Məqsəd yüksək
ixtisaslı kadrlar hazırlamaqdır
Zəngin elmi-pedaqoji ənənələrə malik Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ölkəmizdə təhsilin inkişafına sanballı töhfələr vermişdir. Bu ali məktəbin iqtisadiyyatın ən müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərini, cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev ötən il "Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamda vurğulanmışdır ki, ADİU ölkənin aparıcı və potensial gücə malik ali məktəblərindən biridir.
Yarandığı gündən ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması, onların ixtisaslarının artırılması missiyasını öz üzərinə götürən, həm də bu işi şərəflə yerinə yetirən universitet ötən illər ərzində böyük yeniliklər əldə etmişdir. Bu gün respublikamızın aparıcı iqtisadi təhsil ocağı kimi universitetin beynəlxalq aləmdəki nüfuzu daha da artır. Təkcə 2006-cı ildə ADİU-nun beş nüfuzlu beynəlxalq təşkilatın ən önəmli mükafatlarına layiq görülməsi bunun bariz nümunəsidir. Hazırda professor-müəllim heyətinin tərkibinə, tələbə kontingentinin, magistrlərin sayına və maddi-texniki bazasına görə təhsil ocağı Cənubi Qafqaz regionunun və Azərbaycanın ən iri dövlət ali məktəblərindən biri olaraq tanınır və qəbul edilir. Universitetdə AMEA-nın müxbir və həqiqi üzvləri, Milli Məclisin deputatları, əməkdar müəllim və elm xadimləri, böyük təcrübəyə malik alimlər, tanınmış professorlar çalışırlar. ADİU-nun hər bir əməkdaşı öz fəaliyyətində ulu öndərin unudulmaz "Mən Yer üzündə müəllim adından şərəfli ad tanımıram!" kəlamını hər an xatırlayır.
Onilliklərlə qazanılmış təcrübəyə uyğun olaraq universitetdə milli və beynəlxalq təhsil sistemində baş verən dəyişikliklərə adekvat reaksiya göstərilir və yeniliklərin tətbiqinə yüksək həssaslıqla yanaşılır. İqtisad Universiteti Bolonya prosesi çərçivəsində Avropanın aparıcı ali məktəbləri ilə əməkdaşlığı mütəmadi olaraq genişləndirir, təhsil sisteminin və elmin inkişafına yönəldilmiş layihələrin reallaşdırılmasında ən təşəbbüskar mövqe tutmağı daim ön plana çəkir. Burada tədris intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların səviyyəsinin yüksəldilməsi, həmçinin müəllimlərin və tələbələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün hər cür şərait yaradılıb. Dünyadakı qlobal iqtisadi problemlərlə daha yaxından tanış olmaq və tədrisin səviyyəsini yüksəldib beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə ali məktəb internet sisteminə qoşulub. Burada müasir standartlara uyğun aparılan elmi araşdırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir. Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyatın bütün sahələrini təmin etmək üçün yüksək səviyyəli, peşəkar kadrlar hazırlayan yeganə ali məktəbdir. Təhsil ocağında iqtisadiyyat, biznesin idarə edilməsi, dünya iqtisadiyyatı, kommersiya, mühasibat uçotu və audit, sənayenin təşkili və idarə olunması, menecment, maliyyə, turizm və otelçilik, marketinq, dövlət və bələdiyyə idarəetməsi, dizayn və başqa ixtisaslar üzrə kadrlar hazırlanır.
Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq təhsil sistemində nüfuzunun günü-gündən artması bu qocaman ali məktəbdə oxumaq istəyən xarici tələbələrin sayının ilbəil artmasına da səbəb olmuşdur. Hazırda burada dünyanın 12 ölkəsindən 850-dən artıq bakalavr və magistrantlar təhsil alırlar.
Universitetin alimləri müasir iqtisadiyyat elminin ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə geniş imkanlar açır. Həmçinin universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olub. Bu sırada Fransanın Monpelye I, Türkiyənin Mərmərə, Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belarusun dövlət universitetləri, Bonn Universiteti, Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək olar.
ADİU "Soros", "Tasis", "Tempus" və digər beynəlxaq proqramların fəal iştirakçısıdır. Xarici ölkələrin ali təhsil müəssisələri ilə universitetin müəllim-tələbə heyəti arasında təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı kadr hazırlığına böyük önəm verilir. İndi Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyədən, Livandan, Suriyadan, İordaniyadan, Yəməndən, Rusiyadan və Türkmənistandan xeyli tələbə təhsil alır.
