Ankarada 28 May - Respublika Günü qeyd olunmuşdur

 

Azərbaycanın Türkiyədəki səfirliyi 28 May - Respublika Günü münasibətilə Ankaradakı "Sheraton" hotelində rəsmi qəbul təşkil etmişdir.

Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək, daxili işlər naziri Osman Günəş, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner, deputatlar, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, "beyin mərkəzləri"nin başçıları, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri təmsilçiləri, diaspor KİV nümayəndələri rəsmi qəbulda iştirak etmişlər.

Cəmil Çiçək jurnalistlərə müsahibəsində qardaş Azərbaycanın milli bayramı münasibətilə xalqımızı təbrik etmiş, ölkəmizin uğurlarından qürur hissi keçirdiyini söyləmişdir.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış edərək, mərasim iştirakçılarını salamlamış, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan bəhs etmişdir. Səfir vurğulamışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində ikinci dəfə müstəqilliyinə qovuşan ölkəmiz dövlətçiliyini qorumuş ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti ilə dünyada nüfuzlu bir dövlət kimi mövqeyini möhkəmləndirmişdir. Faiq Bağırov Heydər Əliyev Fondunun ölkəmizin sosial mədəni həyatındakı mühüm fəaliyyətindən, Azərbaycanın dünyada daha yaxşı tanıdılması istiqamətindəki səylərindən bəhs etmişdir.

Mərasimdə 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan olunması münasibətilə tədbir iştirakçılarına Azərbaycanın turizm potensialı ilə bağlı əyani materiallar paylanmışdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-28 may.- S.11.