Gəncədən ucalan yol
Dövlət Aqrar Universitetinin qədim binasının birinci mərtəbəsində zəngin bir muzey fəaliyyət göstərir. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə yaradılmış İstiqlal muzeyidir. Bəlli olduğu kimi, Xalq Cümhuriyyəti iyirmi üç aylıq ömrünün üç ayını məhz burada keçirmişdir. Muzeydə cümhuriyyətin ilk addımlarını əks etdirən sənədlər, liderlərin portretləri, müxtəlif şəxsi əşyaları nümayiş etdirilir. Universitetin geniş foyesini isə cümhuriyyət liderlərinin büstləri bəzəyir. 2009-cu il may ayının 25-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə olarkən bu tarixi guşədə xatirə lövhəsinin açılışında iştirak etmişdir.
1918-ci ilin may ayında
Zaqafqaziya Seymi dağıldı. May
ayının 26-da onun son iclası oldu. Gürcü
nümayəndələri yığıncaqdan çıxan
kimi Gürcüstanın müstəqilliyini elan etdilər.
Mayın 27-də Seymin müsəlman
fraksiyası Azərbaycanın idarə olunması vəzifəsini
öz üzərinə götürərək müvəqqəti
Milli Şura yaratdı.
Səhəri gün -
mayın 28-də axşam saat səkkizdə Canişin
sarayının göy rəngli salonunda Həsən bəy
Ağayevin sədrliyi ilə 24 səslə Azərbaycanın
dövlət müstəqilliyi haqqında məşhur
"İstiqlal bəyannaməsi" qəbul olundu.
Həmin bəyannamənin
indi çoxunun demək olar ki, əzbər bildiyi məşhur
maddələri bunlardır.
1. Azərbaycan tam suveren
dövlətdir. O, Azərbaycan xalqının hakimiyyəti
altında Zaqafqaziyanın Cənub və Şərq hissələrindən
ibarətdir.
2. Müstəqil
Azərbaycan dövlətinin idarə forması Demokratik
Respublikadır.
3. Azərbaycan
Demokratik Respublikası hamı ilə, xüsusən də
qonşu millət və dövlətlərlə dostluq əlaqələri
yaratmaq niyyətindədir.
4. Azərbaycan
Demokratik Respublikası etnik mənşəyindən, dinindən,
sinfindən, peşəsindən, yaxud cinsindən asılı
olmayaraq sərhədləri daxilində bütün vətəndaşlara
tam mülki və siyasi hüquqlar üçün təminat
verir.
5. Azərbaycan
Demokratik Respublikası öz ərazisində məskunlaşmış
bütün millətlərin azad inkişafını təmin
edir.
6. Müəssislər
Məclisi çağırılana qədər Azərbaycanda
Ali hakimiyyət xalq tərəfindən seçilmiş Milli
Şura və bu Şura qarşısında cavabdeh olan müvəqqəti
hökumət sayılır.
Deməli, Milli Şura ali qanunverici, Nazirlər Şurası isə ali
idarəedici orqan hesab olunur. Milli Şuranın sədri
müsavatçı Məmmədəmin Rəsulzadə,
müvəqqəti hökumətin başçısı isə
bitərəf Fətəli xan Xoyski seçilir.
May ayının 30-da Nazirlər
Şurasının sədri Fətəli xan Xoyski
dünyanın siyasi mərkəzlərinə radioqramla xəbər
verir:
"Gürcüstan
çıxandan sonra Federativ Zaqafqaziya Respublikası
dağıldığı üçün Azərbaycan Milli
Şurası 1918-ci il may ayının 28-də Azərbaycanın
müstəqilliyini elan etmiş, Şərqi və Cənubi
Zaqafqaziyadan ibarət Azərbaycan Respublikasını
yaratmışdır. Deyilənləri nəzərinizə
çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə
xəbər verməyinizi rica edirəm. Mənim
hökumətimin müvəqqəti məskəni Yelizavetpol
şəhəridir".
