28 May - Respublika Günü münasibətilə rəsmi
qəbul
Prezident İlham Əliyev rəsmi qəbulda iştirak
etmişdir
Mayın 27-də
"Buta" sarayında 28 May - Respublika Gününə həsr
olunmuş rəsmi qəbul təşkil edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda
iştirak etmişdir.
Salona toplaşanlar Prezident
İlham Əliyevi hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət
himni səsləndi.
Dövlət
başçısı rəsmi qəbulda nitq söylədi
Azərbaycan Prezidenti
İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və
cənablar!
Əziz dostlar!
Mən sizi və
bütün Azərbaycan xalqını qarşıdan gələn
Respublika Günü münasibətilə ürəkdən təbrik
edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik,
yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması tarixi hadisə idi. Həm bizim xalqımız
üçün, həm dünya miqyasında bu hadisənin
çox böyük tarixi əhəmiyyəti var idi.
Xalqımız üçün əhəmiyyəti ondan ibarət
idi ki, əsrlər boyu müstəqillik arzusu ilə
yaşamış Azərbaycan xalqı müstəqilliyə
qovuşmuş, müstəqil dövlətini qurmuşdu. Dünya
miqyasında əhəmiyyəti ondan ibarət idi ki, dünya
tarixində ilk dəfə olaraq müsəlman Şərqində
demokratik respublika yaradılmışdı. Azərbaycan
dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularının xatirəsinə
böyük hörmətlə yanaşır. Bir neçə
il bundan əvvəl Bakının mərkəzində Azərbaycan
Demokratik Respublikasının şərəfinə abidə
ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan
Azərbaycan Demokratik Respublikasının varisidir. Azərbaycan
Demokratik Respublikası iki ildən sonra süqut etdi. Ondan sonra
Azərbaycanda sovet dövrü başlanmışdır.
Bütün çətinliklərə və ideoloji çərçivələrə
baxmayaraq, o dövr də Azərbaycan üçün
uğurlu olmuşdur. Sovet dövründə Azərbaycan
inkişaf etmişdir, Azərbaycanda sosial-iqtisadi məsələlər
öz həllini tapmışdır, savadsızlığa son
qoyulmuşdur, - hesab edirəm ki, bu, tarixi nailiyyətdir, - Azərbaycanda
elmin inkişafına təkan verilmişdir və xüsusilə
70-ci illərdə Azərbaycanda sənaye potensialı
formalaşmışdır. O potensial ki, bəzi hallarda bu
gün müstəqil Azərbaycanın inkişafında da
bunun çox böyük mənası vardır. Kənd təsərrüfatı
inkişaf etmişdir.
Bir sözlə, yenə də
deyirəm, ideoloji çərçivələrə
baxmayaraq, o dövr də Azərbaycan üçün
uğurlu olmuşdur. Ancaq əlbəttə, biz müstəqil
deyildik və müstəqillik arzuları ilə
yaşamışdıq. 1991-ci ildə Sovet
İttifaqının dağılması nəticəsində
Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur.
Müstəqilliyimizin ilk illəri çox ağır
keçmişdir. Bu barədə biz hamımız dəfələrlə
öz fikirlərimizi bildirmişik. Xalqımız yaxşı
xatırlayır ki, 1990-cı illərin əvvəllərində
Azərbyacanda gedən proseslər müstəqilliyimizə
böyük təhlükə idi. Müstəqilliyimiz təhlükə
altında idi və müstəqil həyatımız
haqqında müxtəlif fikirlər, şayiələr
dolaşırdı. Müstəqilliyimizin ilk illərində
Azərbaycanda hökm sürən anarxiya, özbaşınalıq,
hakimiyyətsizlik, xaos praktiki olaraq, ölkəmizi iflic vəziyyətinə
salmışdı.
