Cümhuriyyətin ən gənc
naziri
Tarixdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin tərcümeyi-halına baxdıqda onlarda oxşar cəhətlərin olduğunu görürsən. Talelərindəki bənzərlik, hətta bu insanların mübarizələrində də öz əksini tapır. Moskvada, Sankt-Peterburqda və Avropanın digər şəhərlərində yüksək təhsil alan, xüsusən, Qərb mədəniyyəti ilə yaxından tanış olan bu ziyalılar öz intellektual potensialı, millətinə sədaqəti ilə XX əsrin əvvəllərində gedən proseslərdə fəal iştirak etmiş, ictimai-siyasi xidmətləri ilə xalqın milli oyanışında misilsiz rol oynamışlar. Vətənə, millətə xidmət missiyasında da onları vahid bir amal - milli mənafeyin hər şeydən yüksəkdə tutulması birləşdirmişdir. Zəngin və kəşməkəşli mübarizələrlə dolu, nəsillərə nümunə olan ömür yaşamış Mustafa bəy Nadir ağa oğlu Vəkilov da Azərbaycanın milli istiqlal hərəkatının fəal iştirakçılarından biri idi. O, Xalq Cümhuriyyəti Parlamentinin üzvü kimi fəaliyyət göstərmiş, daxili işlər naziri vəzifəsində çalışmışdır. Həmin dövrdə M.Vəkilov "Azərbaycan" qəzetinin redaksiya heyətinin də üzvü olmuşdur.
Mustafa bəy Xalq Cümhuriyyətinin qurulması ərəfəsində, eləcə də onun 23 aylıq fəaliyyəti dövründə bütün istedadını, bilik və bacarığını, gücünü dövlətçiliyin bərqərar olmasına, xalqın azadlığına həsr etmişdir. O, doğma yurduna qəlbən bağlı olsa da, ömrünün çox hissəsini qürbətdə yaşamışdır. Sovetlər Azərbaycan torpağında öz hakimiyyətlərini qurduqdan sonra cümhuriyyətin görkəmli siyasi xadimləri təqib edilir və cəzalandırılırdı. Zamanın bu gərdişi nəticəsində Mustafa bəy də öz vətənini tərk etmək məcburiyyətində qalmışdır...
M.Vəkilov
1896-cı ilin sentyabrında Qazax qəzasının Salahlı
kəndində dünyaya göz açmışdır.
Bakı gimnaziyasını qızıl medalla bitirmiş,
1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə
daxil olmuşdur. Mustafa bəyin siyasi
dünyagörüşünün formalaşmasında əmisi
Məmmədrza Vəkilovun və yaxın qohumu Əlimərdan
bəy Topçubaşovun böyük təsiri olmuşdur. O, 1917-ci ilin yazında
universiteti bitirib hüquqşünas diplomu ilə Bakıya
qayıtmışdır. Bu vaxt gənc hüquqşünas tələbəlik
illərində daxilində çağlayan arzularının həyata
keçməsinə imkan tapmış, siyasi fəaliyyətlə
daha fəal məşğul olmağa
başlamışdır. Bakıya gəldikdən az sonra
Qafqaz müsəlmanlarının, həmin ilin yazında Kiyevdə
professor Qruşevskinin başçılıq etdiyi qeyri-rus
millətlərinin qurultaylarında iştirak etmiş, həmin
ilin yayında isə Moskvada keçirilən Rusiya müsəlmanlarının
qurultayına dəvət almışdır. Bütün
bunlar Mustafa bəyin artıq siyasi aləmə tam daxil
olduğunu təsdiqləmişdi.
1917-ci ildə ölkədə
siyasi hadisələr sürətlə inkişaf edirdi və
M.Vəkilov bu mürəkkəb olayların mərkəzində
idi. Ona artıq məsul vəzifələr etibar edilirdi. Belə
ki, Əlimərdan bəy Topçubaşovun təqdimatına
əsasən xüsusi Zaqafqaziya komitəsi M.Vəkilovu
Bakı quberniyası komissarının müavini təyin
etmişdi. Gənc siyasətçi eyni zamanda, Rusiya
parlamentinin Azərbaycandan olan millət vəkili statusunu
daşıyırdı. Oktyabr ayında Mustafa bəy Bakıda
keçirilən Müsavat Partiyasının I qurultayında
MK-ya üzv seçilir. Noyabrda isə o, Zaqafqaziya
Komissarlığında daxili işlər naziri Çxenkelinin
məsləhətçisi vəzifəsini daşımağa
başlayır. Biliyi, bacarığı, məntiqi təhlil
gücü ilə seçilən siyasətçi paralel
olaraq Seymdə müsəlman fraksiyasının üzvü
kimi də çalışırdı.