Yelizavetpol şəhəri -
yəni Gəncə!
Müsəlman
Şərqində ilk müstəqil dövlət belə
yarandı.
Azadlıq yolu
heç də hamar deyildi. Gənc respublikanı
müqavimət, mübarizə dörd yandan
sıxırdı. Bakı Kommunası
"müsavat yuvasını" dağıtmaq və
türklərin qabağını kəsmək
üçün Gəncəyə hücuma keçmişdi.
Aləm bir-birinə
qarışmışdı. Bir tərəfdən
bolşeviklər, digər tərəfdən erməni
daşnakları... Xain, xəbis də nə qədər
desən. Bolşevik-erməni birləşmələri
Bakıdan üzübəri şəhər və kəndləri
dağıda-dağıda gəlirdi. Məmmədəmin
Rəsulzadənin sözləri ilə desək, "böylə
bir təhlükə qarşısında milləti müdafiə
edəcək yalnız bir Gəncə qalmışdı".
1918-ci il
iyunun 16-da yeni hökumət Gəncəyə
köçdü. İyunun 17-də Gəncədə
Milli Şuranın ilk iclası açılır. (Ümumən isə bu, Milli Şuranın yeddinci
yığıncağıdır). İclasın
sədri M.Ə.Rəzulzadə qısa giriş sözü
söyləyir. Həyəcanlıdır.
Özünü toxtaq tutur. Təmkinlə,
asta, aramla danışır:
"Əfəndilər! Fövqəladə
vəziyyət şəraitində, ağır və məsul
bir vaxtda Milli Şuranın iclasını açıram.
Bugünkü sualların müzakirəsində
vəziyyətin fövqəladəliyini və məsuliyyətli
olduğunu başa düşüb, hissə qapılmadan
soyuqqanlılıq göstərməliyik. İnanırım
ki, şəraitin əhəmiyyətini nəzərə alaraq
irəli sürdüyümüz qərarlarda vətənin və
millətin mənafeyinə üstünlük verəcək və
bununla da patriotluğunuzu sübut edəcəksiniz".
O, hamını
yaranmış vəziyyətə düzgün qiymət verməyə
və ağıllı qərar çıxarmağa
çağırır. Söhbət Milli Şuranın
taleyindən gedir: qalsın, qalmasın? Türklər
parlament yığılana kimi Milli Şuranın ləğvini
tələb edirdilər.
Kəskin
müzakirələr, mübahisələr başlanır. Türk
qoşunlarının gəlişinə, Nuru Paşanın
müstəqil Cümhuriyyətə münasibətinə hərə
bir cür baxır. Xüsusən Aslan bəy
Safıkürdlü daha böyük hiddətlə, həyəcanla
danışır. O, təmsil etdiyi sosialistlər
fraksiyasının türklərə olan böyük rəğbətini
bildirməklə yanaşı, Milli Şuranın istefası tələbinin
qəti əleyhinə çıxır.
"... Təəssüflər
olsun ki, - deyir, - Paşa bizim şuranı və kabineti
buraxıb özünə müvafiq bir hökumət qurmaq istəyir".
Məmmədəmin Rəzulzadə
onun sözünü kəsir: "Paşanın bu işə
qarışacağı yoxdur. Öz taleyimizi
özümüz həll edirik".
Aslan bəy sözünə
davam edir: "Mən qorxuram ki, həmin yol xalqı xilas edə
bilməsin və bizi yeni bəlalarla üzləşdirərək
camaatda türklərə qarşı ümidsizlik
doğursun".
Məmmədhəsən
Hacınski vəziyyəti bir qədər
açıqlamağa çalışır: "Mən
maraqlanmışam, - deyir, - türklər yalnız hərbi
işlərlə məşğul olacaqlar. Onlar,
həqiqətən də, Azərbaycanda müstəqil və
nüfuzlu hökumətin yaranmasını istəyirlər".