Ermənistanın Azərbaycana
qarşı işğalçı siyasəti nəticəsində
torpaqlarımızın işğal altına düşməsi,
bununla bərabər ölkə daxilində hakimiyyət
uğrunda gedən mübarizə, vətəndaş müharibəsinin
başlanması - bütün bu xoşagəlməz hadisələr
müstəqil həyatımıza çox böyük zərbələr
vurmuşdur. 1993-cü ildə Azərbaycan xalqı həmişə
olduğu kimi, müdriklik göstərmiş, Heydər Əliyevə
müraicət edərək onu hakimiyyətə dəvət
etmişdir. Xalqın dəstəyi ilə Prezident vəzifəsinə
seçilmiş Heydər Əliyev vəziyyəti
yaxşılaşdırmaq və xoşagəlməz hallara
son qoymaq üçün çox böyük səylər
göstərmişdir. Demək olar ki, qısa müddət ərzində
bütün xoşagəlməz hallara, bütün qanunsuz
silahlı birləşmələrə son qoyuldu, onlar tərk-silah
edildi, vətəndaş müharibəsi
dayandırıldı, cəbhədə atəşkəs əldə
olundu və bu, imkan verdi ki, Azərbaycan sürətli
inkişafa qədəm qoysun.
Bir sözlə, 1993-cü
ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf
dövrü başlanmışdır. Deyə bilərəm
ki, dövlətçiliyimizin əsasları məhz
1993-cü ildən sonra formalaşmağa
başlamışdır. Azərbaycanda hüquqi dövlət
quruculuğu prosesi sürətlə
aparılmışdır. Müstəqil Azərbaycanın
Konstitusiyası qəbul edilmişdir, ölkədə
aparılan siyasi və iqtisadi islahatlar öz müsbət nəticələrini
vermişdir. Azərbaycan beynəlxalq təcriddən
çıxa, informasiya blokadasını yara bilmişdir. Azərbaycan
haqqında 1990-cı illərin əvvəllərində
dünya ictimai rəyində formalaşmış təhrif
edilmiş təsəvvür dəyişdirilmişdir. Azərbaycan
beynəlxalq aləmdə öz yerini tuta bilmişdir. Beynəlxalq
təşkilatara üzv olmuşdur. Bir sözlə, 1993-cü
ildən başlayaraq bütün sahələrdə quruculuq və
inkişaf meyilləri başlanmış və gücləndirilmişdir.
Ölkə iqtisadiyyatı və müstəqil inkişaf
üçün həlledici mahiyyət daşıyan neft kontraktları
imzalanmışdır. Azərbaycana böyük həcmdə
xarici sərmayənin gətirilməsi təmin edilmişdir.
1994-cü ildə bu məsələlər həll olunmağa
başlayanda Azərbaycan dünyada çox riskli bir ölkə
kimi tanınırdı və buraya investisiya qoymaq istəyənlərin
sayı çox məhdud idi. Buna baxmayaraq, ölkəmiz
üçün məqbul şərtlərlə neft
kontraktları imzalanmışdır, Heydər Əliyevin neft
strategiyası başlanmışdır və beləliklə,
Azərbaycanın uğurlu inkişafı təmin
edilmişdir.
Bütövlükdə
1993-2003-cü illər Azərbaycan üçün, dövlətçiliyimiz
üçün həlledici illər olmuşdur. O illərdə
əldə edilmiş uğurlar bu gün də bizə imkan
verir ki, ölkəmizi inamla irəliyə aparaq, bu siyasəti
davam etdirək və qarşıda duran bütün vəzifələri
layiqincə icra edək.
