Azərbaycanın statistikası
Avropa standartları səviyyəsində təkmilləşdirilir
Azərbaycan Respublikası ilə
Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin
intensivləşməsi, qonşuluq siyasəti sahəsində
əldə olunmuş nailiyyətlər ölkəmizin
statistikasının Avropa standartlarına, xüsusilə,
Avropa Statistika Sisteminə tam
uyğunlaşdırılmasını zəruri edir. Məhz
bu amil Azərbaycanda Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsini
(QQ) şərtləndirmişdir. Qlobal Qiymətləndirmə
nədir? Bu termin ilk dəfə 2001-ci ildə Aİ Statistika
Bürosunda (Avrostat) yaradılıb və o vaxtdan bəri bir
çox ölkələrin statistika xidmətləri, o
cümlədən MDB ölkələrindən Rusiya, Ukrayna
Məlum olduğu kimi,
statistika vasitəsilə iqtisadi, sosial və həyatımızda
baş verən bir çox digər proses və hadisələr
qiymətləndirilir. Bəs statistikanın özünü
necə qiymətləndirmək olar? Müasir milli rəsmi
statistika sistemi necə olmalıdır? Bu suallara cavabı
statistika sisteminin qlobal qiymətləndirilməsi verir.
Rəsmi statistika ölkədəki
informasiya sisteminin mühüm hissəsidir və informasiya məkanının
formalaşdırılmasında fəal iştirak etməklə
iqtisadiyyat, sosial həyat, demoqrafiya, ekologiya sahəsində
yayımlanan məlumatlarla ictimai rəyə ciddi təsir
göstərir. Azərbaycan öz dövlət müstəqilliyini
bərpa etdikdən sonra statistikanın islahatı və
inkişafına xüsusi diqqət yetirilmiş, 1993-cü ildən
başlayaraq rəsmi statistikanın islahatı və təkmilləşdirilməsi
ilə bağlı 4 beşillik dövlət proqramı qəbul
edilmişdir.
Qlobal qiymətləndirmənin
məqsədi ölkənin rəsmi statistika sisteminin
inkişaf səviyyəsinə dair dəqiq məlumatın əldə
edilməsidir. "Rəsmi statistika haqqında" qanun
ölkədə dövlət statistika orqanlarının vəzifələrinin
yerinə yetirilməsi, inzibati statistikaya dair hesabatların təsdiqi,
məlumatlara tam giriş və onları yaymaq kimi imkanları
yaradır, "inzibati statistika" istehsalının əlaqələndirilməsi
üçün hüquqi bazanı təşkil edir.
"Rəsmi statistika
haqqında" qanunun aspektləri BMT-nin rəsmi
statistikanın əsas prinsiplərinin tanınması, ölkədəki
statistika orqanlarının rolu, səlahiyyətləri və məsuliyyətləri,
eləcə də digər şəxslərlə əlaqələri
və demokratiya və bazar iqtisadiyyatına xidmət edən
müasir statistika sisteminin funksionallığının
uyğunluğu üçün vacib sənəddir. Peşəkar
müstəqillik, həmçinin obyektivlik və ədalətlilik
qanunda öz əksini tapmışdır. Fiziki şəxslər
və inzibati mənbələrdən məlumat toplanması
da daxil olmaqla, Dövlət Statistika Komitəsi qanunla müəyyən
edilmiş məlumatların toplanması üçün
güclü və yaxşı təşkil edilmiş səlahiyyətlərə
malikdir.
Qanun Statistika
Şurasının dəstəyi ilə Dövlətstatkomu
güclü əlaqələndirici funksiya ilə təmin
edir. Şura Dövlət Statistika Komitəsinin yanında
ictimai əsaslarla fəaliyyət göstərir, məsləhətverici
orqandır, statistika sisteminin və Dövlətstatkomun infrastrukturunun
inkişafı üçün hədəfləri müəyyənləşdirir.
Şuranın üzvləri Nazirlər Kabinetinin qərarı
ilə 5 il müddətinə təsdiq edilir.
Statistik məxfiliyə aid
olan müddəaların aydınlığı
üçün qanuna məxfi məlumatların, birbaşa və
dolayı yolla tanınmaların və yekun (ümumiləşdirilmiş)
məlumatların məxfiliyinə uyğun qaydaların tərifləri
daxil edilmişdir. Məxfi məlumatlara girişi olan
işçilər, vəzifələrini dayandırdıqdan
sonra belə, bu məlumatların məxfiliyinin
qorunmasını təmin etmək üçün məsuliyyət
daşıyırlar. "İnzibati Xətalar Məcəlləsi"nə
uyğun olaraq, statistik məlumatların məxfiliyinin
pozulması hallarına görə cərimə tətbiq
olunur. Milli Statistika Sisteminin (MSS) peşəkar müstəqillik,
obyektivlik və ədalətlilik prinsiplərinin "Rəsmi
statistika haqqında" qanunda öz əksini tapması,
Dövlətstatkomun məlumatların toplanmasında təsirli
və şəffaf səlahiyyətlərə malik olması,
statistik məxfilik anlayışının qanunda çox dəqiq
qeyd olunması, prosedura və tədbirlərin məxfilik
prinsiplərinə əməl olunmaqla təmin edilməsi təqdirəlayiqdir.
