Bakıda 17-ci Azərbaycan
Beynəlxalq qida sənayesi sərgisi açılmışdır
Mayın 25-də Bakı Sərgi Mərkəzində "İteca Caspian LLC" və "İTE Group PLC" şirkətlərinin təşkilatçılığı ilə "WorldFood Azerbaijan 2011" 17-ci Azərbaycan Beynəlxalq qida sənayesi, ilk dəfə "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk , eləcə də "HOREX Azerbaijan 2011" 5-ci yubiley Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri açılmışdır.
Açılışda çıxış edən Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov, Avstriyanın
Azərbaycandakı səfiri
xanım Silvia Mayer-Kaybiç və
"İteca Caspian"
şirkətinin icraçı
direktoru Fərid Məmmədov sərgilərə
işlərində müvəffəqiyyət
arzulamışlar.
"WorldFood Azerbaijan 2011"-da 19 ölkədən 100 şirkət öz məhsul və texnologiyaları ilə iştirak edir. Sərgi bir meydançada "WorldFood", "WorldDrink", "FoodPack", "WorldFoodTech" və "AgriHort" beş tematik ekspozisiyanı birləşdirir. Sərginin ənənəvi bölmələrində ət, quş əti və süd məhsulları, dondurmalar, konservləşdirilmiş ərzaq məhsulları, tərəvəz və meyvələr, uşaq və pəhriz qidaları və s. məhsullar təqdim edilir.
"Plastex Caspian" layihəsi bütün dünyada tanınmış "Plastex" sərgiləri brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin plastik kütlələr sənayesinin ən böyük sərgilərini birləşdirir.
Xarici şirkətlərin böyük marağına səbəb olmuş sərgidə kommersiya şirkətləri ilə yanaşı, həmçinin Avstriya və Almaniyanın milli stendləri də təqdim olunmuşdur. İştirakçılar sırasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyi, Sumqayıt Texnoloji Parkı, "TP", "Textima" və "Zeppelin" və s. şirkətləri də vardır.
Sərgi bu sektoru bütünlükdə əhatə etməklə, plastik kütlələr və kauçuk emalı üçün avadanlıq istehsalçılarından tutmuş xammal və əlavələrin istehsalçılarına qədər polimerlər bazarının ən iri dünya liderləri ilə məhsuldar ünsiyyət qurmaq və qarşılıqlı sərfəli müqavilələr bağlamaq baxımından gözəl imkan yaradacaqdır.
"HOREX Azerbaijan 2011" sərgisi Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və Fransadan olan şirkətləri bir yerə toplamışdır. Həmin şirkətlər mehmanxana və restoranlar üçün avadanlıq, qəhvə üyüdən maşınlar və qəhvə, otellər üçün ətir-gigiyena vasitələri, dizayn və interyerin bəzədilməsi, təhlükəsizlik və daxilolmaya nəzarət, ticarət, vitrin və soyuducu avadanlığı, mehmanxanalar üçün interaktiv sistemləri və bir çox digər məhsulları nümayiş etdirirlər.
Sərgilər mayın 27-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.-26 may.- S. 3.