1918-ci ilin mayında Azərbaycan
öz istiqlaliyyətini elan edir. Bu zamana qədər Mustafa bəy
etibarlı bir silahdaş kimi özünü doğruldaraq Əlimərdan
bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy
Yusifbəylinin və başqalarının böyük
etimadını qazanmışdı. Həmin ildə o,
artıq Xalq Cümhuriyyətində Daxiliyyə Nazirliyinin məsul
işçisi kimi çalışmağa başlayır.
1918-ci ilin iyun ayında
Mustafa bəy Vəkilov M.Ə.Rəsulzadənin
başçılığı ilə İstanbul
konfransına gedən nümayəndə heyətinin tərkibində
məsləhətçi-ekspert kimi Türkiyəyə gəlir.
O, İstanbul şəhərində nümayəndə heyəti
sədrinin bütün siyasi görüşlərinin təşkilatçısı
olur və bu tədbirlərin hər birində iştirak edir.
Azərbaycanlı nümayəndələr konfrans
iştirakçıları ilə iqtisadi, siyasi, maliyyə və
hərbi sahələrə aid danışıqlar aparır,
müqavilələr bağlayırdılar. Qeyd edək ki,
Almaniyanın, Türkiyənin, Avstriyanın,
Bolqarıstanın, Macarıstanın və Qafqazın
nümayəndələri konfransa qatılmışdılar.
Mustafa bəy Türkiyədə
olduğu vaxt oradan doğmalarına məktublar göndərirdi.
Həmin məktublardan birini 1918-ci il sentyabrın 15-də himayədarı
olan əmisi Məmmədrza ağaya yazır. Əvvəla, məktubun
rusca yazılması onu göstərir ki, Mustafa bəy hələ
gənc ikən bu dilə də mükəmməl yiyələnmişdi.
İkinci tərəfdən, məktubda həmin dövrün
siyasi cəhətdən dolğun təhlil olunması, cərəyan
edən hadisələrə düzgün qiymət verilməsi
diqqəti çəkirdi. Üçüncü isə məktubun
hər cümləsində cavan hüquqşünasın
öz xalqının taleyi üçün
nigarançılığı aydın hiss olunurdu: "Hər
gecənin bir gündüzü var. Türkiyə
üçün nəyin yaxşı olduğu hələ bəlli
deyildir: güclü və qalibiyyətli müttəfiq
Almaniya, yoxsa İngiltərə və Almaniya arasında siyasi
balanslaşdırma. Biz onun öz zəif müttəfiqi
Türkiyə ilə nə sayaq rəftar elədiyinin bu
yaxınlaradək şahidi idik.
Öz daxili həyatlarında
türklər islahatlar və idarəetmədə mərkəzdənqaçma
yolu tutublar. Ərəbistana bir qism muxtariyyət vəd edilir.
Azərbaycana gəldikdə isə... əgər gələcək
sülh konqresinə Qafqazın bütün xalqları dost və
həmrəy kimi gələrlərsə və bütöv
kimi çıxış edərlərsə, onda onlar öz istiqlallarının
bu və ya digər şəkildə tanınmasına nail
olarlar. Ərazilərin hüdudlanması məsələsində
ermənilər böyük inadkarlıq göstərəcəklər,
hərçənd sərhədlər məsələsi
burada həllini tapmayıb, belə ki, konfederasiya baş
tutmayıb, özü də ermənilər təkcə Qazax
qəzasının dağlıq hissəsinə deyil, həm də
Şuşa qəzasının böyük bir hissəsinə,
Cavanşir və Zəngəzur qəzalarının bir hissəsinə
iddia irəli sürürlər".
