki yarışmanın
qalibləridir. Qaydalara
görə, növbəti
yarışma qalib ölkədə - yəni
Azərbaycanda keçirilməlidir.
Təbii ki, Azərbaycana çoxsaylı
turist axını gözlənilir. Azərbaycan
gələn qonaqların
təhlükəsizliyinə zəmanət verirmi?
- Əvvəlcədən onu qeyd edim ki, "Eurovision" mahnı müsabiqəsi (EMM) Avropa Yayımları Birliyinə məxsus nüfuzlu beynəlxalq musiqi yarışmasıdır. Neçə illərdir ki, bu yarış qitənin musiqi ictimaiyyətinin və tamaşaçıların bir nömrəli "brendi" səviyyəsində təşkil olunur və həyata keçirilir. Yeri gəlmişkən, AYB-yə, eləcə də 56-cı "Eurovision" müsabiqəsinə ev sahibliyi etmiş Almaniyanın İctimai yayımçılarına - NDR və ZDF kanallarına belə möhtəşəm, tam obyektiv və şəffaf bir müsabiqə keçirdiklərinə görə bəri başdan təşəkkür edirik. Yarışmanın sonuncu qalibləri, adını çəkdiyiniz iki Azərbaycan gəncidir. Biz hər birimiz azərbaycanlı olaraq ölkəmizi yüksək səviyyədə Avropada təmsil etdiklərinə, bu nüfuzlu mükafatı Azərbaycana qazandırdıqlarına görə həm qürur hissi keçiririk, həm də Nigarla Eldara təşəkkür edirik. Sualınıza gəlincə, birmənalı şəkildə bəyan edirəm: Azərbaycan bu gün postsovet bölgəsinin ən sabit və təhlükəsiz ölkəsidir. Hər il bizdə neçə-neçə beynəlxalq idman, mədəniyyət, ictimai-siyasi və s. tədbirlər keçirilir, dünyanın müxtəlif ölkələrini təmsil edən minlərlə iştirakçılar, jurnalistlər, turistlər Azərbaycana gəlirlər. Hələ bir dəfə də olsun bu tədbirlərə qatılan hansısa insanla bağlı ölkəmizdə xoşagəlməz hadisə yaşanmayıb. Yəni beynəlxalq tədbirlərin keçirilməsi sahəsində mənim ölkəmin kifayət qədər təcrübəsi vardır. Son zamanlar yerli və beynəlxalq mətbuatda bu tipli suallara tez-tez rast gəlinir. Görəsən Azərbaycan bu qədər insanı qarşılamağa, yerləşdirməyə, onların təhlükəsizliyini, viza məsələlərini həll etməyə və s. hazırdırmı? Bu günlərdə bu məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında geniş müzakirə də olunub. Birmənalı şəkildə bəyan edirəm: Azərbaycan hökuməti AYB-nin tələbləri çərçivəsində EMM-in keçirilməsi üçün bütün lazımi şəraiti təşkil etməyə, müsabiqəyə qatılan insanların təhlükəsizliyinə, rahatlığına və onlar üçün münbit iş şəraitinin yaradılmasına hazır və qadirdir.
- Bəzi dairələr hesab edirlər ki, Azərbaycanın mövcud
viza rejimi bu qədər insanın ölkəyə
sərbəst daxil olmasına müəyyən
problem yarada bilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən artıq söylədim. Bütün təşkilati məsələlərlə bağlı cənab Prezident müvafiq dövlət qurumlarına göstəriş verib. Viza məsələsində də hər hansı bir problem olacağını düşünmürəm. Müsabiqəyə qədər elə bir həll variantı seçiləcək ki, Azərbaycana gələcək on minlərlə insanın viza alması sadə və asan yolla təmin edilsin.
- Düsseldorf
təcrübəsi göstərdi
ki, musiqi yarışmasını işıqlandırmaq
üçün hardasa
tədbirlərə 3-5 minə
qədər jurnalist qatılır. Onların fəaliyyəti, fikir-söz
azadlığının təminatı,
azad yayım imkanları və sairə barədə nə deyə bilərsiniz?
- Azərbaycan açıq cəmiyyətli və plüralizmin hökm sürdüyü bir ölkədir. Burada Avropa dəyərlərinə,
düşüncə, söz
və mətbuat azadlığına xüsusi
önəm verilir. Jurnalistlərin öz peşə fəaliyyətlərini
yüksək səviyyədə
həyata keçirmələri
üçün bu tədbirdə də Azərbaycan hökuməti
bütün mövcud
imkanlarından istifadə
edərək, lazımi
şərait yaradacaqdır.
Bu sahədə heç bir problem yaradıcı hala yol verilə
bilməz. Azad yayımın təşkili
üçün ölkəmizin
bütün texniki resurslarını səfərbər
edəcəyik. Beynəlxalq medianın
bu prosesləri geniş işıqlandırması
bilavasitə Azərbaycanın
maraqlarına cavab verir.
