ABŞ, Rusiya və Fransa prezidentləri
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
dair birgə bəyanatla çıxış etmişlər
"Böyük səkkizlik" ölkələrinin Fransanın Dovil şəhərində keçirilən sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatla çıxış etmişlər.
Barak Obama, Nikola Sarkozi və Dmitri Medvedev Ermənistan və Azərbaycan liderlərini "iyun ayında keçiriləcək Ermənistan-Azərbaycan sammitində siyasi əzmkarlıq nümayiş etdirməyə və Əsas Prinsipləri (Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsipləri) üzərində işi tamamlamağa" çağırmışlar.
Bəyanatda deyilir: "Razılaşma əldə ediləndən sonra biz bu prinsiplərin rəsmən qəbul edilməsini təsdiqləməyə, sülh sazişinin işlənib hazırlanmasına kömək etməyə və sonra beynəlxalq tərəfdaşlarımızla birlikdə həmin sazişin yerinə yetirilməsini dəstəkləməyə hazırıq. Biz təsdiq edirik ki, yalnız danışıqlar yolu ilə tənzimləmə regional inkişaf və əməkdaşlıq üçün imkanlar üzə çıxarmaqla sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər".
ABŞ, Fransa və Rusiya prezidentləri əmin olduqlarını bildirmişlər ki, "Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dinc tənzimləmə istiqamətində addım atmasının vaxtı çatmışdır".
Minsk qrupunun həmsədrləri olan üç dövlətin başçıları Ermənistan və Azərbaycan liderlərini israrla "əhalini müharibəyə deyil, sülhə hazırlamağa" çağırmışlar.
Prezidentlər demişlər: "Tərəflərin, eləcə də həmsədr ölkələrin bütün səviyyələrdə səyləri nəticəsində mühüm irəliləyiş əldə edilmişdir". Birgə bəyanatda deyilir: "Əsas prinsiplərin bu il martın 5-də Soçidə müzakirə edilmiş sonuncu versiyası geniş əhatəli dinc tənzimlənmənin hazırlanması üçün ədalətli və tarazlaşdırılmış təməl yaradır".
AzərTAc
Azərbaycan.- 2011.-27 may.- S. 5.