Sevindirici hal odur ki, ADİU-nu müxtəlif illərdə bitirib respublikamızda yüksək və məsul vəzifə tutan məzunlar universitet kollektivi ilə daim sıx əlaqə saxlayırlar. Onlar təhsil aldıqları elm ocağını heç vaxt unutmur, onun təşkil etdiyi mötəbər tədbirlərə qatılır, universitetin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində qayğılarını əsirgəmirlər.
İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mərkəzi Bankın təşəbbüsü və yaxından köməyi ilə ixtisaslaşdırılmış auditoriyaların yaradılması, onların müasir tədris vəsaitləri və texnologiyalarla təchiz olunması tələbələrin, eləcə də professor-müəllim heyətinin böyük rəğbətinə səbəb olur, həm də tədris prosesinin keyfiyyətinin daha da yüksəlməsinə əhəmiyyətli təsir göstərir. Ən başlıcası odur ki, məzunlarımız arasında seçdikləri ixtisasın perspektivinə ümid və inam daha da artır. Müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlərin həmin nazirliklərin mərkəzi idarələrinin yerli qurumlarında istehsalat və ixtisas təcrübələrinin təşkili onların nəzəri biliklərinin möhkəmləndirilməsində, praktiki vərdişlər əldə etməsində əhəmiyyətli rol oynayır.
Universitetdə tədris edilən ixtisasların siyahısına dövrü olaraq yenidən baxılır və müasir tələblərə uyğunlaşdırılır. Hər bir tədris ilinin sonunda nazirliklərin, komitələrin, bankların, sığorta və digər təşkilatların iştirakı, daha doğrusu, təqdim etdiyi vakant vəzifələr üzrə "Məzun yarmarkası"nın keçirilməsi də demək olar ki, sistemli xarakter daşıyır. Bu da təhsil aldığı müddət ərzində daha yüksək nəticələr əldə etmiş bakalavr və magistrlərin işlə təmin olunmasında əhəmiyyətli rol oynayır. Onu da qeyd etmək lazımdır ki, məzunlarımız dövlət qulluğu üzrə keçirilən müsabiqələrdə də universiteti layiqincə təmsil edirlər. Ona görə də dövlət və özəl təşkilatlarda məsul vəzifələrə keçən ADİU-nun məzunlarının sayı ilbəil artır. Bu isə ADİU-da təlim-tərbiyə və tədris prosesinin yüksək səviyyədə təşkil olunmasının, onun müasir texnologiya və elmi yeniliklər əsasında idarə edilməsinin, həmçinin ardıcıl olaraq qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasının nəticəsi kimi qiymətləndirilməlidir.
Xüsusi qeyd etmək lazımdır ki, ADİU-da istər təlim-tərbiyə və elmi nailiyyətlərin qazanılmasında, istərsə də kommunikasiya və quruculuq işlərində əldə edilən nailiyyətlər son illərdə olduqca intensiv surətdə artır.
ADİU-nun professor-müəllim heyəti bütün tələbə kollektivi ilə birlikdə ölkədə baş verən ictimai və mədəni proseslərdə yaxından iştirak edir, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün çağırışlarına həmrəylik nümunəsi göstərir. Respublika rəhbərliyinin təşəbbüs və dəstəyi ilə ölkədə idmanın inkişafı istiqamətində görülən tədbirlər universitet kollektivinin böyük marağına səbəb olmuşdur. Ali təhsil ocağının qızlardan ibarət "İqtisadçı" voleybol klubu ölkə çempionatında və beynəlxalq turnirlərdə uğurla çıxış edir. Hər fakültələrarası və universitetlərarası futbol yarışlarında tələbə komandalarımız yüksək nəticələr göstərirlər. Təhsil ocağında idmanın inkişafı istiqamətində ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilir.
ADİU-nun müxtəlif fakültələrində yaradılan komandalar teleşirkətlər tərəfindən təşkil olunan intellektual oyun və yarışlarda fəal iştirak edirlər. İndiyə qədər tədris ocağının tələbələri dəfələrlə "Mən azərbaycanlıyam", "Virtual Rinq", "Şən və hazırcavablar klubu" və digər müsabiqələrdə birincilik əldə etmişlər.
Hazırda universitetin bütün tədris korpuslarında auditoriyaların və tədris laboratoriyalarının günün tələbləri səviyyəsində müasir texniki vasitələrlə təchiz olunması, idman zallarının yeniləşdirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Ümumilikdə, ADİU üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəlir, ölkə rəhbərliyinin diqqət və qayğısını yüksək səviyyədə dəyərləndirir, etimada layiq olmağa çalışır. Məqsədimiz Azərbaycanın milli iqtisadiyyatının idarə edilməsi üçün yüksək ixtisaslı, peşəkar kadrlar hazırlamaqdır.
Xanhüseyn KAZIMLI,
ADİU-nun Qiymət və
qiymətləndirmə
kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.-27 may.- S. 6.