Müsəlman Şərqinin ilk demokratik parlamenti
Xalqımızı milli
müstəqilliyə aparan yol nə qədər keşməkeşli,
çətin olsa belə, bu tarixi həqiqət bütün
azərbaycanlılarda fəxr və qürur hissi doğurur: 93
il əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində
müstəqilliyini ilk bəyan edən respublika olmuş Azərbaycan
tarixən can atdığı, mübarizə
apardığı azadlıq idealına qovuşmuşdur.
Müsəlman Şərqində ilk demokratik, hüquqi və
dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi,
yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş
cəmiyyətinin formalaşmasına təkan verən
çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi
xalqımızın zəngin dövlətçilik ənənələrinə,
yüksək milli qürura, yenilikçi düşüncə
tərzinə malik olmasının parlaq təcəssümüdür.
Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti ilk gündən müstəqilliyi qoruyaraq
inkişaf etdirməyi, xalqın firavan həyat tərzinə
nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin
müdafiəsində dayanmağı mühüm vəzifələri
kimi müəyyənləşdirmişdir. Tarixi faktlara nəzərən
Azərbaycan Xalq Cümhuriyyətinin kifayət qədər
mürəkkəb və çətin mərhələdə
belə, demokratik ideallardan geri çəkilmədiyini, hər
bir vətəndaşın hüquq və
azadlıqlarının təmini istiqamətində qətiyyətli
addımlar atdığını, ədalətə və
qanunçuluğa tapındığını,
maarifçilik ənənələrini inkişaf etdirdiyini əminliklə
söyləmək olar. Elmi-mədəni, siyasi və iqtisadi
intibaha zəmin yaradan islahatların həyata keçirilməsi
və demokratik ruhlu qanunvericilik sisteminin
formalaşdırılması göstərir ki, cümhuriyyəti
yaradanlar o dövrün mütərəqqi ideya və saf
düşüncəsi əsasında formalaşmış vətənpərvər
insanlar, dəyərli ziyalılar olmuşlar. Bu
düşüncə sahibləri azərbaycançılıq,
türkçülük, islamçılıq, müasirlik,
dövlətçilik kimi anlayışlara yüksək etiqad
göstərmiş, xalqda milli özünüdərki, milli
ruhu gücləndirməyə xidmət edən qətiyyətli
addımlar atmışlar.
Cümhuriyyətin müxtəlif
sahələrdə ciddi uğur qazanmasını şərtləndirən,
eyni zamanda onun səmərəli daxili və xarici siyasətini
təmin edən mühüm amillərdən biri də müsəlman
Şərqində ilk dəfə olaraq 1918-ci ilin dekabrında
demokratik seçkilər yolu ilə çoxpartiyalı
parlamentin (Məclisi-Məbusan) yaradılması olmuşdur.
Bundan xeyli əvvəl Azərbaycan Parlamenti 1918-ci il mayın
27-dən noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət
göstərmiş, 44 nəfər müsəlman-türk
nümayəndədən ibarət bu qanunverici qurum qısa
zamanda 10 iclasını keçirərək mühüm tarixi
qərarlar qəbul etmiş, ölkənin idarə olunması
məsuliyyətini üzərinə
götürmüşdü. Milli Şuranın qısa zamanda
qəbul etdiyi "Azərbaycanın dövlət müstəqilliyinin
elan edilməsi haqqında", "Birinci Müvəqqəti
hökumətin tərkibi haqqında", "İkinci
Müvəqqəti hökumətin tərkibi haqqında",
"Müvəqqəti hökumətin hüquq və vəzifələri
haqqında", "Milli Şuranın buraxılması
haqqında" və "Azərbaycan parlamentinin
yaradılması haqqında" qanunlar milli qanunvericiliyin
inkişafı baxımından böyük əhəmiyyətə
malik idi.
Həmin dövrdə
yaranmış mürəkkəb siyasi vəziyyətə
uyğun olaraq Azərbaycan Milli Şurası üzvlərinin
"humanizm" prinsipindən çıxış edərək
İrəvanı ermənilərə paytaxt kimi güzəştə
getmələri isə təəssüf doğuran hal kimi qiymətləndirilməlidir.