"Rəsmi statistika
haqqında" qanuna əsasən, dövlət statistika
orqanları rəsmi statistika məlumatlarının
istehsalçısı kimi mərkəzi rola, məlumatların
toplanması üçün güclü, aydın və
yaxşı təşkil edilmiş səlahiyyətlərə
malikdir və Azərbaycanın MSS-nin əlaqələndiricisidir.
Statistika orqanlarının ölkə ərazisində və
ölkədən kənarda yerləşən hüquqi şəxslərdən,
respublika ərazisində fəaliyyət göstərən
xarici hüquqi şəxslərdən statistik məlumat əldə
etmək hüquqları vardır. Həmçinin Dövlətstatkomun
ölkə vətəndaşlarından və fiziki şəxslərdən
məlumat toplamaq hüquqları vardır (iqtisadi və ya əhalinin
siyahıyaalınmaları). Respondentlərə vaxtında və
düzgün məlumat təqdim etməmək, təhrif etmə
və ya gecikmə hallarına görə cərimələr
tətbiq edilə bilər.
Qanunda inzibati məlumatlara
giriş də əks olunmuşdur. Qanun Dövlətstatkoma
inzibati statistikaya dair hesabatları təsdiq etmək, bu məlumatlara
tam girişi və onları yaymaq kimi imkanlarla yanaşı,
"inzibati statistika"nın istehsalının əlaqələndirilməsi
üçün bazanı təşkil edir. Bütün
dövlət orqanları Dövlətstatkoma öz səlahiyyəti
çərçivəsində inzibati statistik məlumatlara
girişi təmin etməyə və müəyyən
olunmuş vaxtda və qaydada statistik məlumatların
istehsalı üçün zəruri olan məlumatları təqdim
etməyə borcludurlar. İnzibati mənbələrə
giriş respondentlərə düşən yükü
azaldır, dövlət və yerli orqanlar tərəfindən
paralel görülən işlərdən qaçmağa
imkan verir.
Dövlətstatkom ölkədə
rəsmi statistika məlumatlarının
istehsalçısı kimi mərkəzi funksiya və səlahiyyətlərə
və Azərbaycanın MSS-in əlaqələndirici
funksiyasına malik olmaqla, rəsmi statistikanın təxminən
80 faizinin istehsalçısıdır. Əlaqələndirici
funksiya "Statistik işlər proqramı"nda, eləcə
də "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə
dair Dövlət Proqramı"nda əks olunmuşdur. Ümumiyyətlə,
Dövlətstatkom və onun yerli orqanları kifayət qədər
potensiala, eləcə də dövlət proqramında nəzərdə
tutulmuş tədbirlərin əhatə olunması
imkanlarına malikdir. Dövlətstatkom yüksək keyfiyyətli
statistikanı təmin edir. İstehsal prosesində nəzarət
üçün prosedurlar təqdirəlayiqdir. Yaxın gələcəkdə
daha sistematik və mükəmməl idarəetmə, nəzarət
və qiymətləndirmə planlaşdırılır. Dövlətstatkomun
vəzifəsi, əsasən, istifadəçilərin
ehtiyaclarını statistik nəşrlərlə təmin etməkdən
ibarətdir. Son vaxtlar statistik məlumatların internet vasitəsilə
təqdimatı əhəmiyyətli dərəcədə
artmışdır.
"Rəsmi statistika
haqqında" qanunda müəyyənləşdirilmişdir
ki, Dövlət Statistika Komitəsi Azərbaycan
Respublikasının mərkəzi icra orqanları sistemində
fəaliyyət göstərir və respublikada rəsmi
statistikanı həyata keçirir, güclü əlaqələndirici
rola malikdir. 14-cü maddədə deyilir: paralelçiliyə
yol verməmək, ikiqat işdən qaçmaq, vahid təsnifat
və metodlardan istifadəni və əldə edilmiş nəticələrin
rəsmi statistikaya uyğunluğunu təmin etmək məqsədi
ilə inzibati statistika materiallarının istehsalı
üçün statistika hesabatları Dövlətstatkom tərəfindən
təsdiq edilir.