1918-ci ilin sonunda, təxminən
yarım illik ayrılıqdan sonra Mustafa bəy Vəkilov vətənə
qayıdır və onun həyatında yeni bir dövr
başlanır. Çünki İstanbul həyatı ona daha
geniş siyasi biliklər və zəngin təcrübə bəxş
edir. Dekabrın 7-də Azərbaycan parlamenti
açılır və Vəkilov onun üzvü
seçilir. Parlamentin büdcə-maliyyə
komissiyasının üzvü kimi fəaliyyət göstərir,
bu sahədə qayda-qanuna riayət olunmasına nəzarət
edir. Lakin 1919-cu ilin sonunda Nəsib bəy Yusifbəylinin təşkil
etdiyi kabinədə daxili işlər nazirinin müavini təyin
olunduğundan həmin komissiyadan çıxır. M.Vəkilov
1919-cu ilin dekabrında keçirilən Müsavat
Partiyasının II qurultayında yenidən MK-ya üzv
seçilir. Növbəti il fevralın 18-də isə ona
daxili işlər naziri vəzifəsi etibar edilir. Onda Mustafa bəyin
cəmi 23 yaşı vardı və o, ölkədə ən
gənc nazir idi. Buna baxmayaraq nazirliyin işini layiqincə icra etməyi,
baş verən hadisələrə operativ surətdə
müdaxiləsi, təxirəsalınmaz tədbirlər
görməyi və kadrları seçib onlarla birgə
çalışmağı bacarırdı.
Mustafa bəy Nadir ağa
oğlu təbiətcə də çox cəsarətli və
şücaətli bir insan idi. 1920-ci il yanvarın 14-də
Zaqafqaziya dövlətlərinin istiqlaliyyətini Antanta
dövlətlərinin tanıması ilə bağlı
parlament iclası keçirilərkən "Süngülərin
ucunda azadlıq gətirilmir" - deyə replika atması onun
öz xalqının müstəqilliyini qorumaq
üçün heç nədən çəkinmədiyini
təsdiqləyir. Bununla o, çatdırmaq istəyirdi ki,
sosialistlərin vəd etdiyi azadlıq, əslində,
azadlıq deyil. Çünki zorla, zərbə ilə,
süngü ilə gələn hakimiyyət heç vaxt xalqa
azadlıq gətirə bilməz.
1920-ci ilin yazında
cümhuriyyət özünün narahat günlərini
yaşayırdı. Bu dövrdə Mustafa bəy Vəkilov Azərbaycanın
istiqlaliyyətini, demokratiya və dövlətçiliyini
qorumaq üçün var qüvvəsi ilə
çalışırdı: həm vətəndaş, həm
də nazir kimi.
Martın 22-də Mustafa bəy
Vəkilovun "Bakı rayonu fəhlələrinə Daxiliyyə
Nazirliyindən" adlı müraciəti yayıldı. Nazir
o çətin, kəşməkeşli günlərdə
hadisələrin mahiyyətini açıqlamağa,
insanların "gözünü açmağa"
çalışırdı: "Zəhmətkeşlərin
mənafeyi keşiyində dayanan cümhuriyyətin ali inzibati
orqanı fəhlə sinfinin öz iqtisadi və hüquqi vəziyyətini
yaxşılaşdırmaq üçün
apardığı mübarizəyə qarışmaq niyyətində
deyildir, lakin fəhlə sinfinin mənafeyinin müdafiəsi
ilə pərdələnərək cinayətkar təbliğat
və planlar yolu ilə öz pozuculuq işini aparan kənar
qüvvələrin agentlərinin dövlətə zidd
çıxışlarını sərəncamımda olan bütün
vasitələrlə yatırdacağıq".
Nazir nə üçün
bu qərarda olduğunu aydınlaşdıraraq deyirdi ki,
sözügedən əməllər Azərbaycan
demokratiyasına zidd olan ünsürlər tərəfindən
kənardan diktə edilir və Azərbaycan Cümhuriyyətinin
istiqlalını, eləcə də fəhlə sinfinin
özünün rifahını hədələyir. O, fəhlələrə,
eyni zamanda, onların şəxsində bütün insanlara
müraciət edərək yazırdı: "Vətəndaş
fəhlələr! Məsuliyyətsiz, qara niyyətli və
satqın təbliğatçıların fitnələrinə
uymayın. Dövlətin qayda-qanunlarını mütəşəkkil
halda qorumağınız - istiqlalımızı və
azadlığımızı möhkəmləndirməyin rəhnidir.
Öz demokratik hökumətinizin işini müdafiə edin və
möhkəm əmin olun ki, hər bir ədalətli iqtisadi və
hüquqi iddianız Daxiliyyə Nazirliyi tərəfindən
tam hüsn-rəğbət və coşqun həmrəyliklə
qarşılanacaqdır".