Bu barədə qərar Milli Şuranın 29 may 1918-ci il
tarixli iclasında verilmişdi. İclasın 3 saylı
protokoluna görə, F.X.Xoyski Milli Şurada erməni Milli
Şurası ilə apardığı
danışıqların nəticələri barədə məruzə
etmiş, "erməni federasiyasının yaradılması
üçün onlara siyasi mərkəz lazım
olduğunu", "Gümrünün Türkiyəyə
keçməsindən sonra belə mərkəzin yalnız
İrəvan ola biləcəyi haqqında məlumat verdikdən
sonra İrəvanın ermənilərə güzəştə
gedilməsinin zəruri olduğunu bildirmişdir".
Milli Şurada səsvermədə
şura üzvlərindən 16 nəfəri İrəvanın
güzəştə gedilməsinin lehinə, 1 nəfər əleyhinə
səs vermiş, 3 nəfər bitərəf
qalmışdı. Bu məsələ Milli Şuranın 1
iyun 1918-ci il tarixli iclasında yenidən gündəliyə
daxil olunmuş, şura üzvləri iclasda İrəvanın
ermənilərə güzəştə gedilməsinə
etiraz etmişdilər. Sonda Milli Şura bu etirazı müzakirə
etmədən iclas protokoluna əlavə etməyi qərara
almışdı. İrəvanın ermənilərə
güzəştə gedilməsi sonrakı mərhələdə
bədnam qonşularımızın daha böyük torpaq
iddiaları ilə çıxış etmələrinə gətirib
çıxardı. Prezident İlham Əliyev 18 yanvar 2008-ci
ildə Ağdam rayonuna səfəri zamanı bu məsələ
ilə bağlı demişdi: "İndiki Ermənistan
dövləti tarixi Azərbaycan torpağında
formalaşıbdır. İrəvan şəhərini Azərbaycan
Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana
hədiyyə edibdir. Yumşaq desək, o da böyük səhv
idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda
İrəvan şəhərini Ermənistana
bağışlamışdır. İrəvan
xanlığı əzəli Azərbaycan torpağıdır.
Ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər.
Ona görə haqq-ədalət, tarixi həqiqət, beynəlxalq
hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər
tərəzininin bir gözündə, Ermənistanın
qeyri-konstruktiv və heç bir beynəlxalq normalara
sığmayan siyasəti tərəzinin başqa
gözündədir".
İyunun 17-də Milli
Şura fəaliyyətini müvəqqəti dayandırmaqla,
qanunverici və icraedici hakimiyyətin - 6 aydan gec olmayaraq Müəssislər
Məclisi çağrılmaq şərti ilə -
F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti
hökumətinə verilməsi haqqında iki mühüm qətnamə
qəbul etmişdi. Müvəqqəti hökumət həmin
ilin iyun ayından noyabrınadək qanunverici orqanın səlahiyyətlərini
həyata keçirmiş, cəmiyyət həyatının
müxtəlif sahələrini tənzimləyən qanunlar qəbul
etmişdi. 1918-ci il iyunun 4-də "Osmanlı imperatorluğu
hökuməti ilə Azərbaycan Respublikası arasında
dostluq müqaviləsi"nin imzalanmasını bu baxımdan
xüsusi qeyd etmək lazımdır. 11 maddədən ibarət
bu müqavilə cümhuriyyətin xarici dövlətlə
imzaladığı ilk rəsmi sənəd olmuşdur. Strateji
əhəmiyyətə malik sənədin 4-cü maddəsində
"Dinclik və asayişi möhkəmləndirmək ölkənin
təhlükəsizliyinin təmini üçün əgər
zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan
Respublikasına hərbi yardım göstərməyi üzərinə
götürür" müddəasının əksini
tapması iki ölkə arasında münasibətlərin
strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini
göstərirdi. Ölkənin müdafiə qabiliyyətini, təhlükəsizliyini
təmin etmək istiqamətində digər mühüm
addım isə Nazirlər Şurasının 1918-ci il 26 iyun
tarixli 164 saylı sərəncamı əsasında Azərbaycan
Milli Ordusunun yaradılması, avqustun 11-də isə "Hərbi
mükəlləfiyyət haqqında" qərarın qəbulu
olmuşdu.
Xalqda milli özünüdərki
gücləndirməyə xidmət edən digər
mühüm addım 1918-ci il iyunun 27-də "Azərbaycan
dilinin dövlət dili elan edilməsi haqqında" fərmanın
imzalanması idi. Həmin il iyunun 24-də üzərində
ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri
olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul
olunmuşdu. (Noyabrın 9-da isə həmin bayraq üçrəngli
- yaşıl, qırmızı və mavi zolaqdan ibarət olan
bayraqla əvəz edildi). Qısa müddətdə Azərbaycan
Xalq Cümhuriyyətinin himninin qəbul edilməsi, milli
valyutanın - manatın dövriyyəyə buraxılması
məhz milli müstəqilliyin möhkəmləndirilməsinə
xidmət edirdi. Bundan başqa, avqustun 23-də qəbul
olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı
haqqında" qanun müstəqil respublika üçün
mühüm əhəmiyyət daşıyırdı.