2003-cü ildən sonrakı
dövr ölkəmiz üçün çox uğurlu
olmuşdur. Bu, özünü bütün statistik rəqəmlərdə
büruzə verir. 2003-cü ildən sonra ölkəmizdə
siyasi və iqtisadi islahatlar davam etdirilmişdir. Azərbaycan
beynəlxalq aləmdə daha da möhkəm yerini tuta
bilmişdir, regional müstəvidə, bizim təsir imkanlarımız
böyük dərəcədə artmışdır. Bu
gün Azərbaycan tərəfindən irəli
sürülmüş təşəbbüslər regional
inkişaf istiqamətlərini yüksək səviyyədə
müəyyən edir. Siyasi islahatlarla yanaşı, iqtisadi sahədə
böyük uğurlar əldə edilmişdir. Son 7-8 il ərzində
ölkəmizin ümumi daxili məhsulu 3 dəfə
artmışdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir.
Sənaye istehsalı da təxminən 3 dəfə
artmışdır. Yoxsulluq səviyyəsində
yaşayanların sayı 5 dəfə azalmışdır və
bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz təşkil
edir. Əminəm ki, görülən və görüləcək
əlavə tədbirlər nəticəsində biz ilin sonuna
qədər yoxsulluğun daha da aşağı düşməsinə
nail olacağıq. Ölkəmizdə bir milyona yaxın yeni
iş yerləri açılmışdır ki, onların
mütləq əksəriyyəti daimi iş yerləridir.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi
üçün çox ciddi addımlar
atılmışdır və beləliklə, ölkəmizin
iqtisadiyyatı artıq dayanıqlı iqtisadiyyatdır. Beynəlxalq
aləmdə, beynəlxalq maliyyə qurumları tərəfindən
ölkədə aparılan iqtisadi islahatlara verilən yüksək
qiymət mənim sözlərimi bir daha təsdiqləyir.
Son illər ərzində Azərbaycanda
uğurlu enerji siyasəti aparılmışdır. Biz enerji təhlükəsizliyimizi
tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki
özümüzü təmin edə bilmişik, eyni zamanda,
başqa ölkələrin enerji təhlükəsizliyi məsələlərinə
töhfəmizi veririk.
Ölkədə ictimai-siyasi
vəziyyət çox müsbətdir. Bizim bütün təşəbbüslərimiz
xalq tərəfindən dəstəklənir. Əslində,
bizim siyasətimiz xalq siyasətidir. Çünki son illər ərzində
Azərbaycan xalqının rifah halının
yaxşılaşdırılması sayəsində bütün
bu nailiyyətlərə biz çata bilmişik. Bu gün Azərbaycan
sürətlə inkişaf edən, dinamik, müasir ölkədir.
O ölkədir ki, burada bütün məsələlər ədalətli
şəkildə həll olunur. Azərbaycanda bütün
xalqların nümayəndələri bir ailə kimi
yaşayır. Bu da nadir təcrübədir. Qürur hissi ilə
deyə bilərəm ki, bu təcrübə dünyada öyrənilir.
Azərbaycanda ənənəvi xarakter daşıyan, artıq
bir neçə dəfə keçirilmiş dinlərarası
və mədəniyyətlərarası müxtəlif dialoq
forumları bir daha onu göstərir ki, Azərbaycan bu cür
tədbirlərin təşkili üçün çox məqbul
bir ölkədir.
Ölkəmizdə
bütün istiqamətlər üzrə konkret proqramlar icra
edilir. İstər sosial məsələlərin həllində,
istərsə də iqtisadi islahatların həyata
keçirilməsində regional inkişaf proqramı uğurla
icra edilir. Artıq biz ikinci proqramı icra edirik. Proqramın
icrası nəticəsində, demək olar ki, bütün
bölgələrimiz abadlaşır, şəhərlərimiz
gözəlləşir. O ki qaldı Bakı şəhərinə,
Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən
biridir. Bakının gözəlliyi artıq həqiqətdir,
ölkəmizə və paytaxtımıza gələn
bütün qonaqlar bunu görür və qeyd edirlər.
Bir sözlə, ölkə
qarşısında duran əsas vəzifələr öz həllini
tapmaqdadır. Ölkə iqtisadiyyatı öz
dayanıqlığını, eyni zamanda, dünyada hökm
sürən maliyyə və iqtisadi böhran zamanı göstərmişdir.
