Ağsuda
işə salınan «Az-Granata» MMC-nin şirə və şərab emalı
zavodu ən müasir standartlara cavab verir
Prezident
İlham Əliyev oktyabrın 30-da Ağsuda "Az-Granata"
MMC-nin şirə və şərab emalı zavodunun
açılışında iştirak etmişdir.
Bildirildi
ki, zavodun fəaliyyətə başlaması regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
uğurla həyata keçirilməsinin bariz nümunəsidir.
On iki hektardan çox ərazini əhatə edən müəssisə
beşmərtəbəli inzibati binadan, üçmərtəbəli
oteldən, 20 min kvadratmetr istehsal sahəsindən və digər
yardımçı sahələrdən ibarətdir. Bundan əlavə,
ərazidə 6 artezian quyusunun qazılması və saatda 40
ton su təmizləyən qurğunun tikilməsi müəssisənin
fasiləsiz təmiz su ilə təchizatını təmin edəcəkdir.
Burada bütün infrastruktur, mühəndis qurğuları ən
müasir səviyyədə qurulmuşdur. Zavodda il ərzində
50 min ton meyvə şirəsi və 12 min ton şərab
hazırlanacaqdır. Hazır məhsulun
satışını təmin etmək məqsədilə
Bakıda iki min tonluq anbar tikilmiş, satış mərkəzi
və regional satış nümayəndəlikləri yaradılmışdır.
Prezident
İlham Əliyev zavodun maketi ilə tanış olduqdan sonra
müəssisəni işə salan düyməni basdı,
meyvələrin qəbulu və emalı prosesini izlədi.
Bildirildi
ki, saatda 9-15 ton meyvə qəbul etmək gücünə
malik olan müəssisədə ulu öndər Heydər Əliyevin
xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin
ölkəmizdə kənd təsərrüfatının
inkişafındakı xidmətlərini əks etdirən
fotoguşə yaradılmışdır. Burada ölkəmizdə
şərab istehsalının tarixini əks etdirən fotolar
da yer almışdır.
Dövlət
başçısı zavodun şərab anbarı ilə
tanış oldu. Diqqətə çatdırıldı ki,
zavodda üç növ üzüm sortundan hazırlanan
"Ağsu", "Qaragöz" və "Bellus"
brendləri istehsal edilir. Şərablar ABŞ
palıdından hazırlanan xüsusi çəlləklərdə
saxlanılır.
Prezident
İlham Əliyev şərabın hazırlanması və
emalı prosesi ilə tanışlıqdan sonra meyvə
şirəsinin qablaşdırılması bölməsinə
gəldi. Bildirildi ki, burada gün ərzində 240 ton meyvə
şirəsi qablaşdırmaq mümkündür. Zavodda alman
layihəsinə uyğun olaraq mükəmməl mərkəzləşdirilmiş
boru şəbəkəsi vardır.
Azərbaycan
Prezidenti şərab qablaşdırılması, hazır məhsulun
saxlanılması və inkubasiya bölmələri ilə də
tanış oldu, vitamin şirələrinin hazırlanması
prosesini izlədi.
Müəssisənin
texnoloji prosesi ilə tanışlıq zamanı məlumat
verildi ki, zavodun istehsal bölmələrində 15 növ meyvə
şirəsi istehsal olunur. Burada iki milyon paket hazır məhsul
saxlamaq üçün anbar da vardır.
Sonra Prezident
İlham Əliyev müəssisənin inzibati binası ilə
tanış oldu. Beşmərtəbəli
binada müasir iş şəraiti yaradılmışdır.
Dövlət
başçısı hazır məhsulun təqdimatı
otağında oldu. Bildirildi ki, zavodun 700 hektar bağ sahəsinə
dördillik yoxlamadan sonra "BİO" sertifikat
verilmişdir.
Zavod
öz məhsullarını respublikamızın şəhər
və rayonları ilə yanaşı, MDB və Avropa ölkələrinə
də göndərəcəkdir. İlkin mərhələdə
180 nəfərin çalışacağı müəssisədə
sonradan işçilərin sayı 350-yə
çatacaqdır.
Müəssisənin
fəaliyyəti məhsul istehsalı ilə məhdudlaşmır. Şamaxı və Ağsu
rayonları ərazisində müəssisənin balansında
1000 hektar yararlı torpaq sahəsi vardır. Həmin sahələrin 700 hektarında üzüm və
nar bağları salınmışdır. Bağlarda hazırda 500 işçi
çalışır. Gələcəkdə
salınacaq bağlar üçün daha 600 hektar sahənin
ayrılması nəzərdə tutulur. Ümumiyyətlə,
zavodda və ona məxsus bağlarda yaxın gələcəkdə
1500-1800 nəfərin işlə təmin olunması gözlənilir.
