"2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər təsdiq edildi

 

Mayın 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov 28 May - Respublika Günü münasibətilə deputatlar adından Azərbaycan xalqını təbrik etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında son 8 ildə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini və dünya miqyasında layiqli yer tutduğunu bildirdi.

Sonra gündəliyə çıxarılan məsələlər müzakirə edildi. "Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova təqdim etdi. Komitə sədri bildirdi ki, bu sənəd 2011-ci il aprelin 29-da Bakı şəhərində imzalanmışdır. Azərbaycan Respublikası öz Konstitusiyasına əsasən, dini etiqad azadlığını tanıyaraq Katolik dininə aşkar etiqad etmək və ayinləri yerinə yetirmək azadlığına təminat verir. Ölkəmizdəki Katolik kilsəsi Katolik kilsəsinin qanunlarına uyğun olaraq özünü təşkil etmək və Azərbaycan Respublikasının qanunvericilyinin, habelə bu Sazişin müddəalarını nəzərə alaraq öz dini səlahiyyəti daxilində missiyasını yerinə yetirmək hüququna malikdir. Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

İclasda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə layihələri təqdim etdi. Bildirdi ki, ölkəmizin başçısının rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət tədbirləri nəticəsində yola saldığımız 2010-cu ildə əhalinin sosial rifahı xeyli yüksəlmiş, dövlətin iqtisadi qüdrəti və valyuta ehtiyatları artmış, milli valyutanın sabitliyi, ölkənin müdafiə, ekoloji, ərzaq təhlükəsizliyi təmin olunmuş, mühüm əhəmiyyət kəsb edən onlarca sosial və infrastruktur layihələr reallığa çevrilərək xalqın xidmətinə verilmişdir. Əldə edilmiş bu nailiyyətlər 2010-cu il dövlət və icmal büdcələrinin göstəricilərində də müşahidə olunmuşdur.

Z.Səmədzadə 2011-ci il dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti barədə də məlumat verdi. Bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə, pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması məqəsədilə olmuşdur.

Maliyyə naziri Samir Şərifov bildirdi ki, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və bununla bağlı hazırlanmış 2010-cu il dövlət büdcəsinin icrasına dair hesabat gəlirlərin toplanması və xərclərin icrası vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlarından istifadə, dövlət borcları barədə məlumatları da özündə əks etdirir.

Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz icra olunmuşdur ki, bu da 2009-cu ilə nisbətən 4 milyard 978 milyon manat və ya 34,4 faiz çoxdur. İcmal büdcənin xərcləri 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olmaqla 2009-cu ilə nisbətən 1 milyard 362 milyon manat və ya 11,1 faiz çox olmuşdur.

2010-cu ilin icmal büdcəsi 1 milyard 167 milyon manat profisitlə proqnozlaşsa da, faktiki olaraq 5 milyard 807 milyon manat profisit olmuşdur ki, bu da proqnoza nisbətən 4 milyard 639 milyon manat və ya 5 dəfə çoxdur. Hesabat ilində dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat və ya 99,1 faiz yerinə yetirilsə də, 2009-cu illə müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çox icra olunmuşdur.

2010-cu ildə təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə icra üst-üstə 2 milyard 901 milyon manat və ya 2009-cu ilə nisbətən 138,4 milyon manat və ya 5 faiz çox olmuşdur. Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3 milyard 703 milyon manatı və ya 31,5 faizi sosialyönümlü xərclərin (əməkhaqqı, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, pensiya və müavinətlər, ərzaq, dərman xərci) maliyyə təminatına sərf edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 119 milyon manat və ya 3,3 faiz çoxdur.

Maliyyə nazirinin sözlərinə görə, 2010-cu ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqətində olmaqla növbəti dəfə bir sıra əhəmiyyətli addımlar atılmışdır. Ölkəmizin rəhbərinin müvafiq sərəncamları ilə hesabat ilində baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən təhsil, elm, səhiyyə, mədəniyyət ocaqlarında, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır.

Bununla yanaşı, aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmış, şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, doktorantlara, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir.

Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına imkan yaratmış, bütövlükdə 2010-cu ildə dövlət büdcəsinin cari və əsaslı xərclərindən müdafiə xərclərinə üst-üstə 2 milyard 148 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2009-cu illə müqayisədə 562 milyon manat və ya 35,5 faiz çoxdur.

2010-cu il dövlət büdcəsinin Ehtiyat Fondu 100 milyon manat məbləğində təsdiq edilmişdir. Dövlət büdcəsində nəzərdə tutulmayan, lakin ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədilə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş 351 milyon manat vəsait dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmişdir. Bütövlükdə dövlət büdcəsinin Ehtiyat Fondunun həcmi 451 milyon manat təşkil etmişdir ki, onun da 449 milyon manatından istifadə olunmuşdur.

