Generalın xatirəsi ehtiramla yad edildi
Böyük Vətən
müharibəsinin qələbə ilə başa
çatmasında Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqları
olmuşdur. 1941-1945-ci illərdə sovet mətbuatında gedən
yazılarda "Qartallar" adlandırılan Azərbaycan
oğullarından biri də general-mayor Akim Abbasov idi. Respublika
Hərb Tarixi Muzeyində general-mayorun 100 illik yubileyinə həsr
olunmuş tədbirdə Müdafiə Nazirliyinin, Ali Hərbi
və Hərbi Dəniz məktəblərinin, Hərbi
Akademiyanın, AMEA-nın Tarix İnstitutunun və Milli
Dövlət Arxivinin nümayəndələri bu böyük
hərbçinin kediyi şərəfli yoldan
danışdılar.
Muzeyin rəisi Rüfət Əmirov
Akim Abbasovun həyat və hərbi fəaliyyəti haqqında
ətraflı məlumat verdikdən sonra generalın
keçdiyi döyüş yoluna həsr olunmuş sənədli
film nümayiş olundu. Onun Naxçıvandan başlanan
ömür yolu dünyanın bir neçə ölkəsindən
keçərək, qanlı savaşlarda qələbələr
qazanaraq yenidən Azərbaycana dönür və bu torpaqda əbədiyyətə
qovuşur. Muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru Əsgər Əliyev generalın unudulmaz xatirələrindən,
şanlı ömür səhifələrindən,
AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə
direktor müavini Cəbi Bəhramov və muzeyin elmi
işçisi Şəlalə Hüseynova Akim Abbasovun
güclü hərbçi, sərkərdə kimi həyat və
fəaliyyətindən danışdılar.
1942-ci ilin sərt qış
ayları idi. Ukrayna cəbhəsində ağır müharibə
gedirdi. Mətbuat hər dəqiqə dəyişən
müharibəni izləyirdi. "Cəbhə qəhrəmanı",
"Qızıl Əsgər" qəzetləri o zaman mayor
olan Akim Abbasovun qəhrəmanlıqlarından yazırdı:
"Abbasov yoldaşın bölməsi bir neçə gün
ərzində 34 kilometr irəliləmişdi. 4
yaşayış məntəqəsini, iki müqavimət
nöqtəsini düşməndən azad etmiş,
almanların 79 tankını, 3 avtomobilini, 2
radiostansiyasını məhv etmişdir..."
General-mayorun oğlu Asif
Abbasov atasının hərbi fəaliyyətindən
danışaraq bildirdi ki, onun da hərbçi olmasında
atasının böyük rolu var. O, keçirdiyi tədbirə
görə Hərb Tarixi Muzeyinin rəhbərliyinə və
bütün təşkilatçılara minnətdarlığını
bildirmişdir. Tədbirin sonunda generalın xatirəsinə həsr
olunmuş sərgi də nümayiş olundu.
R.RZALI
Azərbaycan.- 2011.-27 may.- S. 8.