Yazıçı-publisist Elmira Axundovanın "Dostlarımın gözəl çöhrəsi" kitabının təqdimatı olmuşdur

 

Mayın 26-da Milli Məclisin deputatı, əməkdar jurnalist, yazıçı-publisist Elmira Axundovanın "Dostlarımın gözəl çöhrəsi" (rus dilində) kitabının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Jalə Əliyeva kitaba tanınmış publisistin dövlət, incəsənət, mədəniyyət, ictimai xadimlər haqqında qələmə aldığı ədəbi portretlər, bədii rəylər, esselər və analitik məqalələrin daxil edildiyini bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, müəllifin bu yazıları müxtəlif vaxtlarda Azərbaycanın və xarici ölkələrin mətbuat orqanlarında işıq üzü görmüşdür. Kitabda Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, görkəmli jurnalist Nəsir İmanquliyev, ictimai xadimlər Rzaqulu Quliyev, Rafiq Xələfov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, qazax şairi və mütəfəkkiri Oljas Süleymenov, dünya şöhrətli müğənni Müslüm Maqomayev, yazıçılar Anar, Çingiz Abdullayev, AzərTAc-ın baş direktoru Aslan Aslanov və digər sənət və qələm ustalarının ədəbi-siyasi portretləri təqdim edilir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar müəllifin yaradıcılığına yüksək qiymət verərək, onun ilk növbədə, yazıçı olduğunu vurğulayaraq demişdir: "Elmira Axundova jurnalist, ədəbi tənqidçi, publisist kimi təqdim olunsa da o, ilk növbədə yazıçıdır. O, bədii nəsrin ustasıdır. E.Axundovanın müəllifi olduğu ədəbi portretlər elə böyük nasir məharəti ilə yazılmışdır ki, onları bədii əsər kimi qiymətləndirmək olar". AYB-in sədri, eyni zamanda, Elmira Axundovanın kitabının bugünkü təqdimatının onun doğum gününə təsadüf etdiyini də qonaqların diqqətinə çatdıraraq müəllifi təbrik etmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək Elmira Axundovanı kitabın təqdimatı və doğum günü münasibətilə Prezident Administrasiyası adından təbrik etmişdir. O, yazıçı-publisist E.Axundovanın yeni kitabını dostluğa olan hörmətin bariz nümunəsi adlandıraraq müəllifin tanınmış şəxsiyyətlərin ədəbi və siyasi portretlərini yaratmaqla yanaşı, onları sadə insanlara çox yaxınlaşdırdığını qeyd etmışdır. E.Aslanov vurğulamışdır ki, müəllifin Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında qələmə aldığı fikirlər sadəliyi və ifadə gözəlliyi ilə seçilir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, tanınmış modelyer Fəxriyyə Xələfova və başqaları Elmira Axundovanın çoxşaxəli yaradıcılığından danışmış, ona yeni yaradıcılıq uğurları arzulamışlar.

Mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Elmira Axundova sayca 11-ci olan bu kitabında son 7 ildə özünə dost və yaxın bildiyi insanlar haqqında bədii janrda yazdığı məqalələrin yer aldığını vurğulamışdır. Publisist yeni kitabını Azərbaycanın görkəmli şəxsiyyətlərinin kollektiv portreti kimi səciyyələndirmişdir. Müəllif bildirmişdir ki, kitabdakı məqalələr rus dilində dərc olunduğu üçün bu dildə işıq üzü görmüşdür. Tezliklə kitab Azərbaycan dilinə tərcümə edilərək oxuculara təqdim olunacaqdır.

Yazıçı, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 6 cildlik "Heydər Əliyev: şəxsiyyət və zaman" roman-tədqiqatı üzərində işi davam etdirdiyini demişdir. Bildirmişdir ki, gələn il kitabın 5-ci və 6-cı cildlərinin təqdimatının keçirilməsi planlaşdırılır.

 

 

Azərbaycan.- 2011.-27 may.- S.6.