Bu vəsaitin 35,6 milyon manatı ölkə ərazisində baş vermiş təbii fəlakət, o cümlədən Kür və Araz çaylarının daşması nəticəsində iqtisadiyyata və əhaliyə dəymiş zərərin aradan qaldırılmasına, 50 milyon manatı 2010-2011-ci illər üçün Dövlət Taxıl Fonduna tədarük olunan taxıl məhsullarının həcminin 250 min ton artırılmasına yönəldilmiş, pensiyaların vaxtında ödənilməsini təmin etmək məqsədilə Dövlət Sosial Müdafiə Fonduna 80 milyon manat əlavə transfert verilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 159,5 milyon manat, o cümlədən məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikintisi üçün 14 milyon manat, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işləri üçün 20 milyon manat, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Ağdaş rayonlarında və Şəki şəhərində yeni xəstəxanaların, Bakı sağlamlıq mərkəzinin tikintisi üçün 12 milyon manat, Ağcabədi, İmişli, Saatlı, Qusar, Sabirabad rayonlarında avtomobil yollarının yenidən qurulması məqsədilə 6 milyon manat vəsait ayrılmışdır. Bu fonddan digər dövlət əhəmiyyətli tədbirlərə də vəsait (107,5 milyon manat) yönəldilmişdir.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası 2010-cu ildə davam etdirilmiş, əhalinin zəruri ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması dövlətin iqtisadi siyasətində mərkəzi yer tutmuş, bu məqsədlə dövlət büdcəsindən 216 milyon manat vəsait ayrılmışdır.

Hesabat dövründə sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətin davamı olaraq 1430 sahibkara Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 115 milyon manat güzəştli kreditlər verilmişdir ki, onun da 44 milyon manatı 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilmişdir. 2010-cu ildə dövlət büdcəsindən "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 40 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır. Hesabat ilində dövlətin daxili və xarici borcları diqqətdə saxlanılmış, dövlət zəmanətli kreditlərin vaxtında borcalan təşkilatlar tərəfindən ödənilməsinə əsasən nail olunmuşdur.

Bütövlükdə 2010-cu il dövlət büdcəsinə faktiki daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin sabit şəkildə maliyyələşdirilməsi təmin edilmiş, əməkhaqqı, pensiya, müavinət, daxili və xarici borc kimi zəruri xərclər üzrə borc öhdəliyi yaranmamışdır.

Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi orqanın "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı rəyini diqqətə çatdırdı. Hesablama Palatası analitik təhlillərin nəticələrini ümumiləşdirərək belə qənaətə gəlib ki, Milli Məclisə təqdim edilmiş "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanıb.

Maliyyə naziri Samir Şərifov bildirdi ki, "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" layihədə dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artımı, dövlət büdcəsinin kəsirinin isə azaldılması nəzərdə tutulur.

Maliyyə nazirinin sözlərinə görə, bu dəyişikliklər əsasən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasına yönəldilmişdir.

Bu tədbirlərin həyata keçirilməsi üçün 3193,2 milyon manat məbləğində əlavə vəsaitin tələb olunduğu müəyyən edilmişdir ki, bu da təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinin vəsaiti hesabına örtülməsi imkan xaricindədir. Yuxarıda qeyd olunan xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilməsi zərurəti yaranmışdır.

Aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, 2011-ci il dövlət və icmal büdcələri hazırlanarkən hesablamalarda istifadə olunan neftin 1 barelinin qiymətinin 60 ABŞ dollarından 80 ABŞ dollara çatdırılması, 2011-ci il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 770 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin isə 3 milyard 684 milyon manat artırılmasına əsas verir. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci il üçün neftin 1 barelinin orta illik qiymətinin 100-106 ABŞ dolları ətrafında olacağını proqnozlaşdırır.

Dövlət büdcəsinə əlavə gəlirlərin və Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfertin dövlət büdcəsinin xərclərinə yönəldilməsi hesabına dövlət büdcəsinə daha 82 milyon manat əlavə dəyər vergisi şəklində gəlirin də daxil olacağı proqnozlaşdırılır.

Yuxarıda qeyd olunan müsbət amillər nəzərə alınmaqla təqdim olunmuş qanun layihəsində 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 3 milyard 493 milyon manat artırılaraq 15 milyard 554 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 29 faiz çoxdur.

Samir Şərifov bildirdi ki, dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi 6,7 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,5 faiz azalacaq, əsaslı xərclərin xüsusi çəkisi isə 7,2 faiz artacaqdır.

Cari xərclərin artımı üçün nəzərdə tutulan 698 milyon manat vəsaitin 463 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə, ilk növbədə, pensiya təminatı sistemində aparılan islahatlara müvafiq olaraq 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləğləri arasındakı mövcud fərqlərin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqlarının, sosial müavinətlərin və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcəkdir.

Dövlət başçısının ölkənin həyati vacib bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə artımın 77,8 faizi həcmində və ya 2 milyard 484 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Dəqiqləşmədən sonra dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu üzrə xərcləri 5 milyard 864 milyon manata çatacaq, onun büdcədə xüsusi çəkisi 10,3 faiz artaraq 36,8 faiz olacaqdır.