Dövlətstatkom statistik
müayinələr əsasında vaxtında və geniş
statistik məlumatlar istehsalına malikdir, inzibati məlumat mənbələri
əsasında registrlərdən müşahidələr
üçün istifadə edilir. Təsnifatlar sistemi beynəlxalq
standartlara uyğundur, təkmilləşmə və təsnifatlardan
daha səmərəli istifadə üçün perspektiv tədbirlər
nəzərdə tutulmuşdur. Metodologiya, eləcə də
müayinələrin planlaşdırılması, seçmə,
statistika məhsullarının inteqrasiyası sahəsində
daha yüksək səmərəlilik əldə etmək
üçün addımlar atılır. Əhalinin 2009-cu il
siyahıyaalınmasının nəticələri seçmə
bazanın təkmilləşdirilməsi, eləcə də
ölkə ictimaiyyətinə geniş təhlillər
üçün dəyərli mənbə olacaqdır. Məşğulluq
və işsizlik statistikası üçün zəngin mənbə
olan əmək bazarı statistikası müəssisə məlumatlarına
və rüblük işçi qüvvəsi müayinələrinə
əsaslanır. Ev təsərrüfatı müayinələri
gəlirləri, yaşayış səviyyəsini və ev təsərrüfatı
xərclərini əks etdirir; əsas göstəricilərdən
ölkədə sosial vəziyyəti qiymətləndirmək,
eləcə də milli hesablar və qiymət statistikası
üçün istifadə olunur. 2009-cu ildə MHS-93-ün
yerinə yetirilməsi və MHS-2008-in tətbiqi məsələlərini
əhatə edən üç illik fəaliyyət planı
hazırlanaraq təsdiq edilmişdir. MHS göstəricilərində
Avropa Fəaliyyət Növləri Təsnifatının (AFNT)
2-ci nəşrinin tətbiqinin 2011-2012-ci illərdə mərhələlərlə
həyata keçirilməsi
planlaşdırılmışdır. Qiymət statistikası
yaxşı təcrübəyə və beynəlxalq
standartlara tam uyğundur. Biznes statistikası biznes fəaliyyətləri
üçün geniş göstəricilər şəbəkəsini
təmin edir. Nəqliyyat statistikası kifayət qədər
yaxşı inkişaf etmişdir, özəl sahibkarlar da daxil
olmaqla, quru yol nəqliyyatını əhatə etmək
üçün mühüm təşəbbüslər
göstərilmişdir. Kənd təsərrüfatı
statistikası yaxşı əhatə olunub.
İnformasiya
texnologiyaları funksiyasını Baş Hesablama Mərkəzi
həyata keçirir. Bu, bir tərəfdən məlumatların
toplanması, işlənməsi və onlara nəzarət kimi
statistik məhsulları yaratmaq üçün statistik proseslər
çərçivəsində fəaliyyətlər, məlumatların
regional idarələrdən mərkəzi idarəyə
ötürülməsi və statistik bülletenlərin nəşri
ilə, digər tərəfdən isə BHM proqram təminatının
inkişafı ilə əlaqədardır. Proqram təminatının
inkişafı fərdi statistik məhsullara və eyni zamanda,
yeni proqram təminatı vasitələrinə əsaslanır.
BHM, digər ölkələrin Milli Statistika İdarələrinin
İT bölmələri kimi, statistik proseslərdə daha
güclü rola malikdir.
Son 3 ildə informasiya
texnologiyaları mühiti təkmilləşdirilmiş, mərkəzi
aparatda vahid lokal şəbəkə
quraşdırılmışdır. Dövlətstatkomun
bütün işçilərinin lokal şəbəkəyə
girişi vardır. Lokal şəbəkə təxminən
400 istifadəçiyə xidmət edir. Hesablama sisteminin
imkanı və xidmətlərin səmərəliliyi
davamlı şəkildə genişləndirilmişdir.
Yaxın gələcəkdə
məlumat bazaları və inzibati məlumatların registri,
statistik proseslər üçün inteqrasiya olunmuş və
standartlaşdırılmış vasitələr, daxili və
xarici istifadəçilərin daha çox metaməlumatla təmin
edilməsi vacib rol oynayacaqdır və Dövlətstatkom tərəfindən
yaradılmasına başlanılmış keyfiyyətin idarə
olunması sistemi belə çağırışlar
üçün misaldır.
Daxili monitorinq sahə
şöbələrinin rəhbərlərinin cavabdehliyindədir.
Statistik istehsal prosesinin (müayinələri
planlaşdırılması, layihələrin
hazırlanması, məlumatların toplanması, işlənməsi,
təhlili və nəşri) mərhələlərinin
keyfiyyətinin monitorinqi üçün prosedur və metodlar
lazımi qaydada tətbiq edilmişdir. Bütün müayinələr
üçün sahə əməliyyatları, məlumatların
daxil edilməsi, kodlaşdırılmasına lazımi qaydada
nəzarət edilir.
Statistik istehsal prosesləri
üçün sahələr üzrə daxili əl
kitabçaları, təlimatlar və tövsiyələr, ev
təsərrüfatları müayinələri üzrə
sayıcılar üçün isə əl
kitabçaları mövcuddur. Statistik məlumatların təqvimi
ictimaiyyət üçün açıqdır və
Dövlətstatkomun veb səhifəsindən əldə etmək
olar. İllik proqramda nəzərdə tutulmuş statistik
göstəricilər üçün məlumatlar sistematik
olaraq toplanır.