- Əli müəllim, bir məsələ də son
zamanlar geniş müzakirə olunur: Azərbaycan növbəti
"Eurovision" yarışmasını
beynəlxalq standartlara
və tələblərə
uyğun keçirə
biləcəkmi? Görüləcək bütün bu
işlərin hansısa
koordinasiyası mövcuddurmu?
- Bilirsiniz,
hər bir dövlət onun ərazisində keçirilən
bu və ya digər beynəlxalq
tədbirdə çalışır
ki, işlər yüksək səviyyədə
təşkil olunsun və əvvəlkilərdən
daha yüksək nəticələr əldə
edilsin. Əlbəttə,
Azərbaycan Almaniya kimi, İngiltərə kimi, yaxud Rusiya
kimi ölkələrlə
müqayisədə daha
kiçik dövlətdir
və imkanları da onlardan xeyli
aşağıdır. Lakin,
buna baxmayaraq, biz bütün imkanlarımızı
ortaya qoymağa və əvvəlki illərdəki yarışmalardan
qətiyyən geri qalmayan, hətta bəlkə daha üstün yarışın
keçirilməsinə iddialıyıq.
Əlbəttə, bu tədbir Avropa Yayım Birliyinindir, onun necə təşkil olunmasını,
"Eurovision" yarışmasının
keçirilməsi qaydalarını,
şərtlərini, normalarını
da bu qurum
və onun Azərbaycandakı təmsilçisi
- müstəqil yayım
təşkilatı olan
İctimai TV müəyyənləşdirir.
Dövlət isə yarışa müdaxilə
etmədən, onun keçirilməsi üçün
ölkə daxilində
şəraitin yaradılması,
təkrar edirəm, təhlükəsizlik, viza,
qonaqların yerləşdirilməsi,
tədbirlərin keçiriləcəyi
yerin hazırlanması,
gələn jurnalistlərin
və digər kateqoriyalı insanların
azad fəaliyyətlərinin
təmin olunması işini təşkil edir. Bu sahədə cənab Prezident tərəfindən yaradılmış
dövlət komissiyası
Avropa Yayım Birliyi, İctimai TV ilə öz işlərini mütləq
şəkildə koordinasiya
edəcəkdir. Azərbaycan
dövlətinin adından
bir daha rəsmi bəyan edirəm ki, AYB-nin tələbləri çərçivəsində Azərbaycan hökuməti
"Eurovision" yarışmasının
keçirilməsi üçün
bütün tələb
olunan şəraiti təşkil etməyə
qadirdir.
- Əli müəllim,
bu sualı Sizdən soruşmağı
düşünmürdüm. Amma mətbuatda artıq bu barədə
yazıldığına görə
rəsmilər tərəfindən
cavablandırılmasına ehtiyac var. "Eurovision" yarışmasında
müxtəlif kateqoriyalardan
olan insanlar, o cümlədən qrup şəklində cinsi azlıqların nümayəndələri
də iştirak edirlər. Onların ölkəmizdə tam sərbəst
hərəkət etməsində
bir problem yaşanmayacaq
ki?
- Mən
müsahibənin əvvəlində
söylədim ki, Azərbaycan tam sabit və təhlükəsiz
ölkədir. O, bütün
parametrləri ilə həm də Cənubi Qafqazın tolerantlıq nümunəsi
sayılır. Bizdə
bütün dünyanın
müxtəlif sivilizasiyalarını,
dini cərəyanlarını
təmsil edən məbədlər sərbəst
şəkildə tikilir,
özü də bəzi dövlətlərdə
olduğu kimi muzey kimi deyil,
mövcud dini icmaların, fərqli dini əqidə daşıyıcılarının ziyarətgahı kimi real fəaliyyət göstərir.
Azərbaycan həm də beynəlmiləl ölkədir və burada onlarla fərqli xalq və millətlərin, etnik qrupların nümayəndələri sülh
və əmin-amanlıq
içində yaşayırlar.
Bugünədək nə
milli, dini, nə də ki, fərqli sivilizasiya, oriyentasiya və başqa zəmində Azərbaycanda
bir dəfə də olsun hər
hansı diskriminasiya halına rast gəlinməmişdir. Bizim
qonaqpərvərliyimiz bütün
dünyada məşhurdur.
Biz qonaqlarımızı hansısa
dini, milli, cinsi və sairə
kateqoriyalarına bölməyə
adətli deyilik. Bu insanlar Azərbaycanın qonaqpərvərliyinə, tolerantlığına,
müasirliyinə tam güvənə
bilərlər və onların ölkəmizdə
azad və sərbəst olmaları üçün heç bir problem yaşanmayacaqdır.
Azərbaycan.- 2011.-26 may.- S. 2.