Tbilisidə Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə tədbir keçirilmişdir

 

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi Y.Mikeladze adına Milli İncəsənət Mərkəzində qədim xalçaların sərgisini açmışdır.

Muzeyin direktoru Leyla Əliyeva demişdir ki, sərgi Azərbaycanın 28 May – Respublika Gününə həsr olunmuşdur. Sərgidə nümayiş olunan xalçalar Kvemo Kartli - Borçalı bölgəsində və Gürcüstanın azərbaycanlılar yaşayan digər bölgələrində toxunmuş nümunələrdir. L.Əliyeva demişdir ki, Muzeyin əməkdaşları bu qədim sənətin bərpası üçün tez-tez bölgələrə gedir, xalça toxumaq qabiliyyətinə malik olan qadınlarımıza yardım göstərirlər. Hazırda Gürcüstanda yaşayan və xalça toxumağı bacaran 30-dan çox qadınla əlaqə qurulmuşdur. Tez-tez onlarla görüşlər keçirilir, xalçaçılıq sənətinin dirçəldilməsi üçün lazımi tədbirlər görülür.

Muzeyin direktoru sərginin təşkilində göstərdiyi dəstəyə görə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə minnətdarlıq etmişdir.

Azərbaycan Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə bildirmişdir ki, belə tədbirlər Gürcüstandakı azərbaycanlı ailələrdə saxlanılan qədim xalçaların nümayişi ilə yanaşı, xalçaçılıq sənətinə marağın daha da artırılmasına xidmət edir.

Sərgidə azərbaycanlılarla yanaşı, gürcü ictimaiyyətinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

 

 

İslam Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2011.-28 may.- S. 11.