Keyfiyyətin xarici monitorinqi
BVF tərəfindən aparılmışdır. Azərbaycan
2001-ci ildən etibarən Məlumatların
Yayılmasının Ümumi Standartına (GDDS)
qoşulmuşdur. Müvafiq makroiqtisadi göstəricilər, ətraflı
metaməlumatlar, BVF-nin Məlumatların Keyfiyyətinin Qiymətləndirilməsi
Çərçivəsi (DQAF) əsasında məlumatların
keyfiyyətinin qiymətləndirilməsi, təkmilləşdirmə
üçün təkliflər və onların icrası
üçün planlar ictimaiyyət üçün
açıqdır.
Dövlətstatkom statistik məhsullar
üçün standart sənədləşdirmənin təkmilləşdirilməsi
və keyfiyyətin idarə edilməsi sisteminin həyata
keçirilməsini hazırlamışdır. Standart sənədləşdirmədə
məqsəd istifadəçiləri daha yaxşı metaməlumatla
təmin etməkdən ibarətdir. Dövlətstatkom statistik
külliyyatların, bülletenlərin, xülasələrin,
pres-relizlərin və digər statistik materialların
hazırlanmasına, onların istifadəçilər
arasında yayılmasına, mətbuatda ictimai maraq kəsb edən
statistik məlumatların nəşrinə, həmçinin rəsmi
statistikanın əhəmiyyətinin geniş ictimaiyyətə
izah edilməsinin təşkil olunmasına cavabdehdir. İstifadəçilərin
statistik məlumatlarla təmin edilməsində məlumat
daşıyıcılarının bütün mümkün
formalarından, o cümlədən xüsusi nəşrlərdən,
kütləvi informasiya vasitələrindən və digər
vasitələrdən istifadə edilir. Statistik məlumatların
məzmununun hazırlanmasına istifadəçilər cəlb
olunur və proqram razılaşmaq üçün Nazirlər
Kabinetinə təqdim edilməzdən əvvəl nazirliklər,
Mərkəzi Bank və s. aparıcı istifadəçilərlə
yazılı məsləhətləşmələr
aparılır.
Əldə edilmiş təcrübələr,
məlumat istifadəçilərinin fikirlərinin ümumiləşdirilməsi
və onların rəyləri nəzərə alınmaqla,
2009-cu ildə istifadəçilərin rəyinin öyrənilməsinə
dair müayinə keçirilmişdir. Dövlət
orqanlarını, tədqiqat institutlarını, mətbuatı,
müxtəlif agentlikləri, maliyyə və digər müəssisələri
təmsil edən 2151 respondentdən cavablar
alınmışdır. Suallar əsasən məlumatın
keyfiyyətini (tamlığı, dövriliyi, vaxtında
olması, etibarlılığı, müqayisəliliyi və
s.), təqdim edilmə vaxtını, Dövlətstatkomun və
onun işçilərinin fəaliyyətindən razı olub-olmamasını
əhatə etmişdir. Müayinənin nəticələri təhlil
edilmiş və məlumat istifadəçiləri
üçün nəşr edilmişdir. Alınmış təkliflərdən
yayım (nəşr) fəaliyyətlərində (məsələn,
mətbuat konfransı) istifadə olunur. Veb səhifə, eyni
zamanda, özü ilə əlaqədar qısa və
yığcam qiymətləndirmə aparmaq üçün
istifadəçilərə imkan yaradır. Hər bir oxucu
öz rəyini ifadə edə və bu sorğuların
ümumi cavabı ilə tanış ola bilir. İstifadəçilərin
rəyinin öyrənilməsinə dair ildə bir dəfə
müayinə keçirilməsi nəzərdə tutulur.
Dövlətstatkom nəşrlərin
kataloqundan, məlumatların mövcudluq və pres-relizlərin
təqvimlərindən istifadə edir. Nəşrlərin
kataloquna Dövlətstatkomun əsas məhsulları - illik
statistik məcmuə və təsnifatlarla birlikdə 30 nəşr
daxildir, onlar Azərbaycan və ingilis dillərində nəşr
olunur. "Azərbaycanın statistik göstəriciləri"
məcmuəsi nəşrlər arasında əsas məhsul
hesab edilir. İstifadəçilərə həm çap
formasında, həm də CD formatda təqdim edilir. Çap
olunmuş 800-dən çox nüsxənin üçdə
biri pulsuz paylanır. Digər nəşrlərin də müəyyən
hissəsi pulsuz yayılır. Satışdan əldə olunun
vəsait dövlət büdcəsinə
köcürülür.
Statistik məlumatların
verilmə təqvimi 27 sahə üçün statistik
göstəricilərin mövcudluğu haqqında məlumat
verir və onların əksəriyyəti aylıq
buraxılır. Məlumatların tarixləri haqqında qərar
rüblük əsasda Dövlətstatkom tərəfindən
təsdiq edilir. Təqvimi veb səhifədən də əldə
etmək olar (həm də ingilis dilində). Pres-relizlər adətən,
səhər saat 11-dək nəşr olunur. Dövlətstatkom
pres-relizlərin məzmununa cavabdehdir və onlara heç bir
siyasi başlıq daxil edilmir. Hökumət və
qeyri-hökumət təşkilatlarının müdaxilələri
qeyri-məqbul hesab edilir. Ehtiyac yarandıqda (məsələn,
metodologiya və ya təsnifatlarda dəyişiklik olduqda)
statistik cədvəllərə şərhlər əlavə
olunur. Metodoloji məlumat veb səhifənin xüsusi hissəsində
yerləşdirilir.
