Qanunun aliliyi demokratiyanın mühüm şərtidir

 

Bu gün ölkəmizin ən mühüm, ağrılı problemi Qarabağ məsələsidir. Problemin doğurduğu böyük fəsadlardan biri isə elindən-obasından didərgin düşmüş, yaxınlarını itirmiş, hər cür məhrumiyyətlərə qatlaşmış 1 milyona yaxın qaçqın və məcburi köçkündür. Bu insanların illərlə qazandığı var-dövləti, əkib-becərdiyi torpağı əllərindən alınıb, yaşayış məskənləri dağıdılıb. Onlar qışın şaxtalı günlərində, yayın qızmarında çadırlarda, qamış evlərdə, ən yaxşı halda isə yarıuçuq qeyri-yaşayış sahələrində yaşayıblar. Bu şəraitdə uşaq dünyaya gətirib, övlad böyüdüb, ölənlərinə yas tutublar.

Bəli, doğrudan da, elə bir şəxs olmaz ki, bu vəziyyəti başa düşməsin, qaçqınların və məcburi köçkünlərin dərdini anlamasın, onların keçirdiyi hisslərə şərik olmasın.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ölkəmizdə daim diqqət mərkəzində olmuş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Onların hüquqlarının qorunması, müvəqqəti məskunlaşdıqları sahələrdən çıxarılmasının qarşısının alınması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən 17.08.1998-ci il tarixli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 01.07.2004-cü il tarixli sərəncamlar imzalanmışdır.

17.08.1998-ci il tarixli sərəncamda məcburi köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin dayandırılması, 01.07.2004-cü il tarixli sərəncamda isə məcburi köçkünlərin öz doğma yurdlarına, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət öz bəhrəsini verməyə başlayan vaxtdan ilk maliyyə imkanları məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş, bu məqsədlə ayrılmış vəsaitlər hesabına 2001-2003-cü illərdə 18 şəhər və rayonda 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırılmış və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən 5-i ləğv edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə" Dövlət Proqramı və 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş həmin Dövlət Proqramına "Əlavələr" qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Adıçəkilən Dövlət Proqramının və "Əlavələr"in icrası nəticəsində ölkəmizdə mövcud olan bütün çadır düşərgələrinin ləğvi 2007-ci ilin dekabrında başa çatdırılmışdır. Nəticədə, çadır düşərgələrində müvəqqəti məskunlaşmış 11843 məcburi köçkün ailəsi, vaqonlarda məskunlaşmış 1407 məcburi köçkün ailəsi, fin tipli evlərdə, sanatoriyalarda, yataqxanalarda, turist bazalarında məskunlaşmış 6750 məcburi köçkün ailəsi yeni inşa edilmiş fərdi yaşayış evlərinə köçürülmüşlər.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamı ilə 2011-2015-ci illər ərzində ali təhsil müəssisələrinin yataqxanalarında, peşə ixtisası təhsili müəssisələrinin inzibati binalarında, sanatoriyalarda, qəzalı vəziyyətdə olan binalarda, yeraltı qazma və daxmalarda, yataqxanalarda, Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış cəmi 29.697 ailə, 115.817 nəfər məcburi köçkün üçün qəsəbə və hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar problemin həqiqətən böyük olduğundan onun aradan qaldırılması üçün məqsədyönlü, ardıcıl tədbirlərin həyata keçirilməsindən, yaxın gələcəkdə həllinin tam reallaşacağından xəbər verir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildə Avropa Şurasının üzvlüyünə qəbul edilmiş və bununla bağlı 15 aprel 2002-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etmişdir. Azərbaycanın həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Huquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını, 32-ci maddəsi isə onların presedent əhəmiyyətinə malik olmasına təsbit edir. Milli məhkəmələr üçün Avropa Məhkəməsinin presedentlərinin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. Mülkiyyətin qorunması və ondan mülkiyyətçi tərəfindən maneəsiz istifadə edilməsi ilə bağlı Avropa Məhkəməsinin mövqeyi isə ondan ibarətdir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yəni, sadə dildə ifadə etsək, hər bir şəxsin mülkiyyət hüququ hər cür pozuntulardan qorunmalı, həmçinin mülkiyyətçinin razılığı olmadan onun daşınmaz əmlakından (o cümlədən mənzilindən) istifadəyə yol verilməməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Marks Belçikaya qarşı" işdə, "Sporronq və Lonnpot İsveçə qarşı" işdə müvafiq qərarlar çıxararaq məhz insanların mülkiyyət hüququnun qorunmasını ön plana çəkmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, məcburi köçkün statusuna malik olan şəxsin özgəsinə mülkiyyət hüququ əsasında məxsus olan evi qeyri-müəyyən müddətə zəbt etməsi ictimai maraq tələbləri ilə ayrı-ay\rı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Bununla bağlı bir misalı diqqətə çatdırmaq istərdik. Azərbaycan vətəndaşının Avropa Məhkəməsinə müraciəti üzrə ötən il çıxarılmış qərardan məlum olur ki, həmin şəxsə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında yeni tikilmiş yaşayış binasındakı mənzilə order verilmişdir. Lakin həmin mənzildə məcburi köçkün M. və onun ailə üzvləri məskunlaşırlar. M. mənzili könüllü olaraq boşaltmadığına görə mülkiyyətçi məhkəmədə iddia qaldırmışdır.