Hətta böhranlı illərdə iqtisadiyyatımız
artmışdır və bütün investisiya layihələri
icra edilmişdir. Keçən il ölkə iqtisadiyyatına
16 milyard dollar sərmayə qoyulmuşdur. Hesab edirəm ki, bu
il bu rəqəm daha da böyük olacaqdır. Bu il büdcəmizə
edilən əlavələr, yəni dürüstləşmə
nəticəsində tarixdə ilk dəfə Azərbaycan
büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu,
böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə
alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2
milyard dollar idi, biz əyani şəkildə görərik ki,
son 7-8 il ərzində bu istiqamətdə böyük işlər
görülmüşdür. Büdcəmizin artımı bizə
imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri
icra edilsin, həm də sosial məsələlər öz həllini
tapsın. Son illər ərzində maaşlar və pensiyalar
bir neçə dəfə artırılmışdır. Bu
gün pensiyaların orta həcmi əməkhaqqının
orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir
ki, Azərbaycan özünü dünyaya sosial dövlət
kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir.
Bazar iqtisadiyyatına
sadiqliyimiz şübhə doğurmur. Ölkə iqtisadiyyatının
80 faizdən yuxarı hissəsi özəl sektorda
formalaşır. Bununla bərabər, çox güclü
sosial siyasət aparılır. Əsaslı iqtisadi
islahatların aparılması güclü sosial siyasət ilə
tamamlanırdı və məhz buna görə biz imkan vermədik
ki, köklü iqtisadi islahatlar insanların yaşayış
səviyyəsinə mənfi təsir göstərsin. Əksinə,
Azərbaycanda ildən-ilə maddi rifah, insanların
yaşayış səviyyəsi artır və bütün
sosial məsələlər öz həllini tapır.
Ölkə
qarşısında duran əsas problem, bizim üçün ən
ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həll olunmamasıdır.
Bütün səylərimizə baxmayaraq, bugünə qədər
bu münaqişə öz həllini tapmamışdır. Azərbaycanın
dünya birliyi tərəfindən tanınmış ərazi
bütövlüyü pozulubdur. Bildiyiniz kimi, BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi icra edilmir. O qətnamələrdə
işğalçı qüvvələrin
torpaqlarımızdan qeyd-şərtsiz
çıxarılması tələb edilir. ATƏT-in, Avropa
Parlamentinin, Avropa Şurasının, digər beynəlxalq təşkilatların
qərar və qətnamələri Ermənistan tərəfindən
icra edilmir. Belə olan halda biz əlbəttə ki, beynəlxalq
ictimaiyyətin, beynəlxalq qüvvələrin bu məsələ
ilə bağlı daha fəal olmasını
alqışlayırıq. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi öz həllini
tezliklə tapmalıdır. Bizim ərazi
bütövlüyümüz pozulubdur. Bizə qarşı
etnik təmizləmə siyasəti aparılmışdır.
Bir milyondan artıq azərbaycanlı öz doğma
torpağında qaçqın-köçkün vəziyyətinə
düşmüşdür və bu ədalətsizlik davam
edir. Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. Bir daha demək istəyirəm ki, Azərbaycanın
ərazi bütövlüyü Dağlıq Qarabağ daxil
olmaq şərti ilə bütün dünya tərəfindən,
Birləşmiş Millətlər Təşkilatı tərəfindən
tanınır. Azərbaycanın ərazi
bütövlüyü tam şəkildə bərpa edilməlidir.