Veb səhifədə verilən
sektorlar üzrə bəzi statistik məlumatlara qənaətbəxş
metodoloji qeydlər də daxil edilmişdir. Rəsmi statistik məlumatların
yanlış izah edilməsi hallarında Dövlətstatkom
müdaxilə etməyə borcludur və cavab problemlərin
meydana çıxdığı eyni media vasitəsilə
bildirilir. Statistikanın əsassız tənqid edildiyi hallarda
Dövlətstatkom fəal yanaşmadan istifadə edir və
belə cavablar Dövlətstatkom tərəfindən verilir. Nadir
hallarda nəşr edilmiş məlumatlara düzəlişlər
edilir. Yekun məlumatlar nəşrin yeni versiyasında təqdim
edildikdə düzəlişlərə dair izahlar verilir.
Adətən, Dövlətstatkom
dövlət administrasiyası üçün təhlillər
aparır, bülleten və pres-relizlər hazırlayır. Əsasən
milli hesablar və statistikanın digər daha kompleks sahələri
arasında zəruri bölgü ilə analitik iş Dövlətstatkomun
fəaliyyətinin bir hissəsidir. Onlardan məlumat
istehsalının yekun mərhələlərindən biri kimi
məlumatın keyfiyyətinin yoxlanmasında istifadə edilir.
Pres-relizlər, nəşrlər, təhlillər statistik məhsullardır,
onlara hər hansı siyasi qiymətləndirmə və şərh
daxil edilmir.
Tapşırıqların
yerinə yetirilməsinə və beş illik proqramın icra
edilməsinə dair ölkə Prezidentinə, illik hesabat isə
hökumətə təqdim edilir. Dövlətstatkomun fəaliyyəti
haqqında dövri məlumatlar, eyni zamanda, parlamentə də
təqdim edilir.
Statistika orqanlarının mərkəzi
və yerli hakimiyyət orqanları ilə sıx əlaqələri
vardır, o cümlədən statistik məlumatların
geniş yayılması Dövlətstatkoma və onun regional
idarələrinə ölkədə yaxşı mövqeyə
malik olmağa imkan yaradır. Ölkədə
planlaşdırma və qərar qəbul etmək
üçün Azərbaycanın dövlət orqanları
statistik məlumatların əsas istifadəçisi hesab
edilir. Buna görə də Dövlətstatkom nazirliklər və
digər inzibati orqanlarla əməkdaşlığa geniş
diqqət yetirir. Dövlətstatkom öz missiyasını
kifayət qədər qənaətbəxş yerinə yetirən
müstəqil təşkilat kimi dövlət orqanları
arasında yaxşı mövqeyə malikdir. Yerli statistika
orqanlarının regional və yerli özünüidarəetmə
orqanları ilə yaxşı əlaqələri vardır. Yerli
statistika orqanları Dövlətstatkom tərəfindən
hazırlanan bütün statistik məcmuələrin nüsxələrini
əldə edirlər.
Dövlətstatkom elmi-tədqiqat
institutları və universitetlərlə əməkdaşlıq
edir. Onlar Statistik və Elmi-Metodoloji Şurada təmsil
olunurlar. Dövlətstatkomun işçiləri Bakıda və
ya regionlarda olan ali təhsil müəssisələrində dərs
deyirlər. Statistika sahəsində xüsusiləşdirilmiş
təlimlə əlaqədar tələbələr Dövlətstatkomda
təcrübə keçirlər, Dövlətstatkomun
işçiləri isə imtahan komissiyasının üzvləri
kimi, onların yekun imtahanlarında iştirak edirlər. Tələbələr
sayıcı kimi əhalinin siyahıyaalınmasına da cəlb
edilmişlər.
Mətbuat müntəzəm
olaraq ölkənin iqtisadi və sosial inkişafını əks
etdirən statistik məlumatlarla təmin edilir. İqtisadi
göstəricilər kimi statistik məhsullar üzrə olan
pres-relizlər də onlara təqdim edilir. Kütləvi
informasiya vasitələrinin nümayəndələri
üçün rüblük mətbuat konfransları
keçirilir. Mətbuata statistik məlumatlar onların istəyindən
asılı olaraq elektron ünvan vasitəsilə və ya
çap formasında təqdim edilir. Dövlətstatkomun
mütəxəssisləri TV proqramlarında şərhlər
və müsahibələr verir.
Dövlətstatkomda
elmi-metodoloji şura fəaliyyət göstərir, şura
geniş dairədə yeni metodologiya və standartlar kimi nəzəri
və metodoloji məsələlərə, statistik məhsulların
təkmilləşdirilməsinə baxır.
