"Eurovision-2011" müsabiqəsində ən çox tamaşaçı səsini Azərbaycan təmsilçiləri qazanmışlar

 

Avropa Yayım Birliyi (EBU) "Eurovision-2011" mahnı müsabiqəsi ilə bağlı münsiflər heyətinin və tamaşaçıların səsverməsini rəsmən açıqlamışdır.

AzərTAc müsabiqənin rəsmi internet saytına istinadla xəbər verir ki, "Eurovision-2011" müsabiqəsində tamaşaçı səsverməsinə görə ən çox balı Azərbaycan (223), münsiflər heyətinin səsverməsinə görə isə ən çox balı İtaliya (251) qazanmışdır. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal münsiflərdən 182 bal almışlar. Bu nəticədən məlum olur ki, Azərbaycan məhz tamaşaçıların səsləri hesabına birincilik qazanmışdır. Azərbaycan ümumi hesablamalardan sonra 221 xalla 56-cı "Eurovision" müsabiqəsinin qalibi elan edilmişdir.

Münsiflərdən yüksək bal alan ölkələr arasında Sloveniya (160), Avstriya (145), İrlandiya (119), Ukrayna (117), Serbiya (111), Gürcüstan (110), İsveç (106) və Almaniyanın (104) da adları vardır. Mayın 14-də keçirilən final mərhələsində münsiflərdən ən az balı Rusiya təmsilçisi Aleksey Vorobyov almışdır. Münsiflər rusiyalı ifaçıya cəmi 25 bal vermişlər. İspaniya isə münsiflərdən 38 bal qazanmışdır. "Eurovision-2011" müsabiqəsində tamaşaçılardan ən aşağı balı İsveçrə almışdır. Tamaşaçılar İsveçrə təmsilçisinə 2 bal verməklə kifayətlənmişlər. Münsiflərdən 53 bal alan İsveçrə ümumi hesablamalardan sonra 19 balla builki müsabiqənin sonuncusu olmuşdur.

Səsvermə hər zaman olduğu kimi, bu il də Almaniyanın "Digame" şirkəti tərəfindən hesablanmışdır.

 

 

Azərbaycan.- 2011.-27 may.- S. 5.