Biz ümid edirik ki,
danışıqlar öz nəticəsini verəcəkdir. Bu
ümidləri möhkəmləndirən amillər son aylar ərzində
kifayət qədər çox olmuşdur. Deyə bilərəm
ki, ilk dəfə olaraq son aylar ərzində Minsk qrupunun həmsədr
ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi
ilə bağlı bəyanatlar verilməyə
başlanmışdır. Bugünə qədər,- baxmayaraq
ki,
Dünən Minsk qrupuna həmsədrlik
edən ölkələrin dövlət
başçılarının birgə bəyanatı verildi.
Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir
ki, məsələ tezliklə öz həllini
tapmalıdır. Biz də bunun tərəfdarıyıq və
məsələnin tezliklə həll olunmasında ən
çox maraqlı olan tərəf Azərbaycandır. Biz dəfələrlə
bu barədə həm rəsmi bəyanatlarda, həm
aparılan danışıqlarda fikrimizi və
narahatlığımızı ifadə etmişik ki, Ermənistan
tərəfinə imkan verilməməlidir ki, danışıqları
süni şəkildə uzatsın və danışıqlar
prosesini sonsuz etsin. Yəni, belə narahatedici məqamlar var idi
və bu barədə biz açıq şəkildə
fikrimizi bildirmişdik. Son bəyanat bu mövqeyi dəstəkləyir
ki, məsələ tezliklə öz həllini
tapmalıdır, Helsinki Yekun Aktının əsasında
öz həllini tapmalıdır. Bu da çox mühüm bəyanatdır
və birinci dəfə deyil ki, səslənir. Ancaq bunu da deyə
bilərəm ki, son müddət ərzində Helsinki Yekun
Aktına bütün sənədlərdə istinad edilir.
Helsinki Yekun Aktında isə ərazi bütövlüyü
prinsiplərinin xalqların öz müqəddəratını
müəyyənetmə prinsipləri ilə heç bir
ziddiyyəti yoxdur. Əksinə, orada prinsiplərin prioritetləri
də sadalanır və hər bir xalqın öz müqəddəratını
təyinetmə hüquqları ölkələrin ərazi
bütövlüyünü pozmamalıdır və bu da
münaqişənin həlli üçün yeganə
düsturdur.
Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları
öz doğma dədə-baba torpaqlarına
qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və
əməkdaşlıq yarana bilər və bütün tərəflər
hadisələrin bu cür inkişafından ancaq fayda
götürə bilərlər. Bizim qəti mövqeyimiz
bundan ibarətdir. Bir də demək istəyirəm ki,
heç vaxt Azərbaycan dövləti Dağlıq
Qarabağa müstəqillik verilməsi ilə
barışmayacaq, heç vaxt buna razılıq verməyəcəkdir.
Bir də demək istəyirəm ki, bu məsələ bizim
üçün prioritet məsələdir, ən vacib məsələdir.
Bütün səylərimizi səfərbər edib məsələnin
həlli ilə bağlı lazımi addımları
atırıq və atacağıq.
Hər bir bayram günündə
görülmüş işlərə qiymət verilir.
Keçmiş illərdə görülmüş işlər
bir daha təhlil edilir. Biz çatışmayan məqamları
xüsusilə qeyd edirik ki, gələcək fəaliyyətimizdə
daha da səmərəli iş görə bilək. Bununla bərabər,
hər bir bayram günündə biz gələcək
haqqında fikirlərimizi ifadə edirik, gələcək
planlarımız haqqında ictimaiyyətə məlumat veririk.
Bu, canlı prosesdir. Bu proses daim qüvvədədir və
ölkəmizin dinamik inkişafı üçün bu,
mütləq lazımdır. Bu gün də fürsətdən
istifadə edərək gələcək planlarımız və
vəzifələr haqqında bir neçə kəlmə demək
istərdim.
Mən tam əminəm ki,
növbəti illərdə də Azərbaycanın uğurlu
və dayanıqlı inkişafı təmin ediləcəkdir.
Biz növbəti illərdə siyasi islahatları davam etdirəcəyik.
Buna böyük ehtiyac vardır. Bugünə qədər
görülən işlər təqdirəlayiqdir, ancaq daha da
böyük işlər görülməlidir.
