Azərbaycan Respublikası hökuməti "Microsoft" şirkəti ilə proqram təminatının qanuniləşdirilməsinə dair saziş imzalamışdır

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 27-də Azərbaycan Respublikası hökuməti ilə "Microsoft" şirkəti arasında saziş imzalanmışdır. Bu sənəd bütün ölkədə proqram piratlığının azaldılmasına və sazişin əhatə etdiyi bütün hökumət idarələrində qanuni lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasına kömək edəcəkdir. Azərbaycan hökuməti saxta proqram təminatı ilə bağlı riskləri azaltmaq və beləliklə də vətəndaşlara, biznes subyektlərinə və hökumət işçilərinə göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədilə "e-hökumət" xidmətlərinin yaradılması öhdəliyini götürmüşdür. Sazişin məqsədi Azərbaycanda piratlıq səviyyəsinin endirilməsinə yönəldilmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir: "Mən əminəm ki, Azərbaycanın "Microsoft" şirkəti ilə imzaladığı bu saziş ölkə üçün növbəti bir neçə ildə prioritet sahə hesab edilən informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində atılmış böyük bir addımdır. Bu sənəd Azərbaycanın regionda mühüm rol oynadığını və onun müasir texnologiyaları daha da inkişaf etdirmək, kadr potensialını gücləndirmək və nəhayət, elmə və biliyə əsaslanan iqtisadiyyat qurmaq niyyətini təsdiqləyir".

"Microsoft" şirkətinin vitse-prezidenti Robert MakDauel bildirmişdir ki, bu saziş qarşıdan gələn illərdə Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-28 may.- S. 7.