Prezident Kitabxanasında
"Tarix.gov.az" portalı
təqdim edilmişdir
Mayın 26-da Prezident Kitabxanasında Azərbaycan
Milli Elmlər Akademiyası A.A.Bakıxanov
adına Tarix İnstitutunun "Tarix.gov.az"
portalının təqdimatı
olmuşdur. AzərTAc
xəbər verir ki, tədbirdə çıxış edən
Prezident Kitabxanasının
direktoru Mayıl Əhmədov 28 May - Respublika Günü ərəfəsində istifadəyə
verilən portalın tariximizin öyrənilməsi
baxımından əhəmiyyətini
vurğulamışdır.
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov portalın yaradılmasının
Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünün
geniş qeyd edilməsi ilə bağlı dövlətimizin
başçısının akademiya qarşısında
qoyduğu vəzifələrin
həyata keçirilməsinin
başlanğıcı olduğunu
demişdir. Qeyd etmişdir ki, tariximizin araşdırılması,
təbliği istiqamətində
institutun gərgin fəaliyyəti AMEA-nın
rəhbərliyi ilə
yanaşı, geniş
ölkə ictimaiyyəti
tərəfindən də
yüksək qiymətləndirilir.
Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov portal haqqında təqdimatla çıxış
etmişdir. Akademiyanın illik hesabat yığıncağında dövlətimizin
başçısı İlham
Əliyevin institutun fəaliyyətini yüksək
qiymətləndirdiyini xatırladan
natiq vurğulamışdır
ki, yeni elektron resursun istifadəyə verilməsi
ermənilərin işğalçılıq
siyasətinə qarşı
informasiya müharibəsində
mühüm əhəmiyyət
kəsb edir. Saytın məqsədi ermənilərin
Qafqazda ən qədim xalq olmaları ilə bağlı uydurmaları ifşa etməkdir. Yaxın gələcəkdə
biz Azərbaycanın ərazisini işğal edən vandallara bununla ciddi zərbə
vuraraq dünya ictimaiyyətinə erməni
yalanları barədə
əsl həqiqətləri
çatdıracağıq. Azərbaycan, ingilis və rus dillərində
fəaliyyət göstərən
portalın əsas devizi xalqımızın ümummilli lideri Heydər Əliyevin "Tarix həmişə hər şeyi öz yerinə qoyur" kəlamıdır.
Xalqımızın beş min illik dövlətçilik
tarixini özündə
əks etdirən portala ulu öndər
Heydər Əliyev, Prezident İlham Əliyev, dövlət atributları, soyqırımları,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
və işğal olunmuş rayonlar ilə bağlı materiallar, arxiv sənədləri, Azərbaycanın bütün qədim xəritələri,
institutun çap etdirdiyi 80-dək ədəbiyyat,
o cümlədən
"İrəvan xanlığı",
"Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan"
və s. əsərlər daxil edilmişdir. Bundan əlavə, saytın fotoqalereya bölməsində
Azərbaycanın Qafqaz
regionunda ən qədim xalq olduğunu sübut edən, eyni zamanda, ermənilər tərəfindən dağıdılmış
tarixi abidələrimizin
şəkilləri yerləşdirilmişdir.
Azərbaycanla bağlı
60-dək xəritə, tamamlanmamış
tədqiqatlar, tariximizə
dair yüzlərlə
kitabın elektron variantı da tezliklə portala əlavə olunacaqdır.
Qeyd edək ki, portalda,
həmçinin AMEA Tarix
İnstitutu haqqında
ümumi məlumat, o cümlədən institutun strukturu, aparılan tədqiqatların
əsas istiqamətləri,
dissertasiyalar, quruma əvvəlki illərdə
rəhbərlik etmiş
alimlər haqqında ətraflı məlumat verilmişdir.
Azərbaycan.- 2011.-27 may.- S. 5.