Bu mənbədən qəza vəziyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılmasına, tələbələr üçün yataqxanaların tikintisinə, respublikaının şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsinə, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılmasına, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulmasına, Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinə, ölkənin regionlarında kəndlərarası yolların tikintisinə və əsaslı təmirinə, Sumqayıt şəhərində yeni gübrə istehsalı zavodunun tikintisinə və digər zəruri investisiya layihələrinin başlanılmasına vəsaitin ayrılması məqsədəmüvafiq hesab edilmişdir.

Hesablama Palatası ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanılması, mövcud maliyyə resurslarının səmərəli istifadə edilməsi, pensiya islahatlarının daha intensiv aparılması və bütövlükdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, strateji investisiya layihələrinin həyata keçirilməsi, respublikanın müdafiə qabiliyyətinin artırılması məqsədilə "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəyə təqdim olunmasını məqsədəmüvafiq hesab etmişdir.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Elton Məmmədov qlobal maliyyə böhranının tam səngimədiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatında dinamik inkişafın müşahidə olunmasını təqdir etdi. O, cari ilin 4 ayında əldə olunan iqtisadi nəticələri buna əyani misal kimi göstərdi. Deputat 2011-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklərin edilməsini bu baxımdan zəruri saydı.

"Dəqiqləşmədən sonra dövlət büdcəsindən bir sıra məktəb və uşaq bağçalarının təmirinə və əsaslı yenidənqurulmasına əlavə vəsaitin artırılması daha yaxşı olardı", -deyən deputat Aqiyə Naxçıvanlı Oğuz rayonunda bu kimi işlərin həyata keçirilməsinin xüsusilə zəruri olduğunu bildirdi. Deputat Gülçöhrə Məmmədova ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin maaşlarının artırılması məsləsinə diqqəti cəlb etdi. Onun fikrincə, gənc elmi kadrların təhsilə cəlb edilməsi üçün bu kimi addımların atılması son dərəcə vacibdir. Deputat cəbhəyanı bölgələrdə yeni məktəblərin tikintisinə də ehtiyacın olduğun diqqətə çatdırdı.

Deputat Tahir Rzayev 2011-ci il dövlət büdcəsi haqqında qanunda edilən dəyişikliklərin əhəmiyyətindən danışdı. Əhalinin pensiya təminatı sahəsində aparılan islahatları, sosial müdafiənin gücləndirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirdi.

"Hesablama Palatasının 2010-cı ilin dövlət büdcəsinin icrası haqqındakı rəyi qənaətbəxşdir. Ötən müddət ərzində bu qurum üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib", - deyən deputat Elmira Axundova Azərbaycanın qlobal maliyyə böhranı şəraitində inkişafını aparılan uğurlu iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirdi.

Deputat Jalə Əliyeva Zərdab rayonunda son günlər intensiv yağan yağışlar zamanı 3 minə yaxın evə ziyan dəydiyini bildirdi. O, təbii fəlakət nəticəsində əhaliyə dəyən ziyanın aradan qaldırılması üçün büdcədən əlavə vəsaitin ayrılmasını vacib saydı. Deputat Aydın Mirzəzadə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların, eləcə də hərbi qulluqçuların əməkhaqlarının artırılmasına vəsaitin ayrılmasını təklif etdi.

"Yol infrastrukturunun ən müasi standartlara uyğunlaşdırılması istiqamətində son dövrlərdə böyük işlər həyata keçirilir", - deyən deputat Fəzail Ağamalı Salyan və Neftçala rayonlarındakı kəndarası yolların da abadlaşdırılmasına ehtiyac olduğunu bildirdi.

Deputatlardan Əhliman Əmiraslanov, Flora Qasımova, Fərəc Quliyev qanun layihələrinə dair təkliflərini verdilər.

Maliyyə naziri Samir Şərifov deputatlar tərəfindən səslənən fikirlərə münasibət bildirdikdən sonra "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Sonra Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Komitə sədri bildirdi ki, respublikamızda sosial müdafiə sahəsində islahatlar mütəmadi həyata keçirilir və Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan dəyişikliklər məhz bu islahatların mühüm və tərkib hissəsi hesab olunmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirdi ki, nəzərdə tutulmuş dəyişikliklərlə fondun gəlirləri 195 min manat artırılaraq 2165540 min manata çatdırılmışdır. Bu artım illik müəyyən edilmiş məbləğin 9,9 faizini təşkil edir.

Fondun sədri qeyd etdi ki, aparılmış təhlillər vətəndaşların pensiyasının artması ilə respublikada orta aylıq pensiyanın məbləğinin təqribən 150 manata yüksələcəyini göstərir. Hesablamalar islahatın 800 mindən çox vətəndaşı əhatə etdiyini göstərir.

Deputatlar "Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə layihəyə də müsbət münasibət bildirdilər.

 

 

Azərbaycan.- 2011.-28 may.- S. 4.