F.X.Xoyski hökumətinin
qanunvericilik sahəsində mühüm addımlarından biri
də 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat
Komissiyasının yaradılması idi. Bu qərarla komissiya
qarşısında Birinci Dünya müharibəsi illərində
Zaqafqaziya ərazisində müsəlmanlara qarşı
törədilən vəhşilikləri və onların əmlakına
edilən qəsdlə bağlı məsələləri
araşdırmaq, bu işdə günahkar olanları
aşkarlamaq və onları məhkəmə məsuliyyətinə
cəlb etmək vəzifəsi qoyulmuşdu.
1918-ci il sentyabın 15-də
isə türk generalı Nuru Paşanın
başçılıq etdiyi Qafqaz İslam Ordusunun bilavasitə
köməyi ilə Bakı şəhərinin erməni-daşnak
birləşmələrinin yaratdıqları qondarma
"Sentrokaspi diktaturası"ndan azad edilməsi ilə Azərbaycan
Xalq Cümhuriyyəti parlamentinin formalaşdırılması
ilə bağlı mütərəqqi təşəbbüslərin
reallaşmasına münbit zəmin yaranmış oldu.
Sentyabrın 17-də paytaxt Gəncədən Bakıya
köçdükdən sonra isə Cümhuriyyət hökuməti
istər ictimai-siyasi, istərsə də təsərrüfat
və mədəni quruculuq sahəsində mühüm tədbirlər
həyata keçirməyə başladı. İlk növbədə,
Müəssislər Məclisinin
çağırılması işinin təşkili
üçün Nazirlər Şurasının sədri, daxili
işlər və xalq maarif nazirlərindən ibarət komissiya
yaradıldı.
1918-ci il iyunun 17-də Gəncədə
fəaliyyətini dayandırmış Azərbaycan Milli
Şurası noyabrın 16-da Bakıda öz işini yenidən
bərpa etdi. Həmin gün keçirilən iclasda F.X.Xoyski
hökumətin işlərinin çoxluğunu əsas gətirərək
Müəssislər Məclisinin çağırılması
üçün hazırlıq işlərinin Milli Şuraya
həvalə olunmasını təklif etdi. Cümhuriyyət rəhbərliyi
Azərbaycan parlamentini (Məclisi-Məbusanı) mümkün
qədər tez formalaşdırmağa
çalışır, bunu bir tərəfdən milli hakimiyyəti
qanuniləşdirmək, digər tərəfdən dövlət
idarəetməsini demokratik prinsiplər əsasında
formalaşdırmaq istəyi ilə əsaslandırırdı.
"Azərbaycan parlamentinin yaradılması haqqında"
qanun layihəsinin qısa zamanda hazırlanaraq noyabrın 19-da
qəbulu da məhz bu məqsədə xidmət edirdi. Qanun
siyasi-hüquqi hadisə kimi təqdirəlayiq olmaqla,
seçkilərin keçirilməsi üçün
hüquqi baza yaradırdı.
"Azərbaycan parlamentinin
yaradılması haqqında" qanuna əsasən, hər 24
min nəfərdən bir nümayəndə hesabı ilə
parlamentdə təmsil olunması qaydası müəyyən
edilirdi. Bu prinsiplə parlamentdə müsəlmanların 80,
ermənilərin 21, rusların 10, almanların 1, yəhudilərin
1 nümayəndə ilə təmsil olunmaları nəzərdə
tutulmuşdu. Ümumilikdə, Azərbaycan Parlamentinin 120 nəfərdən
ibarət olmaqla formalaşdırılması qərara
alınmışdı. Parlamentə seçiləcək 21
erməni nümayəndəsindən 8-i Gəncə, 8-i
Şuşa, 5-i Bakı erməni komitələrindən
seçilməli idi. Bakıdakı rus əhalisindən Rus
Milli Şurası 10, alman əhalisi milli təşkilatından
1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən
1 və polyak komitəsindən 1 nəfər nümayəndə
göndərilməli idi. Bundan əlavə, qanunda Azərbaycan
Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar Təşkilatının
3, Bakı Sənaye-Ticarətin isə 2 nümayəndəsinin
göndərilməsi nəzərdə tutulmuşdu. Məhz
bu bölgü prinsipi Azərbaycan sərhədlərini dəqiqləşdirməklə,
parlamentdə bütün bölgələrin təmsilçiliyinə
imkan verirdi. Ümumiyyətlə, qanun siyasi, sinfi, dini, milli,
cinsi fərqləri nəzərə almadan səsvermə
hüququna malik bütün vətəndaşların
iştirakını təmin edirdi. Demokratik ideallara yüksək
sadiqlik göstərən Cümhuriyyət hökuməti
qanunla qadınlara səsvermə hüququnun verilməsini də
təmin etmişdi. Qadınlara seçki hüququnun verilməsi
nəinki Şərqdə, bütün dünyada mütərəqqi
bir hadisə olmaqla yanaşı, insan hüquqlarının
qorunması və hüquq bərabərliyi kimi dünyəvi
problemlərin həllinə Azərbaycan xalqının verdiyi
dəyərli töhfə idi.
