Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Heydər oğlu Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, eləcə də Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımızı çatdırıram.
Avstraliya və Azərbaycan səmimi ikitərəfli münasibətlərə, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində bir sıra ümumi yanaşmalara malikdirlər. Mən beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində Avstraliya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq münasibətlərindən razıyam.
Avstraliya hökuməti qətiyyətlə inanır ki, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və tərksilah kimi qlobal çağırışlar daha geniş qlobal çözüm tələb edir. Çoxtərəfli təsisatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı bu çağırışlara kollektiv cavab vermək üçün ən yaxşı vasitədir. Avstraliya hökuməti qarşıdakı ildə Azərbaycan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda işləməkdə qətiyyətlidir.
Mən Azərbaycanın Əfqanıstandakı Təhlükəsizliyə Yardım Qüvvələri missiyasına, o cümlədən təlim və yenidənqurma işlərinə davamlı siyasi və praktiki dəstəyini təqdir edirəm.
Bizim güclü iqtisadiyyatlarımız arasındakı ticarət və investisiya əlaqələrinin orta səviyyədə olduğu bir vaxtda, ümid edirəm ki, özəl sektor və hökumət nümayəndələri iqtisadi münasibətlərin dirçəlməsi üçün gələcək illərdə birlikdə işləyəcəklər. Mən, həmçinin təkmilləşdirilmiş təhsil mübadiləsi vasitəsilə xalqlar arasında daha möhkəm əlaqələrə ümid bəsləyirəm.
İcazə verin, iki ölkə arasındakı dostluq münasibətlərinin gələcək illərdə daha da inkişaf edəcəyinə əminliyimi ifadə edim.
Səmimiyyətlə,
Xanım Kventin BRAYS,
Avstraliya İttifaqının General-Qubernatoru
Azərbaycan.- 2011.- 28 may.- S.
3.