Üzüm və nar bağlarında əkin və
becərmə işləri aparmaq üçün xüsusi
texnika alınmışdır. Bütün
bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul
istehsalına təminat verir. Ən
başlıcası isə bu müəssisə rayonda əhalinin
məşğulluğunun təminatında əhəmiyyətli
rol oynayacaqdır.
Zavodla
tanışlıqdan sonra dövlət başçısı
müəssisənin kollektivi və rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV
mərasim iştirakçılarını təbrik edərək
dedi:
- Sizi ürəkdən
salamlayıram. Yenidən Ağsuda
olmağımdan çox məmnunam. Mən
çox şadam ki, Ağsu rayonunda işlər yaxşı
gedir, rayon gözəlləşir, abadlaşır.
İki il bundan əvvəl gəlmişdim,
o vaxtdan bugünə qədər görülən işlər
məni çox sevindirir.
Deyə
bilərəm ki, Ağsu indi Azərbaycanın ən
qabaqcıl rayonlarından biridir və bu, məni çox
sevindirir. Çünki son illər ərzində Ağsuda gedən
quruculuq-abadlıq işləri rayonun potensialını
böyük dərəcədə gücləndirə
bilmişdir. Mən bu gün yeni müəssisələrin
açılışında iştirak etmişəm. Yeni gözəl, böyük futbol stadionu
açılıbdır, uşaqlar artıq orada məşq
edirlər. Yadımdadır, iki il
bundan əvvəl stadionun tikintisi ilə bağlı məlumatı
dinləyərkən demişəm ki, Ağsuda futbol
komandası yoxdur. Stadion tikiləcəksə, gərək
mütləq futbol komandası olsun. Bu
gün mənə verilən məlumata görə, artıq
komanda da yaranıb, uşaqlar da cəlb olunub. Uşaqlar artıq məşq edirlər və bu,
çox sevindirici haldır.
Digər
məsələlər də həll olunur. Siz, burada yaşayanlar
yaxşı bilirsiniz ki, küçələr salınır,
su xətləri çəkilibdir. Keçən
dəfə burada olarkən mənə müraciət olundu ki,
Ağsunun su problemi var və suyun tərkibi lazımi səviyyədə
deyildir. Vəsait ayrıldı və
qısa müddət ərzində su problemləri həll
olundu. İndi də bütövlükdə
rayonun su-kanalizasiya problemlərinin həlli üçün
konkret layihələr icra edilir.
Bu
gün yeni müəssisələrin
açılışında iştirak etmişəm. Yeni iş yerləri açılır. Əlbəttə ki, bu gün görülən
bütün işlərin arasında bu zavodun fəaliyyətə
başlaması xüsusi məna daşıyır. Bu zavod nəinki Ağsuda, bəlkə də Azərbaycanda
emal sənayesində ən böyük müəssisələrdən
biridir. Eyni zamanda, bütün bölgədə,
bütün Cənubi Qafqazda bu sahədə ən
böyük müəssisələrdən biridir. Buraya çox böyük investisiyalar qoyulub.
Yeni, müasir avadanlıq quraşdırılıb və
texnoloji proses tətbiq edilib. Mənə verilən məlumata
görə, dünya standartları səviyyəsindədir və
istehsal olunan məhsullar da keyfiyyəti ilə
seçilir. Bu məhsullar dünyanın istənilən
nöqtəsində satıla bilər və satılır.
Zavodun direktoru mənə məlumat verdi
ki, biz artıq Avropa ölkələrinə də məhsul
ixrac edirik.
Hesab
edirəm ki, hər bir müəssisənin işinin keyfiyyətini
göstərən məhz bu amildir. Bu, həmişə diqqət
mərkəzində olmalıdır. Əgər
biz inkişaf etmiş ölkələrin bazarlarına məhsullarımızla,
hazır məhsullarla çıxa biliriksə, deməli, bu məhsullar
lazımi səviyyədədir. Mən
çox şadam ki, bu böyük müəssisə artıq
fəaliyyətdədir. Bu müəssisənin
həm rayonun, həm bölgənin inkişafına çox
böyük təsiri olacaqdır. Burada
artıq minə yaxın insan işləyir. Gələcəkdə onların sayı daha da artacaqdır.
