Çin Azərbaycanı bölgədə
özünə vacib tərəfdaş hesab edir
Çin Xalq Respublikasında keçirilən Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Pekində səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri ilə mayın 27-də Çin Kommunist Partiyasının Mərkəzi Komitəsində (ÇKP MK) görüş olmuşdur.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılmışdır.
ÇKP MK-nın idarə rəisi Tien Yonqsianq Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafının məmnunluq hissi doğurduğunu qeyd edərək bildirdi ki, ölkəsi Azərbaycanı bölgədə özünə vacib tərəfdaş hesab edir və Azərbaycanın sürətli, sabit inkişafına sevinir. Bu da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olmuşdur.
Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan rəhbərliyinin Çin ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd etmişdir.
Ölkələrimizin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini vurğulayan Siyavuş Novruzov bildirmişdir ki, mövcud siyasi, iqtisadi, mədəni və s. istiqamətlərdə əlaqələrin genişləndirilməsi üçün daha böyük potensial mövcuddur.
Görüşdə iki ölkənin hakim partiyaları - Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanmış və mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün konkret təkliflər verilmişdir.
Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi
müxbiri
Pekin
Azərbaycan.- 2011.-28 may.- S.7.