Ağdaşda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir. 

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə Heydər Əliyev abidə kompleksində aparılan yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, 7 hektar ərazini əhatə edən kompleksdə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Kompleksdə 30 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılmış, mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri yaradılmışdır. Müasir dizaynı ilə seçilən fəvvarələr kompleksə xüsusi gözəllik verir.

Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi əsaslı yenidənqurmadan sonra xüsusi görkəm almışdır. Mərkəzdəki muzeyin 9 bölməsində ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən 200-dən çox eksponat nümayiş etdirilir.

Burada üç böyük salondan ibarət möhtəşəm kompleks yaradılmışdır. Salonlarda elektron kitabxana, ideoloji mərkəz, muzey, uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 1 noyabr.- S.1.