Demokratiyanın inkişafı istiqamətində çox
böyük addımlar atılmışdır və bu istiqamətdə
yeni addımlar atılmalıdır. Azərbaycanda
bütün sahələrdə demokratik prinsiplər bərqərar
olunmalıdır. Azərbaycanda hüquqi dövlət
quruculuğu uğurla gedir və bu istiqamətdə əlavə
addımların atılması gözlənilir. Bu, həm
xalqın, həm də zəmanənin tələbidir. Biz
müasir dövlət qururuq. O dövlət ki, burada
bütün demokratik azadlıqlar mövcuddur. Biz bu müsbət
meyilləri gücləndirməliyik.
Ölkəmizdə xoşagəlməz
hallara qarşı çox ciddi mübarizə aparılır.
Bu mübarizə gözəl nəticələrini verməkdədir.
Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə
bəhrəsini verir. Addımlarımız xalq tərəfindən
dəstəklənir. Bir daha bu kürsüdən bəyan etmək
istəyirəm ki, biz bu yoldan dönməyəcəyik.
Korrupsiya, rüşvətxorluğa, xoşagəlməz
hallara qarşı bundan sonra da ciddi mübarizə
aparacağıq. Xüsusilə, görəndə ki, bu
mübarizə nəticə verir, bu, bizim
gücümüzü daha da artırır və bizi daha da
ruhlandırır.
Ölkəmizin
iqtisadiyyatının şaxələndirilməsi
üçün əlavə tədbirlər görüləcəkdir.
Dövlət büdcəmizin imkanları qeyd etdiyim kimi, kifayət
qədərdir. Bununla bərabər, ölkə
iqtisadiyyatına xaricdən və yerli sahibkarlar tərəfindən
qoyulan investisiyaların həcmi artır. Azərbaycan
investisiyaların cəlb edilməsi istiqamətində
çox böyük addımlar atmışdır. Adambaşına
düşən xarici sərmayələrin həcminə
görə həmişə olduğu kimi, biz MDB məkanında
qabaqcıl yerlərdəyik. Çox sevindirici haldır ki, son
bir neçə il ərzində daxili investisiyalar xarici
investisiyaları üstələyir. Bu, onu göstərir ki, həm
dövlət xətti ilə qoyulan sərmayə səmərəsini
verir, həm də özəl sektor güclənib və
ölkə iqtisadiyyatına sərmayə qoyur.
Özəl sektorun güclənməsi
isə öz növbəsində dövlət tərəfindən
göstərilən dəstəyin hesabına mümkün
olmuşdur. Dövlət kreditləri, güzəştli şərtlərlə
verilən kreditlər, sahibkarlığa dövlət və
Prezident tərəfindən göstərilən dəstək
özəl sektorun möhkəmlənməsinə, güclənməsinə
gətirib çıxarır. Biz o vəziyyətə gəlmişik
ki, bu gün Azərbaycan şirkətləri başqa ölkələrin
iqtisadiyyatına, infrastrukturuna milyardlarla dollar məbləğində
sərmayə qoyurlar. Beləliklə, bizim investisiya portfelimiz
də çoxşaxəli olur. Bu, bizə əlavə olaraq həm
siyasi, həm də iqtisadi mənfəət gətirəcəkdir.
İqtisadi sahədə
şaxələndirmə ilə yanaşı, idxalı əvəzləyən
məhsulların buraxılması üçün dövlət
tərəfindən əlavə tədbirlər görüləcəkdir.
Bu istiqamətdə böyük uğurlara nail ola bilmişik.
