Bakıda "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk sərgisi açılmışdır

 

Mayın 25-də Bakı Sərgi Mərkəzində Azərbaycanda ilk dəfə "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, üç gün davam edəcək "Plastex Caspian" layihəsi bütün dünyada tanınmış "Plastex" sərgiləri brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin plastik kütlələr sənayesinin ən böyük sərgilərini birləşdirir.

Xarici şirkətlərin böyük marağına səbəb olmuş sərgidə kommersiya şirkətləri ilə yanaşı, həmçinin Avstriya və Almaniyanın milli stendləri də təqdim olunmuşdur. İştirakçılar sırasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyi, Sumqayıt Texnoloji Parkı, "TP", "Textima" və "Zeppelin" və s. şirkətləri də vardır.

Sərgi bu sektoru bütünlükdə əhatə etməklə, plastik kütlələr və kauçuk emalı üçün avadanlıq istehsalçılarından tutmuş xammal və əlavələrin istehsalçılarına qədər polimerlər bazarının ən iri dünya liderləri ilə məhsuldar ünsiyyət qurmaq və qarşılıqlı sərfəli müqavilələr bağlamaq baxımından gözəl imkan yaradacaqdır.

"Plastex Caspian" sərgisi ilə eyni vaxtda "WorldFood Azerbaijan-2011" XVII Azərbaycan Beynəlxalq qida sənayesi, "HOREX Azerbaijan-2011" V yubiley Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri də keçirilir.

 

 

Azərbaycan.- 2011.-26 may.- S. 3.