Parlamentin
açılışı 1918-ci il dekabrın 3-nə nəzərdə
tutulsa da, ingilis komandanlığının Azərbaycan
hökumətinə ciddi təzyiqləri ilə bağlı
bir qədər yubadıldı. Britaniya
Krallığının baş qərargah rəisi S.Stoksun
mayor Rolansona göndərdiyi məktubda göstərilirdi ki,
koalisiya hökuməti müttəfiqlər
komandanlığı tərəfindən tanınmayınca,
parlamentin açılışına imkan verilməməlidir.
Lakin bu və digər təzyiqlərə baxmayaraq, 1918-ci il
dekabrın 7-də Azərbaycanın tarixində son dərəcə
əlamətdar hadisə baş verdi. Bakıda
H.Z.Tağıyevin qız məktəbinin binasında Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti Milli Şuranın sədri M.Ə.Rəsulzadənin
giriş sözü və təbrik nitqi ilə
açıldı.
Təsis iclasında başda
F.X.Xoyski olmaqla, Nazirlər Şurasının bütün
nümayəndələri iştirak edirdi. "Müsavat"
fraksiyasının təklifi ilə Əlimərdan bəy
Topçubaşov parlamentin sədri, Həsən bəy
Ağayev onun müavini seçildi. Bitərəf və
ixtisasca hüquqşünas olan Ə.M.Topçubaşov
diplomatik və digər dövləti işlərlə əlaqədar
parlamentdə iştirak etmirdi. Parlamentin ilk iclaslarında Azərbaycan
parlamentarizmi ənənələrinin əsası
yaradıldı və qanunverici orqanın ən gənc
üzvü Rəhim bəy Vəkilov katib seçildi.
F.X.Xoyski başda olmaqla,
hökumət parlament qarşısında tam tərkibdə
istefa verdi. "Azərbaycan parlamentinin nakazı" adlanan
daxili nizamnamə aparatın işini təşkil edirdi.
"Parlament nakazı" Rusiya imperiyası Dövlət
Dumasının daxili nizamnaməsi əsasında təşkil
olunmuşdu. Azərbaycan parlamentində (Məclisi-Məbusanda)
sədrdən, birinci müavindən və fraksiya nümayəndələrindən
ibarət məşvərətçi orqan (Məsləhət
Şurası) formalaşdırılmışdı. Parlamentin
ilk iclaslarında mandat, reqlament və təsərrüfat
komissiyaları yaradılaraq onların tərkibinə
seçkilər keçirilmişdi.
Azərbaycan parlamentinin ilk
iclasında müttəfiq (Antanta) qoşunların komandanı
general Tomsonun şəxsi nümayəndəsi polkovnik
Kokkerelin, İranın baş konsulu Sədülvüzarənin,
Dağlılar Respublikası hökumətinin sədri
T.Çermoyevin, bu hökumətin Azərbaycan hökuməti
yanındakı təmsilçisi Qantamirovun, Gürcüstan
Respublikasının təmsilçisi Karstvadzenin iştirak etməsi
isə Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto
tanınması demək idi.
Cümhuriyyət parlamentinin
ilk iclasının yaddaqalan hadisələrindən biri də
"İttihad" fraksiyasından olan Q.Qarabəylinin siyasi məhbuslara
ümumi amnistiya verilməsi təklifi ilə
çıxış etməsi oldu. Bu məqsədlə 5 nəfərdən
ibarət işçi heyəti yaradıldı və "Azərbaycan
parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi"
adlanan ilk qanun qəbul olundu.