Maliyyə və
xalq maarifi naziri Nəsib bəy Yusifbəyli xarici işlər
naziri M.Hacınskinin sözünə qüvvət verir. Hər ikisinin
fikri bu oldu ki, Nuru Paşadan bizə əsla zaval yoxdur. Əksinə, arxamız, dayağımızdır o.
Biz gərək, onu, başına yığışan bəzi
şübhəli şəxslərdən qoruyaq.
Beləcə, Nəsib bəy
Yusifbəyli, Məmmədhəsən Hacınski və
başqaları Milli Şuranın istefasına, yeni hökumət
kabinetinin təşkilinə və yaxın vaxtlarda Təsis
yığıncağının
çağırılmasına tərəfdar
olduqlarını bildirirlər.
Milli
Şuranın axşam iclasında Fətəli xan Xoyski yeni
müvəqqəti hökumətin tərkibini elan edir. Cəmi on iki
nəfər. Düz yarısı əvvəlki
kabinetdən gəlir, yarısı isə təzə
seçilir.
Bəs, yeni
hökumətin məqsədi, məramı nə idi? Hökumətin
başçısı Fətəli xan Xoyski öz
çıxışında bu suala çox yığcam,
çox aydın cavab verir: "Bizim proqramımız Azərbaycanın
şərəfini, azadlığını və müstəqilliyini
müdafiə etməkdir".
Bununla da M.Ə.Rəsulzadənin
rəhbərlik etdiyi ali qanunvericilik
orqanı olan Milli Şuranın fəaliyyəti
dayandırılır. O, heç müvəqqəti hökumətin
tərkibinə də öz namizədliyini irəli
sürmür. Yığıncağın sonunda çoxunun
gözləmədiyi halda ürək göynədən vida kəlmələrini
söylədi: "Əfəndilər! Mən sizdən
özümə qarşı yalnız hörmət və
ehtiram hiss etmişəm. İndi sizinlə, əziz
yoldaşlarımla ayrılarkən mənə etibar etdiyiniz vəzifənin
icrasındakı bəzi qüsurları bağışlamanızı
rica edirəm. Əfəndilər, son məqam
yaxınlaşır və qardaş kimi bir-birimizlə
ayrılarkən inanıram ki, Allahın köməyi ilə
tezliklə Bakıda, Azərbaycanın paytaxtında keçirəcəyimiz
Təsis yığıncağında görüşəcəyik.
Azərbaycana eşq olsun! Türk xalqına
eşq olsun!"
İki gündən
sonra - iyunun 19-da hökumət üzvləri arasında vəzifə
bölgüsü aparıldı. Fətəli xan Xoyski Nazirlər
Şurasının sədri və ədliyyə naziri, Məmmədhəsən
Hacınski xarici işlər naziri, Nəsib bəy Yusifbəyli
daxili işlər naziri, Xosrovpaşa bəy Sultanov əkinçilik
naziri, Xudadat bəy Rəfibəyov səhiyyə və sosial-təminat
naziri, Ağa Aşurov ticarət və sənaye naziri, Xudadat bəy
Məlikaslanov yollar naziri, Əbdüləli bəy Əmircanov
maliyyə naziri olur. Daha üç nəfər
- Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov
və Musa bəy Rəfiyev isə portfelsiz nazirlər oldular.
Cümhuriyyətin
Gəncə dövrü bir sıra mühüm hadisələrlə
zəngindir. İlk müstəqil dövlət üç ay ərzində
burada xalqın taleyi ilə bağlı yüzə yaxın qərar
və qanun qəbul edib. 1920-ci ildə Bakıda nəşr
edilmiş "Azərbaycan Respublikasının 1920-ci il üçün ünvan-təqvim"
kitabında bu tarixi sənədlərin ətraflı
siyahısı verilib. Oxuduqca
düşünürsən ki, qısa vaxt ərzində
(özü də elə gərgin dövrdə) yeni ayaq
açan gənc respublika nə qədər gərəkli
işlər görə bilərmiş?!