Demoqrafik prosesi yoxlamaq
üçün Azərbaycanda cari sistem doğum, ölüm
və miqrasiya üzrə məlumatlardan ibarət olan və 10
ildən bir toplanan siyahıyaalma vasitəsilə
aparılır. Əhali üzrə yenilənmiş məlumatlar
sözügedən məlumatlar əsasında hesablanır. Əhalinin
təbii və miqrasiya yolu ilə artımı Ədliyyə,
Səhiyyə və Daxili İşlər nazirliklərinin
ilkin hesabatları əsasında əldə edilir:
Əhalinin təbii hərəkətinə
dair statistik göstəricilər Ədliyyə Nazirliyinin yerli
qeydiyyat orqanlarından, miqrasiyaya dair məlumatlar isə Daxili
İşlər Nazirliyinin regional pasport xidmətləri tərəfindən
yerli statistika orqanlarına, oradan da BHM-ə
ötürülür. Əhalinin təbii hərəkəti
və miqrasiyasına dair statistik məlumatlar əsasında əhalinin
sayı regional səviyyədə rüblük, milli səviyyədə
isə aylıq qiymətləndirilir. Ölüm
hallarının kodlaşdırılması Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) "Xəstəliklərin
Beynəlxalq Təsnifatı"nın 10-cu versiyası əsasında
Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən
həyata keçirilir. Əhaliyə dair statistik məlumatlar
illik bülletenlərdə, məcmuələrdə nəşr
olunur.
Əhalinin sonuncu 2009-cu ildəki
siyahıyaalınması BMT-nin tövsiyələrinə əsasən
aparılmış, təxminən 28 min nəfər bu işə
cəlb edilmiş və ümumilikdə çox yaxşı
keçirilmişdir. Siyahıyaalma materialları həm
seçmə əsasda təkmilləşdirmə, həm də
cəmiyyətin müxtəlif aspektləri üçün
geniş ümumi görünüş baxımından dəyərli
mənbə olacaqdır. Yaşayış yerinin qeydiyyatı
zamanı işğal edilmiş ərazilərdən
köçürülmüş şəxslər faktiki
olaraq yaşadıqları yerdəki kimi deyil, işğal
edilmiş ərazilərdə yaşayanlar kimi qeydiyyata
alınmışdır.
Gəlir, həyat səviyyəsi
və yekun istehlak üzrə statistik göstəricilərin
istehsalı ev təsərrüfatları üzrə müayinənin
əsasında həyata keçirilir. Siyahıyaalma məlumatları
əsasında ölkə ərazisində bütün ev təsərrüfatlarının
məlumat bazası yaradılmışdır. 2005-ci ildən
etibarən məşğulluğun ev təsərrüfatları
müayinəsinin müntəzəm keçirilməsinə
başlanmışdır. Əldə edilmiş məlumatlar
ailə vəziyyəti, cins, təhsil səviyyəsi, yaş
qrupları və s. üzrə işsizlik və digər
bölgülər ilə əhatə olunan iqtisadi fəal əhalini
əks etdirir.
Göstəricilər sistemi
Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə,
rəsmi statistikanın təkmilləşdirilməsinə
dair Dövlət Proqramına, "Statistik işlər
haqqında proqram"a uyğun olaraq tərtib edilmişdir. Əmək
statistikasına dair məlumatların əsas mənbəyi
iqtisadi fəal əhali, məşğulluq, işsizlik və
natamam məşğulluq, iqtisadi fəal əhalinin strukturu, əməkhaqqı
və iş saatı, əməkhaqlarının strukturu, əmək
xərcləri təşkil edir.
MHS-1993 Azərbaycanın
milli hesablar statistikasının tərtib edilməsi
üçün çərçivədir. İstehsalın
hüdudlarının, aktiv və passivlərin müəyyənləşdirilməsi
də daxil olmaqla, MHS-93-ün tərif və konsepsiyaları tətbiq
edilmişdir. Dövlətstatkom BVF-nin GDDS standartına (məlumatların
yayılmasının ümumi standartlarına)
qoşulmuşdur.
Milli hesablar statistikası
beynəlxalq təsnifatlar əsasında tərtib edilir, cari və
daimi qiymətlərlə illik əlavə dəyər və
ÜDM, cari və daimi qiymətlərlə ÜDM-in illik xərcləri,
əlavə dəyərin illik komponentləri və fəaliyyət
üzrə ilkin gəlir, institusional sektorlar üçün
illik hesablar və digər dünya hesabları tərtib edilir.
Bundan əlavə, rüblük ÜDM də hesablanır, ÜDM-in
aylıq qiymətləndirilməsi aparılır.
ÜDM-in regional
hesablanması təmin edilir. 2006-cı il üçün
"xərclər-buraxılış" cədvəlləri
tərtib edilmiş və 2011-ci il üçün də
planlaşdırılır. 2004-cü ildən sonra davamlı
olaraq Ehtiyatlar və istifadə cədvəlləri (SUT) tərtib
edilmişdir. 2007-ci ildən maliyyə hesabları tərtib
olunmuşdur.