Parlamentin ilk iclaslarında
ayrı-ayrı partiyaların fraksiya və qrupları fəaliyyət
proqramları haqqında da bəyanatlar verirdilər. Bu bəyanatlarda
isə ümumi məqsədlər diqqəti cəlb edirdi: gənc
Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi
toxunulmazlığını, milli və siyasi
hüquqlarını qoruyub saxlamaq; Azərbaycan xalqının
və hökumətinin digər xalqlar və hökumətlərlə,
xüsusilə qonşu hökumətlərlə dostluq əlaqələrini
yaratmaq və möhkəmləndirmək; respublikada
hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək;
geniş sosial islahatlar həyata keçirmək; ölkəni
müdafiə edə biləcək güclü ordu yaratmaq.
Dövlət idarəçiliyi
formasına görə Azərbaycan Xalq Cümhuriyyəti
parlamentli respublika olduğu üçün dövlətin
idarə edilməsində parlamentin rolu çox böyük
idi. Cəmi 17 ay fəaliyyət göstərməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti
özünün yüksək işgüzarlıq qabiliyyətini
sübut etdi. Bu müddətdə Məclisi-Məbusanın
145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il
dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də
olmuşdur. Bu iclaslardan 15-i yetərsayın olmaması
üzündən baş tutmamış, 130 iclasda ölkənin
daxili, xarici siyasəti, iqtisadiyyat, maliyyə məsələləri,
qanunvericilik aktlarının müzakirəsi, qəbulu, ordu
quruculuğu və digər məsələlər müzakirə
olunmuşdur. Fəaliyyəti dövründə Azərbaycan
Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən
artıq qanun layihəsi çıxarılmış, onlardan
230-a yaxını təsdiq edilmişdir. Gənc müstəqil
respublikada cəmiyyət həyatının müxtəlif sahələrini
əhatə edən bu mükəmməl qanunlar
özünün mütərəqqiliyi, demokratik ruhlu
olması ilə fərqlənirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamenti öz mövcudluğu zamanı bütün fəaliyyətini
ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə,
ölkənin siyasi və ərazi toxunulmazlığını
təmin etməyə, vətəndaşların
hüquqlarını qorumağa, dövlətin demokratik və
hüquqi əsaslarını möhkəmləndirməyə,
Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, onun
xarici ölkələrlə, ilk növbədə yaxın
qonşuları ilə çoxşaxəli əlaqələrinin
genişlənməsinə yönəltmişdi. Parlamentdə
ümumilikdə 11 komissiya - maliyyə-büdcə,
qanunvericilik təklifləri, Müəssislər Məclisinə
seçkilər üzrə mərkəzi komissiya, mandat, hərbi,
aqrar məsələlər, sorğular, təsərrüfat,
sərəncamverici, ölkənin istehsal qüvvələrindən
istifadə üzərində nəzarət, redaksiya və fəhlə
məsələləri üzrə komissiyalar
formalaşdırılmışdı.
Azərbaycan Parlamentinin qəbul
etdiyi qanunların, qərarların hamısı müstəqil
ölkənin ilk qanun və qərarları olduğu
üçün çox əhəmiyyətli idi. Bu sırada
bəzi qanunların strateji önəmini də xüsusi
vurğulamaq lazım gəlir. "Vətəndaşlıq
haqqında", "Ümumi hərbi mükəlləfiyyət
haqqında", "Mətbuat haqqında", "Milli
Bankın təsisi haqqında", "Bakı Dövlət
Universitetinin yaradılması haqqında", Gömrük və
poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi
haqqında", "Məhkəmə qanunvericiliyi
haqqında" və digər qanunları göstərmək
olar.
Cümhuriyyət parlamentində
qəbul olunmuş bəzi qanun və bəyannamələr
insan hüquq və azadlıqlarının qorunmasına xidmət
edir, hər bir fərdin sosial mənafeyinin təminatına
yaxşı imkanlar yaradırdı. Məsələn,
"İşçi məsələsi"nə dair bəyannamə
ilə fəhlələrə 8 saatlıq iş
gününün müəyyən edilməsi, həftədə
bir günlük istirahətin verilməsi parlamentin vətəndaşların
əmək hüquqlarının qorunması məsələsinə
həssas münasibətini göstərirdi. Bəyannamə
işçilərin qanunla müəyyən edilmiş vaxtdan
artıq, eləcə də axşam saat 9-dan səhər saat
6-dək işlədilməsinə qadağa qoyurdu. 16
yaşına qədər yeniyetmələrin işləməsinin
qadağan olunması; 16 yaşından 18 yaşınadək gənclər
üçün 6 saatlıq iş gününün müəyyənləşdirilməsi;
qadınların zərərli işlərdə
çalışmasının yasaq olunması; hamilə
qadınlara doğuşdan əvvəl 4 həftə, sonra isə
6 həftə ərzində əvəzi ödənilməklə
məzuniyyətin verilməsi insan hüquqlarına yüksək
hörmətin bariz təcəssümü idi.