Bu dövrdə erməni xəyanətkarlığı
yenə də tüğyan edirdi. 1920-ci ilin ağır mart
günlərində Mustafa bəy öz nazir kabinetində qərar
tuta bilməmiş, hadisələrin qaynar nöqtəsinə
- Qarabağa getmişdi. On günə yaxın orada
qalmış və qayıdandan sonra, aprelin 1-də parlamentin
iclasında çıxış edərək deputatlara
mövcud vəziyyət barədə ətraflı məlumat
vermişdir. O, əmin olduğunu bildirmişdir ki, xalqın və
rəşadətli əsgərlərin köməyi ilə
tezliklə ərazilərimiz düşməndən təmizlənəcək.
Lakin 1920-ci ilin aprel ayında
çevriliş baş verir və Mustafa bəy onunla eyni kənddən
olan Xədicə Müftizadə adlı qadının evində
gizlənir. 10-15 gün burada qalan Mustafa bəyi bolşevik xəfiyyələri
hər yerdə axtarırdılar. Buna görə də Mustafa
bəy vətənini tərk etmək qərarına gəlir
və silahdaşlarının köməyi ilə
Mübarizə isə bitmir -
Mustafa bəy Vəkilov Tiflisdə məskunlaşdıqdan
sonra da üzvü olduğu partiyanı unutmur və onun gizli fəaliyyətlə
məşğul olan strukturları ilə əlaqə
saxlayır. O, silahdaşlarına yazdığı məktublarda
yenə də siyasi prosesləri təhlil edir, vəziyyətdən
çıxış yollarını göstərirdi:
"Gürcülər ermənilərə, ermənilər də
gürcülərə inanmır - onlar bir-birini aldadır.
Türkiyənin vəziyyəti ağırdır, onun ərazisinin
bir hissəsi Antanta tərəfindən tutulub. Türkiyə
ancaq öz azadlığı uğrunda mübarizə apara
bilir. İngiltərə və Fransa kimi güclü dövlətlərə
isə inanmaq olmaz. Onlar bir əsgərini də qurban verməyəcəklər.
Onlar hər bir qruplaşmaya yardım edəcəklər ki,
toqquşmalar, çəkişmələr baş alıb
getsin".
Mustafa bəy "Təşkil
olunmaq lazımdır" - deyə xalqa müraciət edirdi.
Sovet hakimiyyəti devrilən zaman - hərçənd ki, o,
buna inanırdı - hakimiyyəti heç kəsə verməməyə
çağırırdı.
Bir neçə aydan sonra M.Vəkilov
Gürcüstandan Türkiyəyə keçir. Sonra geriyə
qayıdır və yenidən İstanbula dönür. Bu vaxt
artıq 1921-ci ilin əvvəlləri və Tiflisin rus-sovet
qoşunları tərəfindən işğalının ərəfəsi
idi...
Mustafa bəy Türkiyədə
Müsavatın xarici bürosunun fəalları sırasına
qoşulur. 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzi
yaradılanda M.Vəkilov buranın Mərkəzi Komitəsinin
üzvü seçilir. Təşkilatın vəzifəsi
siyasi mühacirəti vahid toplumda birləşdirmək idi. O,
burada Müsavat Partiyasını təmsil edirdi. Mustafa bəy
həmçinin 1928-ci ildə yaradılmış
"Prometey" təşkilatının fəaliyyətində
iştirak edirdi. Təşkilatın əsas məqsədi
sovet quruluşunu devirmək idi. Həmin illərdə M.Vəkilov
Azərbaycanda baş verən olayların bütün Avropaya
çatdırılmasında misilsiz işlər
görürdü. 1929-cu ildə Mustafa bəy Azərbaycan
Milli Mərkəzindən istefa verir və Polşaya gəlir.
Beləliklə,
1930-1940-cı illərdə M.Vəkilovun həyatı Avropa ilə
bağlı olur. O, bir müddət Polşada yaşayır.
Sonra Almaniyaya gedir, oradan Fransaya və İsveçrəyə
yola düşür.
Qeyd edək ki, Mustafa bəy
rus dilindən əlavə bir çox xarici dilləri də
mükəmməl öyrənmişdi. Mühacir həyatı
yaşadığı illərdə Türkiyənin əksər
mətbu orqanlarında - "Yeni Qafqaziya", "Azəri
türkü", "Odlu yurd", "Azərbaycan yurd
bilgisi" dərgilərində çıxış
etmişdi. Onun Parisdə fransız dilində olan
"Prometey" jurnalında, eləcə də alman və rus
dillərində çıxan nəşrlərdə onlarla məqaləsi
dərc olunmuşdu. Berlində nəşr edilən
"Qurtuluş", Fransada rus dilində olan "Kavkaz"
jurnallarında Azərbaycanın tarixi ilə bağlı siyasi
memuarları çapdan çıxmışdır.