Qədim Gəncənin
1804-cü ildən Yelizavetpol olmuş tarixi adı
qaytarıldı.
Gəncədə
Azərbaycan dili dövlət dili elan olundu.
Gəncədə
ilk dəfə üçrəngli, ay-ulduzlu
bayrağımız ucaldı.
Gəncədə
Üzeyir Hacıbəyovun redaktorluğu ilə "Azərbaycan"
qəzeti nəşrə başladı.
Gəncədə
Qaryagin qəzası Cəbrayıl adlandırıldı. Ağdaşa
şəhər statusu verildi.
Gəncədə əhalinin
28 iyun 1918-ci il tarixli teleqramındakı
arzusu nəzərə alınaraq, Zaqatala dairəsi Azərbaycan
Cümhuriyyətinin tərkibinə daxil edildi.
Ən əsası
isə məhz Gəncədə Azərbaycan milli ordusunun təşkili
sahəsində ilk cəsarətli addımlar atıldı. Gəncədəki
müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu
adlandırıldı. Hərbi nazirlik təsis
edildi. Məcburi mükəlləfiyyət
elan olundu. Əvvəlcə zabit
kadrlarının hazırlanması üçün qısa
müddətli kurslar yaradıldı, sonra isə hərbi məktəb
açıldı. Hərbi zavod fəaliyyətə
başladı. Nəhayət, ilk Azərbaycan
alayı formalaşdı.
Məhz Gəncədən
gedən nümayəndə heyəti - Məmmədəmin Rəsulzadə,
Aslan bəy Safıkürdlü və Xəlil Xasməmmədov
sentyabrın 6-da Aya Sofiya məscidində Sultan IV Mehmetdən
Azərbaycan Cümhuriyyəti üçün xeyir-dua
aldı. Əslində bu, yeni hökumətin
Türkiyə tərəfindən tanınması yolunda
atılan ilk addım sayıla bilər.
Beləcə,
Gəncə torpağında dirçəlib güc-qüvvət
toplayan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin sentyabr
ayının 15-də real bir qüvvə kimi Bakıya
köçdü.
Ulu öndər Heydər Əliyev milli istiqlal uğrunda mübarizədə Gəncənin rolunu və yerini çox yüksək qiymətləndirirdi. 2000-ci ilin may ayında Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı ulu öndər bununla bağlı demişdir: "Gəncə 1918-ci ildə Xalq Cümhuriyyəti yarandığı ilk aylarda, müstəqilliyini ilk dəfə bu şəhərdə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin qərargahı olubdur. Yəni, o vaxt Gəncə bir neçə ay müddətinə Azərbaycanın paytaxtı olubdur. Ona görə də Gəncə daim Azərbaycan cəmiyyətinin və Azərbaycan hökumətinin diqqət mərkəzində olubdur".
O gərgin günlərdə Gəncədən ucalan yol Bakıda ölkəmizin paytaxtında milli istiqlalın təntənəsi naminə bir sıra dəyərli işlər gördü. İstiqlal fədailəri Azərbaycanın müstəqil şəkildə öz hüquqları uğrunda mübarizə aparmaq və qalib gələ bilmək əzmini nümayiş etdirdilər. Aradan bir xeyli keçəndən sonra rus-erməni birləşmələrinin silahlı hücumları nəticəsində Xalq Cümhuriyyəti süquta uğrasa da, artıq xalqın qəlbinə azadlıq toxumu səpilmişdi. Bu, gələcəkdə Azərbaycanın yenidən müstəqillik əldə etməsi üçün etibarlı bünövrə sayılırdı.
Xalqımızın ümummilli lideri istiqlal fədailərinin şərəfli işinə çox yüksək qiymət verirdi. Ulu öndər deyirdi: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".
Bütün bu işlərin bünövrəsi Xalq Cümhuriyyətinin ilkin paytaxtı qədim Gəncədə qoyulmuşdu. Ona görə də ulu öndər Heydər Əliyevin dediyi kimi, Gəncə torpağı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-26 may.- S. 2.