Dövlətstatkom ölkə
üzrə istehlak qiymətləri indeksləri (İQİ) və
istehsalçı qiymət indeksləri haqqında məlumatlarla
daha ətraflı təmin edilmiş və BVF-nin Məlumatların
Yayılmasının Ümumi Standartına (GDDS)
qoşulmuşdur. İstər istehlak qiymətləri indeksləri,
istərsə də istehsalçı qiymətləri indekslərinin
sahəsi və anlayışları BVF-nin təlimatı və
MHS-də göstərilən beynəlxalq standartlara və
tövsiyələrə uyğundur. Məhsul və xidmətlər
bölməsi MHS-də ev təsərrüfatlarının son
istehlak xərclərinə uyğundur.
İstehlak qiymətləri
indeksləri üçün çəkilər ev təsərrüfatları
büdcələrinin müayinəsindən əldə edilir,
istehlakçı qiymət indekslərində təxminən
130 min fərdi əmtəə və xidmətlər aylıq
qiymətləndirilməklə geniş seçmənin əsasında
həyata keçirilir və 565 ilkin aqreqatlar üzrə
paylanmışdır. Hesablama və aqreqasiya metodları
(COİCOP əsasında) istehlak qiymətləri indekslərinin
təlimatının tövsiyələrinə uyğundur;
geometrik vasitələrdən istifadə edilməklə
elementar indekslər də tətbiq edilir. Azərbaycanda istehlak
qiymətləri indeksi beynəlxalq standartlara və tövsiyələrə
tam uyğundur. Əmtəə və xidmətlərin
seçilməsi müasir standartlara cavab verir, çəkilər
və hesablama metodları hər il yenilənir və beynəlxalq
tövsiyələrə tam uyğundur.
Bir neçə kəlmə
də xarici ticarət statistikası haqqında. Əmtəələrin
aqreqasiyası beynəlxalq HS (2007) sisteminə uyğundur.
Xarici ticarət statistikasına yalnız əmtəələr
daxil edilmişdir, əsas məlumat mənbəyi bütün
məhsulların idxal və ixracına dair məlumatlara məsul
olan Dövlət Gömrük Komitəsidir. Dövlətstatkom
bunun əsasında xarici ticarət üzrə cədvəlləri
tərtib edir ki, bu da HS və mənbə/təyinat ölkələri
üzrə bölünə bilir. Gömrük məlumatları
xarici ticarət statistikasının tam tərtib edilməsi
üçün tələblərə cavab verir. Fərdlər
tərəfindən gizli ticarət adlandırılan, bəyan
edilməmiş sərhəd ticarəti müxtəlif mənbələr
əsasında qiymətləndirilir və nəticəyə
daxil edilir.
Tədiyə balansı (TB)
statistikası AMB tərəfindən tərtib edilir. TB BVF-nin
tədiyə balansına dair 5-ci nəşrinin tövsiyələrinə
uyğun tərtib edilir və BVF-nin Məlumatların
Yayılmasının Ümumi Standartına daxildir.
Qısamüddətli
statistika və struktur biznes statistikaya dair Aİ nizamnamələri
Azərbaycanda biznes statistikası üçün əsas
çərçivəni təmin edir. 1997-ci ildən
başlayaraq, Dövlətstatkom milli İqtisadi Fəaliyyət
Növləri Təsnifatına, 2000-ci ildən isə Sənaye
Məhsulları Təsnifatına uyğun olaraq biznes
statistikasını tərtib etmişdir. Biznes statistika sənaye,
tikinti, topdan və pərakəndə ticarət
statistikası, istehsal statistikasında xidmətlər və
sahibkarlıq göstəriciləri də daxil olmaqla biznes fəaliyyətləri
üçün kompleks göstəricilər şəbəkəsini
təmin edir.
Məlumatların
istehsalı prosesini sürətləndirmək və informasiya
yükünü azaltmaq üçün son illər ərzində
tədbirlər həyata keçirilir. Məqsəd sorğu vərəqlərinin
gələcək inteqrasiyası ("bir müəssisə-bir
sorğu vərəqi") və elektron hesabatlar
üçün şəraitin yaradılmasından ibarətdir.
İstehsal sektorunda xidmətlər
üçün biznes statistika hazırda inkişaf etdirilir.
Dövriyyə, məşğulluq və əməkhaqqı
üçün cari göstəricilər hazırda tərtib
edilir. Enerji statistikası Dövlətstatkomun prioritet sahələrindən
biridir. Enerji sektoru biznes statistikasının bir hissəsidir və
Aİ standartlarına uyğun struktur və qısamüddətli
göstəricilərin istehsalı üçün bu, ənənəvi
biznes statistikasına daxil edilmişdir. Geniş məzmunda
enerji statistikası hasilat və neft emalı zavodları ilə
əlaqədar istehsal, digər enerji istehsalı, ixrac, nəqliyyat
və bütün aspektləri əhatə etmək məqsədilə
enerji istehlakı, statistik təhlillər və elmi əsaslı
qərarlar üçün zəruri olan statistik göstəricilərin
istifadəçilərə çatdırılmasını əhatə
edir. Aylıq və rüblük dövriliklə keçirilən
seçmə müayinələr müəssisələrdə
enerji istehlakının monitorinqi üçün
qısamüddətli göstəriciləri istehsal etməyə
imkan verir.