Demokratik və hüquqi
dövlət prinsiplərinə sadiq olan Azərbaycan Xalq
Cümhuriyyəti hakimiyyətlərin bölgüsü
prinsipinə də ciddi riayət edirdi. 1919-cu il yanvarın 25-də
parlamentdə qəbul edilmiş "Deputatlıq və məmurluq
haqqında" qanun bunu bir daha təsdiqləyir. Qanun hakimiyyətlərin
bölgüsü prinsipinə əsaslanmaqla, qanunverici və
icraedici hakimiyyətlərin bir-birindən ayrılmasına,
müstəqilliyinə imkan yaradırdı. Qanun nazirlərdən
başqa, bütün hakimiyyət məmurlarına hər iki
hakimiyyət qolunda təmsilçiliyi qadağan edirdi. Digər
peşə sahibləri - təhsil işçiləri, həkimlər
bu sırada istisnalıq təşkil edirdilər. Qanunların
dərc olunduğu gündən qüvvəyə minməsi
prinsipi də məhz "Deputatlıq və məmurluq
haqqında" qanunla tənzimlənirdi.
Cümhuriyyət parlamenti fəaliyyətində
xalq maarifinin inkişafı məsələlərinə də
xüsusi yer ayırırdı. Maarif işinin yüksək səviyyədə
təşkili, tədris və teatr-tamaşa müəssisələrinin
milliləşdirilməsi, yeni tədris müəssisələrinin
açılması, orada dərs deyən müəllimlərin
maddi vəziyyətinin yaxşılaşdırılması məsələləri
Məclisi-Məbusanın diqqət mərkəzində idi.
Xüsusilə də Bakı Dövlət Universitetinin
açılıb-açılmaması məsələsi bir
neçə ay müddətində qızğın
müzakirəyə səbəb olmuş, bununla bağlı dəfələrlə
ciddi mübahisələr getmişdi. Bəzi deputatlar
universitetdə dərs demək üçün yüksək
ixtisaslı milli kadrların olmaması səbəbindən
universitetin rus dilində açılması təklifi ilə
çıxış edirdilər. Bununla bağlı əsasən
"İttihad" və "Əhrar" partiyalarından
olan nümayəndələr təkliflər irəli
sürürdülər. Onlar universitetin rus dilində
açılmasını Azərbaycanda ruslaşdırma siyasətinin
davam etdirilməsi kimi başa düşürdülər.
"Müsavat" və sosialistlər fraksiyasından olan
deputatlar isə universitetin rus dilində
açılmasının heç bir təhlükə
törətmədiyini bildirir, universitetə daha çox azərbaycanlı
tələbələrin cəlb olunmasını, onların
milli kadrlar kimi yetişdirilməsi və bu yolla universitetdə
təhsilin tədricən azərbaycanlılaşdırılmasının
vacibliyini önə çəkirdilər.
"Bakı Universitetinin təşkil
olunması haqqında" qanun layihəsi parlamentin
üç iclasında - avqustun 21-də birinci, avqustun 25-də
ikinci və sentyabrın 1-də üçüncü
oxunuşdan keçərək təsdiq edilmişdi. Parlamentlə
yanaşı, Azərbaycan hökuməti də universitetin
maddi-texniki təchizatı, pedaqoji kadrların cəlb
olunması, müvafiq binaların ayrılması
üçün bütün tədbirləri
görmüşdü. Universitetin yarandığı 1919-cu
ildə akademik səviyyədə təhsil almış azərbaycanlıların
sayı barmaqla sayılacaq qədər az idi. Onların da
istisnasız olaraq hamısı xaricdə - xüsusilə
Rusiyada, Fransada, Almaniyada, İtaliya və İngiltərədə
təhsil almışdı. Bundan əlavə, o dövrdə
Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi vəziyyət son
dərəcə mürəkkəb idi. Belə bir şəraitdə
ali təhsil ocağı yaratmaq fikrinə düşməyin
özü də çətin və perspektivsiz
görünürdü. Bununla belə, xalqın elmə, təhsilə
olan güclü meyli Bakı Dövlət Universitetinin
yaranması ilə nəticələndi.