Daha da fəal işləməliyik. Hazırda iqtisadi sahədə
vacib məsələlərdən biri ərzaq təhlükəsizliyimizi
təmin etməkdir. Bu istiqamətdə də böyük
addımlar atılır, istehlak olunan ərzaq məhsullarının
bir çoxu Azərbaycanda istehsal edilir. Halbuki bir neçə
il bundan əvvəl biz tam şəkildə idxaldan
asılı idik. Bu gün nəinki özümüzü təmin
edirik, eyni zamanda, ərzaq məhsullarımızı xarici
bazarlara da ixrac edirik. Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə
bağlı əlavə tədbirlərin görülməsi
nəticəsində əminəm ki, Azərbaycan
özünü əsas ərzaq məhsulları ilə
yüz faiz səviyyəsində təmin edəcək, eyni
zamanda, bu sahədə güclü ixrac imkanlarımız
yaranacaqdır.
Bir daha demək istəyirəm
ki, sosial ədalət prinsipləri bizim üçün həmişə
əsas olmuşdur. Maaşlar, pensiyalar mütəmadi qaydada
qaldırılır, sosial infrastrukturun yaradılması
üçün böyük vəsait ayrılır. Son illərdə
Azərbaycanda 2 mindən artıq məktəb, yüzlərlə
tibb mərkəzi, 31 Olimpiya İdman Kompleksi, mədəniyyət
ocaqları tikilmişdir. Bir sözlə, sosial blok daim diqqət
mərkəzindədir. Növbəti illərdə bu sahəyə
daha da böyük vəsait qoyulacaqdır və buna ehtiyac
vardır. Çünki biz istəyirik ki, Azərbaycanda
yoxsulluq şəraitində yaşayanların sayı sıfıra
bərabər olsun. Mən bilirəm ki, hətta inkişaf
etmiş ölkələrdə buna heç kim nail olmayıb.
Amma biz qarşımıza hədəf qoymalıyıq. O hədəf
böyük hədəf olmalıdır. Bəzi hallarda əlçatmaz
hədəf kimi görünür, ancaq eyni zamanda, bizdən
asılıdır ki, bu fikirləri, bu arzuları
reallığa çevirək və istədiyimizə nail ola
bilək.
Azərbaycan beynəlxalq əlaqələr
istiqamətində çox düşünülmüş və
balanslaşdırılmış siyasət aparır. Bu siyasət
xalq tərəfindən dəstəklənir. Bu siyasət
imkan verir ki, bütün ölkələrlə
qarşılıqlı maraq əsasında bərabərhüquqlu
əlaqələr yaradaq, onları möhkəmləndirək.
Biz bu yanaşmanın tərəfdarıyıq. İlk
növbədə, qonşu ölkələrlə əlaqələrimiz
daha da güclü olmalıdır. Bu əlaqələr
çox yüksək səviyyədədir. Biz bu əlaqələri
tərəfdaşlıq əlaqələri kimi qiymətləndiririk.
Növbəti illərdə xarici siyasətimizin bu istiqamətinə
daha da böyük diqqət veriləcəkdir. Biz bu bölgədə
yaşayırıq və qonşularla münasibətlərimizin
inkişafı bizim üçün prioritet məsələdir.
Ermənistana gəldikdə,
bundan sonra da Ermənistanı bütün regional layihələrdən
təcrid etmək üçün biz öz səylərimizi
göstərəcəyik. Biz bunu gizlətmirik. Bu, bizim siyasətimizdir.
Ermənistan torpaqlarımızı işğal edib. Bu siyasət
işğala son qoyulanadək davam etdiriləcəkdir. Sülh
müqaviləsi bağlanarsa, Ermənistan da regional layihələrə
cəlb oluna bilər. Bu, onların addımlarından
asılı olacaqdır.
Qonşu ölkələrlə
bərabər, biz bütün başqa ölkələrlə
ikitərəfli formatda əlverişli və bərabərhüquqlu
əlaqələrin qurulmasına
çalışırıq, buna nail ola bilmişik.
