Respublika Günü Küveytdə qeyd edilmişdir

 

28 May - Respublika Günü və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə ölkəmizin Küveyt Dövlətindəki səfirliyi tərəfindən rəsmi ziyafət təşkil olunmuşdur.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, ziyafət Əl-Küveyt şəhərində yerləşən və dünyanın ən böyük yelkənli taxta gəmisi kimi Ginnessin "Rekordlar Kitabı"na daxil olan, ölkənin ən məşhur beşulduzlu mehmanxanası Radisson SAS-da keçirilmişdir.

Tədbirdə Küveytin hakim ailəsinin üzvləri, Nazirlər Kabinetinin və parlamentin nümayəndələri, Əl-Küveyt şəhərinin valisi, tanınmış ictimai xadimlər, nüfuzlu biznesmenlər, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, burada yaşayan və işləyən soydaşlarımız, KİV-lərin nümayəndələri iştirak etmişlər.

Tədbirin fəxri qonağı olan Küveyt Dövlətinin təhsil naziri Əhməd Əbdül Muhsin Əl-Marafi Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahın və Baş nazir Şeyx Nasir Əl-Məhəmməd Əl-Sabahın salamlarını və səmimi təbriklərini səfir Tural Rzayevə çatdırmışdır. O, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin sürətli inkişafından məmnunluq duyduğunu bildirmiş, Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahın və Vəliəhd Şeyx Navaf Əl-Əhməd Əl-Cabir-Əl-Sabahın və Baş nazir Nasir Əl-Məhəmməd Əl-Sabahın səmimi təbriklərini, salamlarını və dərin ehtiramlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmasını səfirdən xahiş etmişdir.

Səfir T.Rzayev cari ildə Küveytdə iki ölkənin hökumətlərarası komissiyanın ilk iclasının keçirildiyini, üç sənədin imzalandığını, ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən üç sərginin təşkil olunduğunu, mayda geniş əks-səda doğuran Azərbaycan Mədəniyyət günlərinin uğurla keçdiyini vurğulamışdır.

Sonra Küveytin təhsil naziri Ə.Əl-Marafi və səfir T.Rzayev tədbirdə iştirak edən bu ölkənin KİV nümayəndələrinin suallarını cavablandırmışlar.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə Küveyt rəhbərliyinə təşəkkürünü bildirmiş, Ermənistanın sülh danışıqlarında destruktiv mövqeyini nəzərə çatdırmışdır.

Küveyt Dövlətinin vəliəhdi Şeyx Navaf Əl-Əhməd Əl-Cabir-Əl-Sabah, Baş nazir Şeyx Nazir Əl-Məhəmməd Əl-Sabah, parlamentin sədri Əl-Xarafi bayram münasibətilə səfirliyə göndərdikləri təbrik məktubunda ölkələrimiz arasındakı münasibətləri yüksək dəyərləndirmiş, xalqımıza xoşbəxtlik və firavanlıq arzuladıqlarını ifadə etmişlər.

Tədbirdə Azərbaycanın və Küveytin dövlət himnləri səsləndirilmişdir.

Mərasim iştirakçılarına Azərbaycan paytaxtının müasir görünüşü, ölkəmizin ecazkar təbiəti və turizm potensialı, tarix və memarlıq abidələri, mədəniyyət və sənətkarlarımızın əl işləri haqqında sənədli filmlər nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2011.-27 may.- S. 3.