Kəndlilər və fermerlər öz məhsullarını
bu zavoda məqbul qiymətlərlə satırlar, təhvil
verirlər. Yəni bu, istər-istəməz
və bilavasitə kənd təsərrüfatının
inkişafına xidmət göstərəcəkdir. Çünki artıq bu zavod fəaliyyət göstərir,
məhsulları qəbul edir. Beləliklə,
fermerlər maraqlı olacaqlar ki, daha da çox məhsul
istehsal etsinlər, daha da çox pul qazansınlar. Yəni, bu zavodun fəaliyyətə başlaması
bu məqsədləri təmin edir - kənd təsərrüfatının
inkişafı, emal müəssisələrinin, yerli
istehsalın yaradılması və ixracyönümlü məhsulların
istehsalı. Bax, bütün bu amillər
burada cəmləşir. Buna görə bu
zavodun fəaliyyətə başlaması çox
böyük məna daşıyır. Bu,
sadəcə olaraq yeni bir obyektin işə düşməsi
deyildir. Bu zavodun fəaliyyəti, bir daha
demək istəyirəm ki, həm Ağsunun, həm qonşu
bölgələrin, rayonların inkişafına çox
ciddi təsir göstərəcəkdir.
Eyni
zamanda, bu zavodun fəaliyyətə başlaması bizim
uğurlu iqtisadi siyasətimizin də bariz nümunəsidir. Çünki 2004-cü ildə
regionların sosial-iqtisadi inkişafı proqramının
başlaması bugünkü reallıqları təmin edir.
Əgər o vaxt proqram qəbul edilməsəydi
və biz 2009-cu ildə proqramın ikinci mərhələsinə
başlamasaydıq, yəqin ki, bu zavoddan heç söhbət
aparmaq da mümkün olmazdı.
Regionların
inkişafı, infrastruktur layihələrinin icra edilməsi,
yolların çəkilişi, elektrik stansiyaları,
qazlaşdırma, su xətlərinin çəkilişi,
sahibkarlığa göstərilən diqqət, fermerlərə
güzəştli şərtlərlə yanacağın,
gübrənin verilməsi, subsidiyaların təşkil edilməsi,
Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 100
milyonlarla ölçülən kreditlərin verilməsi, bax
bu, reallıqları təmin edir. Ona görə
mən bu zavodun fəaliyyətə başlamasına xüsusi
diqqət göstərirəm və xüsusi qiymət verirəm.
Çünki biz bu zavodun fəaliyyətə
başlamasında son illər ərzində görülən
işlərin nəticələrini əyani şəkildə
görürük. Həm yeni istehsalat sahələri yaradılır, iş yerləri təmin edilir,
ölkəyə, ölkə iqtisadiyyatına şöhrət
gətirən keyfiyyətli məhsullar istehsal olunur və
dünya bazarlarına çatdırılır. Biz növbəti illərdə
çalışmalıyıq ki, ixracımızın
coğrafiyasını genişləndirək. Bunu etmək üçün biz yeni bazarlara
çıxırıq. Mən Nazirlər
Kabinetinin sonuncu toplantısında bu məsələ ilə
bağlı xüsusi tapşırıqlar vermişəm ki, həm
bizim üçün ənənəvi olan bazarlara daha da
geniş şəkildə çıxmalıyıq, həm də
yeni bazarları aşkar etməliyik. Xüsusilə nəzərə
almalıyıq ki, bizim üçün dost olan ölkələrdə
məhsullarımıza ehtiyac vardır.
Beləliklə,
qeyri-neft iqtisadiyyatımızı daha da sürətlə
inkişaf etdirəcəyik. Bu ilin 9 ayının
yekunları onu göstərir ki, qeyri-neft iqtisadiyyatı
uğurla inkişaf edir, 8 faizdən çox artıbdır.
Növbəti illərdə də artacaq və
Azərbaycan iqtisadiyyatı gələcəkdə daha
çox qeyri-neft sektorunun hesabına artmalıdır.
O ki qaldı
neft-qaz sektoruna, bu sahədə işlər
yaxşıdır. Bütün vəzifələr
təmin edilir. Hazırda bu sahədə əldə
olunmuş uğurlar bizi qane edir. Biz
növbəti illərdə çalışmalıyıq ki,
kənd təsərrüfatı, emal, qeyri-neft sənayesinin
inkişafına yeni töhfələr verək, ölkə
iqtisadiyyatı çoxşaxəli şəkildə
inkişaf etsin.
Mən
çox şadam ki, Azərbaycanın bütün bölgələri
inkişaf edir, bütün bölgələrdə canlanma
vardır. Siz bilirsiniz ki, mən mütəmadi şəkildə
bütün bölgələrdə oluram. Vəziyyətlə
tanış oluram,
tapşırıqlarımı verirəm, eyni zamanda, yerlərdən
də təklifləri alıram.