Dövlətstatkom nəqliyyat
statistikasına cavabdeh orqandır. Əsas fəaliyyət
növü nəqliyyat xidməti olan statistik vahidlər biznes
statistikası çərçivəsində müayinəyə
cəlb edilir. Azərbaycanda nəqliyyat statistikası dəmir
yolu, dəniz və quru yol, həmçinin şəhər və
boru nəqliyyatına dair nəqliyyat məlumatları ilə
yanaşı, nəqliyyat vasitələri və yollarına
dair məlumatları da əhatə edir.
Dövlətstatkom yol
statistikasına da cəlb edilmişdir. Əsas diqqət
avtomobil yollarına yönəldilmişdir ki, bura müxtəlif
növ vahidlər daxildir və onlar arasında eyni zamanda
çoxlu kiçik müəssisələr və bu növ
xidmətləri təmin edən özəl nəqliyyat
sahibkarları kimi fiziki şəxslər vardır. Son onillikdə
bu məqsədlə sözügedən nəqliyyat
növünün müayinəsində seçmə metodlar tətbiq
edilmişdir.
Beynəlxalq ehtiyaclar və
bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar
kənd təsərrüfatı statistikasına yeni
anlayışlar və göstəricilər daxil edilmişdir.
Özəlləşdirmə prosesi tamamlanmış və
çoxlu sayda kiçik təsərrüfatlar
yaranmışdır. Məlumatlar əsasən seçmə
qaydada toplanır.
İnformasiya və
kommunikasiya texnologiyaları statistikası Avropa təcrübəsinə
uyğun yaxşı inkişaf etmiş, 2005-ci ildən
başlayaraq bütün müəssisələrdən (fərdi
təsərrüfat və kənd təsərrüfatı
istisna olmaqla) illik məlumatlar toplanır, əsas illik məcmuə
tərtib edilir və nəşr olunur.
Tövsiyələr və gələcəkdə
inkişaf etdirilməli olan əsas məsələlər isə
bunlardır: rəsmi statistika, inzibati statistika və inzibati məlumatlar
anlayışları arasında bəzi fərqlərlə əlaqədar
qanunda qeyri-müəyyənlik mövcuddur. Bu səbəbdən
də məlumat toplanması üçün milli statistika
sistemi və inzibati sistemlər arasındakı sərhəd
aydın deyil. Bu məsələ "Rəsmi statistika
haqqında" qanuna gələcəkdə yenidən
baxılmasında, uzunmüddətli və illik
planlaşdırmanın (illik proqram bütün rəsmi
statistika məlumatı istehsalçıları ilə
razılaşdırılır) praktiki icra edilməsində nəzərə
alınmalıdır.
Beləliklə, qlobal qiymətləndirmə
nə verdi və nə üçün lazımdır?
QQ ilk növbədə,
ölkəmizə lazımdır, çünki Azərbaycan
dünya iqtisadiyyatının bir hissəsidir və öz
prioritetlərini elan edib - bu, Avropa məkanına
inteqrasiyadır. Statistika sisteminin Avropa standartlarına
uyğunlaşdırılması isə bu inteqrasiyaya yardım
edəcəkdir.
QQ Dövlət Statistika Komitəsinə
lazımdır. Qiymətləndirmə zəif yerləri,
çatışmayan cəhətləri aşkar etməklə
inkişaf strategiyasını müəyyənləşdirir.
Bir qayda olaraq, belə auditdən sonra milli statistika orqanı
qiymətləndirmə zamanı aşkar edilmiş problemlərin
həllinə yönəldilmiş konkret tədbirlər həyata
keçirir. Bu tədbirlər uzunmüddətli
strategiyanın, 2013-2017-ci illər üçün nəzərdə
tutulacaq növbəti dövlət proqramının əsasını
təşkil etməklə, statistik işlər haqqında
illik proqramlara daxil edilməklə reallaşdırıla bilər.
Belə yanaşma beynəlxalq təşkilatlar tərəfindən
dəstəklənir.
Nəhayət, QQ ölkədəki
sahibkarlara və xarici iş adamlarına, investorlara və
ümumiyyətlə, istifadəçilərə
lazımdır. Sərmayə qoymaq istəyənlər
müxtəlif tədqiqatlar aparır, statistik rəqəmlərdən
istifadə edir və bu zaman onları bir sual narahat edir - rəqəmlər
nə dərəcədə etibarlıdır? Fikrimizcə,
qlobal qiymətləndirmə buna cavab verdi.
Arif VƏLİYEV,
Dövlət Statistika
Komitəsinin sədri
Azərbaycan.- 2011.- 28 may.- S. 8.