Məhkəmənin qətnaməsi ilə mövcud qanunvericilik, o cümlədən Avropa Məhkəməsinin presedentləri əsas götürülməklə iddia təmin edilmişdir. M. və onun ailə üzvləri qətnaməni icra etməkdən imtina etmiş, səlahiyyətli dövlət orqanları da onların məcburi köçkün olmalarını nəzərə almaqla qətnaməni icra etmək üçün bütün zəruri tədbirlər görməmişlər. Həmin iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Həmin işdə Avropa Məhkəməsi Azərbaycan hökumətini mülkiyyət hüququ pozulmuş vətəndaşa maddi ziyana görə 7000, mənəvi ziyana görə isə 4800 EURO ödəməli olmasını qət etmişdir.

İndiyə kimi Avropa Məhkəməsi eyni xarakterli 10 iş üzrə 30 şikayəti təmin etmişdir. Milli məhkəmələr tərəfindən məcburi köçkünlərlə bağlı qəbul edilmiş 400-dən artıq belə məhkəmə qətnaməsinin icra olunmamış qalması, həmçinin məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdıqları və özgə mülkiyyətində olan mənzillərin boşaldılmasından imtina etməsi nəzərə alınarsa, Azərbaycan dövlətinə qarşı qəbul edilə biləcək qərarların beynəlxalq səviyyədə yarada biləcəyi mənzərəni təsəvvür etmək çətin deyildir. Yadda saxlamaq lazımdır ki, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən Avropa Məhkəməsinin presedentlərinə riayət edilməməsi dünyəvi və demokratik ölkə olan Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmaqla yanaşı, dövləti də ciddi maliyyə sanksiyalarına məruz qoyur.

Bir daha qeyd etməyi vacib sayrııq ki, xüsusi mülkiyyətdə olan yaşayış və yaxud qeyri-yaşayış sahəsindən çıxarılan hər bir məcburi köçkün ailəsinin taleyi bir insan, bir vətəndaş kimi biz hüquqşünasları da narahat edir. Ayrı-ayrı şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması da qanunun aliliyi və insani prinsiplərə görə yolverilməzdir. Hər hansı bir mübahisə ilə yanaşı, bu qəbildən olan mübahisələrə də münasibətdə hüquqşünas yalnız bunu deyə bilər: Biz (yalnız) qanuni edə bildiklərimizi edə bilərik.

 

 

Ələddin CƏFƏROV,

Azərbaycan Respublikası Ümumi

Məhkəmə Hakimləri İctimai

Birliyinin (Assosiasiyasının) sədri

 

Azərbaycan.- 2011.-27 may.- S.7.