Dostlarımızın, tərəfdaşlarımızın
sayı artır və artıq Azərbaycan dünyada
etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq təşkilatlarla
əlaqələrimiz inkişafdadır. Biz bütün beynəlxalq
təşkilatlarla əməkdaşlıq etməyə
hazırıq. Üzv olduğumuz təşkilatlarla əlaqələrimiz
əlbəttə ki, daha da fəaldır. Biz üzv
olduğumuz təşkilatlar qarşısında
götürdüyümüz öhdəlikləri vaxtında
yerinə yetiririk. Üzv olmadığımız beynəlxalq
təşkilatlar qarşısında heç bir öhdəliyimiz
yoxdur və ola da bilməz. Çünki biz o təşkilatların
üzvü deyilik. Üzv olmadığımız təşkilatlarla
siyasətimizi yalnız tərəfdaşlıq və
bir-birinin işinə qarışmamaq prinsipləri üzərində
qururuq və qarşı tərəfdən də eyni
yanaşmanı gözləyirik.
Bir sözlə, xarici siyasətimiz
daxili siyasətin davamıdır, onun məntiqi nəticəsidir.
Bu siyasətin bir məqsədi var ki, Azərbaycan
xalqının və dövlətinin maraqları tam şəkildə
təmin edilsin, dünyadakı rolumuz, imkanlarımız
artsın və Azərbaycan daha da güclü dövlətə
çevrilsin.
Eyni zamanda, bu gün enerji təhlükəsizliyi
məsələləri ilə bağlı bir-iki kəlmə
demək istərdim. Bu istiqamətdə böyük
addımlar atılmışdır. Bu gün biz, bir də demək
istəyirəm ki, ölkə daxilində enerji təhlükəsizliyi
ilə bağlı bütün məsələləri
uğurla və yüksək səmərə ilə həll
edə bilmişik. Bu gün çoxşaxəli enerji nəqliyyatı
infrastrukturu yaradılıbdır. Azərbaycanın 7 neft və
qaz kəməri vardır ki, təbii resurslarımızı 7
istiqamətdə dünya bazarlarına çıxarır. Yəni
bu, sözün əsl mənasında, şaxələndirmədir.
Bəzi ölkələr şaxələndirmə məsələləri
ilə bağlı indi fəal işləyirlər, o cümlədən
Azərbaycanla da danışıqlar aparırlar. Biz isə
şaxələndirmə siyasətimizi uğurla başa
vurmuşuq. Növbəti illərdə artıq yalnız bu
marşrutlar əsasında ixrac imkanlarımızı
genişləndirə bilərik. Çünki bu 7 istiqamətdən
başqa daha heç bir istiqamət qalmayıb. Enerji resurslarımız
qonşu ölkələrə nəql edilir. Gələcəkdə
aparılacaq danışıqlardan asılı olaraq biz istənilən
istiqamət üzrə enerji resurslarımızın
ixracının həcmini artıra bilərik. Yenə də
deyirəm ki, bu, aparılacaq danışıqlardan
asılı olacaqdır.
Azərbaycan, bir də demək
istəyirəm ki, gələcəyə böyük nikbinliklə
baxır. Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. 20
il böyük tarixi mərhələdir. Mən hesab edirəm
ki, birinci iki ili çıxmaq şərti ilə Azərbaycan
20 il ərzində çox uğurla və inamla inkişaf
edib, ölkə qarşısında duran bütün vəzifələr
icra edilib, ölkəmiz güclənib və dünya xəritəsində
öz layiqli yerini tuta bilibdir.
Bu gözəl dövlət
bayramı ərəfəsində bir daha bütün Azərbaycan
xalqını Müstəqillik bayramı - Respublika
Günü münasibətilə ürəkdən təbrik
edirəm, bütün Azərbaycan xalqına uğurlar və
xoşbəxtlik arzulayıram. Sağ olun.
* * *
Rəsmi qəbul incəsənət
ustalarının maraqlı konsert proqramı ilə başa
çatmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-28 may.- S. 1, 2.