Azadlığın şirin
dadı...
XX əsrin əvvəllərində, dünyanın hər yerində olduğu kimi, Rusiya imperiyasının da daxilində bir narahatlıq, təlatüm yetişməkdə idi. İllərlə əsarətdə qalan xalqlar oyanıb azadlıq, müstəqillik istəklərini dilə gətirirdilər. Xalqların arzu və istəyini bəyan edənlər isə dövrün tanınmış ziyalıları, əl-əl gəzən mətbuat orqanları, ümumilikdə hər bir millətin həyatında əvəzsiz rol oynayan ictimai-siyasi partiyalar idi. Onların birgə fəaliyyəti imperiyanın çökməsini sürətləndirdiyi kimi, yeni, müstəqil dövlətlərin meydana gəlməsinə də şərait yaratmış oldu.
Əsrin əvvəllərində Azərbaycanda bu yenilik arzusu ilə çarpışan ziyalıların sayı çox olmasa da (60-65 nəfər), onların fəaliyyət dairəsi olduqca geniş idi. Əsas məqsəd xalqı azadlığa çıxarıb müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaratmaq idi. 1918-ci ildə reallaşan bu ideya uğrunda ölənlər, canından keçənlər isə minlərlə idi.
1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsi ilə müstəqil dövlətini itirən Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmamış, istiqlal ideyasına həmişə sadiq qalmışdı. Vaxtilə M.Qorki yazırdı: "Sürünmək üçün yarananlar uçmağa qadir deyillər". Amma bu millət ilk gündən öndə getməyi, azadlıq göylərində qanad açıb uçmaq üçün canından keçməyi hamıdan daha yaxşı bacarırdı. Bunu həm də zaman özü tələb edirdi. Azərbaycanın böyük fikir sahiblərindən olan Mirzə Cəlil elə o vaxt - 1917-ci ilin payızında "Azərbaycan" məqaləsində yazırdı ki, "bu gün Azərbaycan bir Kərbala meydanıdır - kimin xərclənməli pulu, axıdılası qanı varsa, bu yolda sərf olunmalıdır".
1917-ci ilin fevral inqilabından sonra ovaxtkı imperiyada yaranan vəziyyətdən istifadə edən Azərbaycan ziyalıları xalqın inkişafında yeni bir tarixin başlandığını hiss edərək daha qətiyyətlə, əzmlə çalışmağa başladılar. 1918-ci ildə Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 28-də Tiflisdə "Oriyent" oteldə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Bəyannamədə xalqımızın seçiminin demokratik cümhuriyyət olduğu, bu cümhuriyyət daxilində insanlara hər cür azadlıq və sərbəstliyin verildiyi xüsusi vurğulanırdı. Dərhal hökumətin ilk kabineti təşkil olundu və ilk baş nazir kimi Fətəli Xan Xoyski bu barədə teleqrafla dünya dövlətlərinə məlumat verdi.
1918-ci il iyun ayının ortalarında Tiflisdən Gəncəyə köçən hökumət və Milli Şuranın əsas məqsədi və amalı öz təbii paytaxtına - Bakıya qayıtmaq idi. Bakı isə, əsasən, erməni daşnaklarından və bolşeviklərdən ibarət Bakı Sovetinin əlində idi.
Gəncədə Nuru Paşanın rəhbərliyi altında yaranan Qafqaz İslam Ordusu Bakını azad görmək missiyasının öhdəsindən şərəflə gələrək sentyabrın 15-də onu düşmənlərdən azad etdi. Tarixi sənədlər və şahidlər hələ o vaxta kimi belə bir bayramı, təntənəni xatırlamırlar...
1920-ci il aprelin 27-də bolşevik Rusiyasının müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Cəmi 23 ay yaşamasına baxmayaraq, onun xalqımızın tarixində oynadığı rol danılmazdır. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi qeyd edildi, kitablar nəşr olundu, elmi araşdırmalar genişləndirildi, tarixi sənədlər nəşr olundu. 2008-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Cümhuriyyətin 90 illiyi təntənəli şəkildə keçirildi.
1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqda böyük iftixar hissi ilə özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etdi, onun dövlət atributlarını - gerbini, bayrağını və himnini qəbul etdi. İkinci müstəqilliyin 20-ci ildönümü ilə bağlı Prezident İlham Əliyevin sərəncamında bu tarixi varislik əlaqəsi bir daha vurğulanır: "2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.
SSRİ-nin süqutunun qaçılmaz şəkil alması onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla o, beynəlxalq hüququn subyektinə çevrildi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi və onun yarandığı 28 May Respublika Günü kimi qeyd olunmağa başladı".
1918-ci il 28 May günündən başlayan azadlıq və istiqlal savaşı hələ başa çatmayıb. O vaxt olduğu kimi, bu gün də o azadlığa, istiqlala xələl gətirməyə, ziyan vurmağa çalışanlar tarixi ərazilərimizdə özlərinə yurd-yuva qurmuş ermənilərdir. Onlarla bugünkü davamız da elə ovaxtkı davadır. Azadlıq və Qarabağ savaşı. Onda udduğumuz davanı indi də udmaq əzmindəyik. Çünki haqq-ədalət və tarix bizim tərəfimizdədir. Azadlığın dadını və necə bir nemət olduğunu isə Azərbaycanda olduğu kimi, Qarabağda da hələ heç kim unutmayıb.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-28 may.- S. 15.