Azərbaycanda elm və təhsilin
inkişafı, milli kadrların yetişdirilməsi
üçün xarici ölkələrin müxtəlif ali məktəblərində
təhsil almaq üçün azərbaycanlı tələbələrinin
xaricə göndərilməsi sahəsində də
Cümhuriyyət Parlamenti və hökuməti mühüm
işlər görmüşdü. Azərbaycan hökumətinin
100 nəfər azərbaycanlı gənci xarici ali məktəblərdə
təhsil almaq üçün dövlət hesabına xarici
ölkələrə göndərmək haqqında hazırlanmış
qanun layihəsi parlamentdə geniş müzakirə edilərək
qəbul olunmuşdu. 1919-cu il sentyabrın 1-də Azərbaycan
parlamenti xaricə göndərilən tələbələr
üçün 7 milyon rubl vəsait ayrılması
haqqında qərar çıxarmışdı. Xaricə
göndəriləcək tələbələri seçmək
üçün parlament üzvləri - Məmməd Əmin
Rəsulzadə, Mehdi bəy Hacinski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyevdən
ibarət xüsusi komissiya yaradılmışdı.
1919-1920-ci tədris ilində cəmi 100 abituriyent və tələbənin
xaricə göndərilməsi nəzərdə tutulmuşdu.
Abituriyentlər arasından seçilmiş yüz nəfər
daha çox ümidverici gəncdən 45 nəfəri
Fransanın, 23 nəfəri İtaliyanın, 10 nəfəri
İngiltərənin, 9 nəfəri isə Türkiyənin
müxtəlif ali məktəblərinə göndərilmişdi.
Rusiyada təhsil almaq üçün göndərilməsi nəzərdə
tutulan 13 nəfər gənc Rusiyada vətəndaş
müharibəsinin davam etməsi ilə əlaqədar olaraq
oraya gedə bilməmişdi. Avropaya göndərilən gənclərin
hər birinə 1000 frank yol xərci və 400 frank hər ay vəsait
ayrılması nəzərdə tutulurdu.
Cümhuriyyətin parlamenti və
hökuməti 1918-ci il mart soyqırımının da təhqiqatının
aparılmasını diqqətdə saxlayaraq bununla
bağlı Fövqəladə Təhqiqat Komissiyası
yaratmışdı. O dövrdə qarşıda duran
başlıca vəzifələrdən biri də Azərbaycanın
istiqlaliyyətinin beynəlxalq aləmdə tanınmasına
nail olmaqdan ibarət idi. Bunun üçün hələ
1918-ci ilin yayında M.Ə.Rəsulzadənin rəhbərliyi
ilə İstanbula nümayəndə heyəti göndərilmiş,
sentyabrında isə Ə.M.Topçubaşov da onlara
qoşulmuşdu. Bu nümayəndələrin məqsədi
İstanbulda olan xarici ölkələrin diplomatik nümayəndəliklərinin
vasitəsi ilə həmin ölkələrlə əlaqələr
yaratmaq və onlar tərəfindən Azərbaycanın
müstəqilliyinin tanınmasına nail olmaq idi. Lakin 1918-ci
ilin payızında Almaniyanın və onun müttəfiqlərinin
I Dünya müharibəsində məğlub olması vəziyyəti
çətinləşdirirdi.
1918-ci il oktyabrın 30-da
Türkiyə ilə İngiltərə arasında bağlanan
"Mudros" sazişinə görə türklər
Zaqafqaziyanı, o cümlədən Azərbaycanı tərk
etməli oldular. Onların yerini general Tomson başda olmaqla
ingilis qoşunları tutdu. Azərbaycan hökuməti, eləcə
də parlament respublikanın müstəqilliyinin
1920-ci il aprelin 22-də Azərbaycan
Cümhuriyyəti Parlamenti süqutundan beş gün əvvəl
Paris Sülh konfransında missiyasını uğurla yerinə
yetirmiş nümayəndə heyətini buraxmaq, Qərbi
Avropa ölkələrində (İngiltərə, Fransa,
İtaliya, İsveçrə, Polşa) və ABŞ-da diplomatik
nümayəndəliklər açmaq haqqında qanun qəbul
etdi. Müzakirələr zamanı sosialistlər blokundan olan
deputatlar Almaniya və Azərbaycan hökumətinin
bütün ciddi səylərinə baxmayaraq, onu de-fakto belə
tanımayan Sovet Rusiyasında da nümayəndəliklərin
açılmasını təkid edərək buna nail oldular.
