Azərbaycan Prezidenti İlham Əliyev
Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Fieldin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da
Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ
Partiyasının, "Cities of London and Westminster" ərazisindən
Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin
üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Field bildirdi ki, başçılıq etdiyi qrupun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan haqqında məlumatları Böyük Britaniya parlamentinin üzvlərinə çatdırmaqdan ibarətdir. Azərbaycanın təkcə neft-qaz sahəsində deyil, eləcə də qeyri-neft sektorunda böyük potensiala malik olduğunu deyən Mark Field ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, idman, mədəniyyət və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılacağına ümidvar olduğunu dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan britaniyalı qonaq bu münaqişə ilə bağlı son 20 ildə Azərbaycan xalqının və hökumətinin böyük səbir nümayiş etdirdiyini və Azərbaycanın bu məsələ ilə bağlı keçirdiyi narahatlığın onlar tərəfindən başa düşüldüyünü bildirdi, səfər müddətində problemlə yaxından tanış olacaqlarını dedi.
Dövlətimizin başçısı Britaniya-Azərbaycan parlament qrupunun Azərbaycanda əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı məlumatların Böyük Britaniyaya çatdırmasını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bir çox sahələri əhatə etdiyini vurğuladı, enerji sahəsində əlaqələrimizin uzun tarixə malik olduğunu dedi. Əlaqələrimizin turizm, idman, mədəniyyət, qeyri-neft sektoruna investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanları araşdırmağın vacibliyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.-27 may.- S. 1.