Varşavada yaşadığı dövrdə
"Prometey" adlı siyasi klubun ikinci rəisi olmuşdur.
Mustafa bəyin yazılarına "Azərbaycan",
"Mücahid" və digər dərgilərdə də
rast gəlinirdi. Yazdıqlarının hamısı siyasət
və tarix mövzusunda olsa da, öz publisistik dəyərinə,
təhlilin dərinliyinə görə diqqəti cəlb
edirdi. Başqa sözlə desək, Mustafa bəy həmçinin
əsl mühərrir qələminin sahibi idi.
Bu da təsadüfi deyildi.
Çünki o, hər şeydən öncə, ədəbiyyatı
çox sevirdi, mütaliəsi güclüydü. Xüsusilə,
poeziyanın vurğunu idi. M.Ə.Sabirin şeirlərindən
doymaq bilmirdi. Səməd Vurğunla isə qohum, daha dəqiqi,
eyni soyadını daşıyan əmizadə idilər. O, bu
böyük şairlə fəxr edirdi. Amma təəssüf
ki, Vətəndə yaşayan çoxsaylı
qohumlarının - istər adlı-sanlı olan, istərsə
də sadə həyat sürən doğmalarının biri
ilə əlaqə yarada bilməmişdi. Sovet rejimi
dövründə, əlbəttə, bu, mümkün
deyildi... Onunla ünsiyyətdə olmuş insanların dediklərinə
görə, uzun illər uzaqlarda yaşasa da,
danışıq tərzində doğma Qazax ləhcəsinin
şirinliyini ömrünün sonuna qədər qoruyub
saxlamışdır.
Qəribədir ki,
dünyanın harasına getsə də, Mustafa bəyi həyat
yolları yenidən Türkiyəyə gətirmişdi. Hətta
başqa ölkələrdə yaşadığı zaman da
tez-tez buraya gəlirmiş. Bəlkə bu da bir alın
yazısı imiş. Çünki ona son mənzil də
ömrü boyu gəzib-dolaşdığı, işlədiyi
və yaşadığı ölkələrin heç birində
deyil, məhz Türkiyədə qismət olmuşdu.
Beləliklə, İkinci
dünya savaşının sonlarında o, Amasiyaya gəlir.
Burada yaşayan qohumları ilə görüşür. Həmçinin
ailə həyatı qurur və sonra Ankara şəhərinə
qayıdır. Ankarada yaşadığı illərdə
öz ixtisası üzrə işləyir, Vilayətlər
Bankının baş hüquq məsləhətçisi olur.
...Azərbaycanın Qazax
mahalında dünyaya göz açan Mustafa bəy 1965-ci ilin
sazaqlı bir noyabr günündə Ankarada vəfat edir.
Çox təəssüf ki, Vətən eşqini
ömrü boyu qəlbinin dərinliyində gəzdirən və
uzaqlarda ola-ola xalqının azadlığına, rifahına
çalışan bu insan haqqında uzun illər heç
deyilməmiş, bir sətir belə,
yazılmamışdı. Onun barəsində Bakı mətbuatında
yalnız 80-ci illərin sonlarında məlumatlar verilməyə
başlamışdır. Mustafa bəyin mühacirətdəki
fəaliyyəti onun vətəndə yaşayan qohum-əqrəbalarına,
qardaş-bacısına böyük zərbələr
vurmuşdur. Güllələnən, sürgün edilən, təqiblərə,
təzyiqlərə məruz qoyulan Vəkilovların "cinayət
işləri"ndə hökmən Mustafa bəyin adı
çəkilmiş, bu adamların onunla qohumluqları müxtəlif
bucaqlar altından hallandırılmışdır.
Mustafa bəy Vəkilov Xalq
Cümhuriyyəti dövrünün qaynar və zəngin
ictimai-siyasi hadisələrində öz dəst-xətti ilə,
vətəninə və xalqına sədaqəti ilə
seçilən, dövlətçilik tariximizdə şərəfli
yer tutan şəxsiyyətlərdən olmuşdur.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.-28 may.- S. 6.