1918-ci ilin 28 mayında
müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən
obyektiv və subyektiv səbəblərdən bu nemətin
şirinliyini uzun müddət dada bilmədi: milli hökumət
1920-ci ilin 28 aprelində bolşevik qaragüruhu tərəfindən
devrildi, ölkə işğala məruz qaldı. Xalqın
şüurunda dərin iz salmış milli müstəqillik və
dövlətçilik amalı növbəti dəfə
amansızlıqla boğuldu, respublikamız uzun illər sovet
imperiyasının ideoloji buxovları altında fəaliyyət
göstərməyə məcbur oldu.
70 il totalitar rejimin
ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan
xalqının qəlbində bir müstəqil dövlətçilik
idealı kök salmışdı. Ötən əsrin
60-cı illərinin sonunda Azərbaycanda siyasi hakimiyyətə
irəli çəkilən ulu öndər Heydər Əliyev
ilk gündən həyata keçirdiyi tədbirlərlə
xalqın gələcək müstəqilliyinə iqtisadi,
siyasi və hüquqi zəmin hazırlamağa
çalışmış, bu məqsədlə
genişmiqyaslı tədbirlər həyata
keçirmişdir. Ümummilli lider həmin illərdə
müstəqil Azərbaycan üçün möhkəm
siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi
parlamentarizm ənənələrinin də əsasını
qoymuş, yüksək siyasi iradə göstərərək
qanunverici orqanın xalqın milli maraqlarına uyğun
çevik və işlək fəaliyyətini təmin
etmişdir. Ötən əsrin 50-60-cı illərində
respublikada milli-mənəvi dirçəliş istiqamətində
müəyyən ehtiyatlı addımlar atılsa da, bu sahədə
kompleks tədbirlər məhz Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçildiyi vaxtdan başlanmışdır. Ümummilli lider
böyük hakimiyyət ustadı kimi bütün dövlət
hakimiyyəti orqanlarının, o cümlədən parlamentin
işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə,
milli dirçəliş siyasətinin reallaşmasına
yönəltmişdir. Xüsusi xatırlatmaq lazımdır
ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli
bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin
birinci dövründə - keçmiş ittifaqda analoqu olmayan
memarlıq üslubunda inşa edilmişdir.
1991-ci ildə Azərbaycan
özünün dövlət müstəqilliyini elan etsə
də, bu, əslində, formal xarakter daşımış,
yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi
ilə Azərbaycan cəmiyyətində dövlətçilik
ideyalarının bərqərar olması fundamental mahiyyət
kəsb etməyə başlamışdır. Bu mərhələdən
etibarən respublikada müstəqil dövlət təsisatları
formalaşmış, ilk müstəqil milli Konstitusiya qəbul
olunmuş, parlamentə ilk seçkilər
keçirilmişdir. Bütün bunlar respublikamızın
demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni
mərhələnin əsasını qoymuşdur.
Böyük strateq Heydər Əliyevin lider və şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu strateji siyasi kursun davamlılığını təmin etməsilə şərtlənir. 2003-cü ilin 15 oktyabrında xalqın iradəsilə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev parlamentin ölkə həyatındakı rolunu yüksək dəyərləndirmiş, onun maddi-texniki bazasının yeniləşməsi, iş üsul və vasitələrinin müasirləşdirilməsi prosesinə öz töhfəsini vermişdir. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası əsaslı şəkildə ən müasir səviyyədə təmir edilmiş, infrastrukturu yeniləşdirilmiş, bir sözlə, deputatların səmərəli və normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. 2008-ci ildə Azərbaycan Parlamentinin yaranmasının 90-cı ildönümü təntənəli şəkildə qeyd olunmuş, bu əlamətdar tədbirdə dərin nitq söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin hüquq dövlət quruculuğu sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
2010-cu ilin noyabrında keçirilmiş seçkilər nəticəsində formalaşmış IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev demişdir: "Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir".
Bütün bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış parlamentarizm ənənələri keyfiyyətcə yeni mərhələdə yaşayır, inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə töhfə verir. Heydər Əliyevin dövlətçilik ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa çalışır, habelə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini verir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.-27 may.- S. 4.