Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin
açılışı olmuşdur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri
çərçivəsində oktyabrın 30-da
Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin
açılışında iştirak etmişdir.
Dövlətimizin
başçısı yolun texniki-iqtisadi göstəricilərini,
təmirdən əvvəlki və sonrakı vəziyyətini
əks etdirən stendlərə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov
Prezident İlham Əliyevə Ağdaş-Ləki avtomobil
yolunun 12 kilometrlik hissəsində görülmüş
işlər barədə məlumat verdi. Bildirdi ki, yol "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na
uyğun olaraq dövlətimizin başçısının
2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş
Tədbirlər Planı çərçivəsində
inşa olunmuşdur. Nəqliyyat Nazirliyinin sifarişçisi
olduğu yolu "Azəryolservis" ASC inşa etmişdir.
Qeyd edilmişdir ki, əsaslı şəkildə
bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə
birləşdirir. Tamamilə yeniləşən, müasir
görkəm alan və keyfiyyəti ilə seçilən bu
yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub
və cənub-qərb bölgələri arasında nəqliyyat
əlaqəsinin yaxşılaşması baxımından
mühüm əhəmiyyətə malikdir.
Məlumat verildi ki, asfalt-beton
örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət
hissəsinin eni isə 7 metrdir. Cari ilin iyulunda başlanan bərpa
işləri oktyabrda başa
çatdırılmışdır.
Dövlətimizin
başçısı yolun rəmzi
açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev
görülmüş işlərdən
razılığını bildirdi, müvafiq
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-
2011.- 1 noyabr.- S.1.