Məişət zorakılığının qarşısının alınmasına dair konfrans keçirilmişdir

 

Mayın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi Azərbaycanda gender əsaslı zorakılıqla Mübarizə layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirildi. Xatırladaq ki, son onillikdə bir çox dövlətlər qadınlara qarşı zorakılığın müxtəlif formalarının ləğv olunması ilə əlaqədar aktları öz qanunvericiliklərinə daxil etmişlər. BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə hər ilin 25 noyabr tarixi "Qadınlara Qarşı Zorakılığın Ləğv Edilməsi Günü" elan edilib. Məqsəd yer üzünün insanlarını ailədə qadınlara və uşaqlara qarşı törədilən məişət zorakılığından çəkindirmək, bununla da, ailənin qorunub saxlanmasına nail olmaqdır. Çünki sağlam ailə, sağlam cəmiyyət, sağlam dünya deməkdir.

 

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və fəal dəstəyi ilə ötən il parlamentdə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi, bu sahədə hüquqi baza yaradıldı.

Qeyd edək ki, bu mövzu son illər cəmiyyətin diqqət mərkəzindədir. Məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini bu problemə bir daha cəlb etmək üçün tez-tez müxtəlif səviyyələrdə - beynəlxalq konfranslarda, qeyri- hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrində geniş fikir mübadiləsi, debatlar təşkil edilir, müzakirələr aparılır. Budəfəki mövzu da "Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu"na həsr olunmuşdu.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, BMT-nin Əhali Fondunun ölkəmizdəki nümayəndəliyinin baş müşaviri Fərid Babayev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları məişət zorakılığı probleminin cəmiyyətə çatdırılmasından, bu mövzuda professional jurnalist araşdırmalarının əhəmiyyətindən, insan hüquqları və məişət zorakılığı sahəsində KİV-lərin müvafiq qurumlarla əlaqəli işinin təşkili, maarifləndirmə tədbirlərinin əhəmiyyəti və başqa mövzulardan danışdılar. Çıxış edənlər vurğuladılar ki, televeziya kanalları, yazılı mətbuat bu mövzuya həssaslıqla yanaşmalı, ailə-məişət zəminində baş verən hadisələri işıqlandırarkən son dərəcə ehtiyatlı olmalı, problemə peşəkarlıqla yanaşmalıdırlar. Məqsəd odur ki, millətimizə məxsus möhkəm ailə modeli dağılmasın, cəmiyyətimizdə ailə-məişət problemi yaşanmasın. Bunun üçün də ilk növbədə insanlar öz hüquqlarını bilməlidirlər. İnsan öz hüquqlarını biləndə daha güclü olur və özünü müdafiə etməyi bacarır.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev demişdir ki, cəmiyyətdə sağlam təməl üzərində qurulmuş sosial münasibətlər sisteminin inkişaf etdirilməsində Azərbaycan ailəsi modelinin qorunub saxlanılması əsas vəzifələrdən biridir. Prezident İlham Əliyev ölkəmizin demokratik inkişaf kursu barədə danışarkən inkişaf etmiş ölkələrin mütərəqqi nümunələrini qeyd etməklə yanaşı, xalqımızın milli mənəvi dəyərlərinin özünəməxsus xüsusiyyətlərinin qorunub saxlanılmasının vacibliyini vurğulamışdır. Bu gün ailələrdə mənfi halların müşahidə edilməsi, xüsusilə də məişət zorakılığı kimi arzuolunmaz faktların mövcudluğu cəmiyyətimizi narahat etməyə bilməz. Məişət zorakılığının səbəblərini araşdırarkən müxtəlif fikirlər irəli sürülür. Danılmaz faktdır ki, bu gün Azərbaycanda sosial problemlərin həlli, rifah halının yüksəldilməsi, vətəndaşların maddi durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət kontekstində zorakılığın sosial səbəblərinin dominantlığını iddia etmək düzgün olmazdı. Zənnimcə, köhnə stereotiplərin hələ də qalması, qanunun inplementasiyasının mümkün yüksək nöqtəsinə çatmaması, qabaqlayıcı tədbirlərin hələ ki lazımi səviyyədə aparılmaması bu problemlərin qabarmasının əsas səbəblərindəndir.

Tədbirdə çıxış edən mütəxəssislər qadınlara qarşı zorakılığın aradan qaldırılmasında mətbuatın, televiziya və radionun oynaya biləcəyi rolu yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu mövzuda yazan peşəkar jurnalist kadrların yetişməsinə ehtiyac var.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-26 may.- S. 3.