Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri uğurla başa çatmışdır

 

Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri mayın 27-də uğurla başa çatmışdır.

İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtdırmaq məqsədi daşıyan tədbirin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Çinin Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki səfirliyidir.

Mədəniyyət Günlərində iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev, Səbail Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və digər şəxslər daxil idilər.

Mayın 24-də Çin Milli Muzeyində bu ölkənin yüksək vəzifəli şəxslərinin, ölkə ictimaiyyətinin nümayəndələrinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, soydaşlarımızın, tələbələrin iştirak etdikləri rəsmi açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Çin mədəniyyət nazirinin müavini xanım Gao Şaxua çıxış edərək mədəni əməkdaşlığımızın tarixindən və hazırkı vəziyyətindən danışmışlar.

Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər. Azərbaycan dövlət rəqs ansamblının, Azərbaycan Dövlət Kamera Orkestrinin, muğam ifaçılarının möhtəşəm konserti olmuşdur. Zala toplaşanların qəlbini riqqətə gətirən Azərbaycan musiqisi hələ uzun müddət çinli sənətsevərlərin yadında qalacaqdır.

Həmin gün axşam Pekin Universitetinin akt zalında Azərbaycan incəsənət ustalarının daha bir konserti olmuşdur.

Mayın 25-də Pekindəki məşhur Pu Du məbədində ölkəmizə aid sərginin açılışı olmuşdur. Azərbaycan nümayəndə heyətinin və Çin hökuməti təmsilçilərinin də iştirak etdikləri sərginin "Azərbaycan: ənənə və müasirliyin qovşağında" adlı foto bölməsində ölkəmizin memarlıq abidələri, turizm potensialı və təbiət mənzərələri, Bakının müasir inkişafı əks olunmuşdu. Bu fotoşəkillər ölkəmiz haqqında aydın təsəvvür yaratmaqla yanaşı, Azərbaycanda peşəkar bədii fotoqrafiya sənətinin inkişafını əks etdirməyə xidmət edir.

Azərbaycan xalqının zəngin geyim ənənələrini özündə əks etdirən milli nümunələr də qonaqların marağına səbəb olmuşdur. Bundan başqa, sərgidə Bakıdakı miniatür kitab muzeyindən götürülmüş 500-dək kitab nümayiş etdirilmişdir. Ekspozisiyaya çin dilində olan kitablar da daxil idi.

Həmin gün Azərbaycan nümayəndə heyətinin Çinin mədəniyyət naziri Çay U ilə görüşü olmuşdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Siyavuş Novruzovun, Milli Məclisin deputatı Rauf Əliyevin və digər şəxslərin iştirak etdikləri görüşdə iki ölkə arasında mədəni sahədə əlaqələr geniş müzakirə olunmuşdur.

Görüşün sonunda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Çinin Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol imzalanmışdır.

Mayın 27-də Azərbaycan Mədəniyyəti Günləri Çinin tarixi liman şəhəri olan Yentayda yekun konsertlə başa çatdı.

Yentay Böyük Teatrında baş tutan konsertdə çinli sənətsevərlər Azərbaycan musiqisinə, incəsənətinə böyük maraq göstərdilər. "Odlar Yurdu Azərbaycan" rəqs kompozisiyası ilə başlayan konsertdə klassik musiqimiz, muğamlarımız ifa olunmuşdur.

Bu cür mədəniyyət günləri Odlar Yurdunun qədim mədəniyyətini dünyanın ən böyük ölkələrindən olan Çində tanıtdırmaq baxımından xüsusi rol oynayır.

Mədəniyyət günləri barədə fikirlərini müxbirimizlə bölüşən Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov demişdir ki, əsrlər boyu dünya mədəniyyət xəzinəsinə öz incilərini bəxş edən Azərbaycan və Çin arasında mədəni əlaqələrin böyük tarixi vardır. Hazırda ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrimiz ölkə rəhbərlərinin dəstəyi sayəsində daha da genişlənir. Çünki bu cür tədbirlər iki ölkə arasında mədəni sahədə əməkdaşlığı möhkəmləndirir. Hesab edirəm ki, mədəniyyət günləri xalqlarımızı bir-birinə yaxınlaşdıracaq, Çində Azərbaycana marağı daha da artıracaqdır.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

 

Azərbaycan.- 2011.-28 may.- S.7.