Ağsu
rayonunda son illər ərzində görülən işlər
məni sevindirir. Mən görülən işləri qiymətləndirirəm.
Yenə də demək istəyirəm, biz əldə
edilmiş uğurlarla kifayətlənməməliyik,
qabağa getməliyik, sürətlə getməliyik ki, Azərbaycan
bütün dövrlərdə inkişaf etsin, güclənsin
və Azərbaycan xalqı daha da yaxşı yaşasın.
Mən
sizi bir daha bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik edirəm. Bütün ağsululara
yeni uğurlar arzulayıram.
* * *
Ağsu
sakini, "Az-Granata" MMC-nin əməkdaşı Natiq MƏMMƏDOV dövlət
başçısına minnətdarlıq edərək dedi:
- Möhtərəm
cənab Prezident, Ağsu ictimaiyyəti, sahibkarları
adından rayonumuza gəlişiniz münasibətilə Sizi
salamlayırıq. Sizin ölkəmizdə
sahibkarlığın inkişafına göstərdiyiniz diqqət
bütün regionlarda olduğu kimi, Ağsu rayonunun da
sosial-iqtisadi inkişafına böyük təsir göstərmişdir.
Çıxışınızda qeyd etmişdiniz ki, son 8 il ərzində Azərbaycanda 950 min yeni iş
yeri açılmışdır. Bu gün
açılışına toplandığımız şirə
və şərab emalı zavodu bunun bariz nümunəsidir.
Zavodumuzun
inşasına 2008-ci ildə başlanılmışdır. Zavoda 50 milyon manat investisiya
qoyulmuşdur. Quraşdırılmış
avadanlıq Avropanın aparıcı şirkətlərindən
gətirilmişdir. Zavod ölkə xaricində
rəqabətədavamlı şirə və şərab məhsulları
istehsal edəcəkdir. İstehsal
olunmuş məhsulların satışı üzrə
artıq bir sıra ölkələrlə müqavilələr
imzalanmışdır. Zavodun torpaqlarında 700 hektar
üzüm və nar bağları salınmış, bundan əlavə,
müəssisə 1200 ton üzüm, 3800 ton nar tədarük
etmişdir. Hazırda zavodumuzda və meyvə
bağlarımızda 700 nəfər çalışır.
Gələcəkdə işçilərin
sayı 1500 nəfərə çatdırılacaqdır.
Orta aylıq əməkhaqqı 400 manat təşkil
edir. Bununla yanaşı, 4 mindən
çox ailə öz təsərrüfatında istehsal etdiyi
məhsulları zavodumuza satacaqdır.
Möhtərəm
cənab Prezident, azərbaycanlı sərmayədarların
rayonumuzda belə bir zavod tikməsi Azərbaycanın çox
güclü iqtisadi potensiala malik olmasından xəbər
verir. Azərbaycan dövləti qüdrətləndikcə
bütün regionlarımız kimi, Ağsu rayonu da inkişaf
edir, gözəlləşir. İndi şəhərimizdə
yeni binalar, tədris müəssisələri, möhtəşəm
idman obyektləri tikilmiş, parklar salınmışdır.
Ağsuya Sizin təşəbbüsünüzlə
içməli su çəkilmişdir. Ağsu
aşırımında salınmış Heydər Əliyev
Seyrəngahı bütün insanlarımızın, həmçinin
qonaqlarımızın sevimli istirahət məkanına
çevrilmişdir. Bütün bu diqqət
və qayğıya görə Sizə və Azərbaycan vətəndaşlarının
qayğısına qalmaqda Sizinlə çiyin-çiyinə
çalışan hörmətli Mehriban xanıma dərin
minnətdarlığımızı bildiririk.
Möhtərəm
Prezident, biz sahibkarlar, bütün ağsulular həmişə
olduğu kimi, yalnız Sizin siyasi xəttinizi
dəstəkləyəcəyik. Biz həmişə
sizinləyik, sizinlə fəxr edir, qürur duyuruq. Sizə möhkəm cansağlığı, uzun
ömür, gələcək fəaliyyətinizdə yeni-yeni
nailiyyətlər arzulayırıq.
* * *
İctimaiyyətin
nümayəndələri ilə görüş zamanı
Prezident İlham ƏLİYEV Ağsu rayonunda sosial məsələlərin
həlli üçün bundan sonra da ardıcıl tədbirlərin
görüləcəyini bildirərək dedi:
-
Bütün bölgələrdə yeni xəstəxanalar
açılır. Bu gün Ağdaşda mərkəzi
rayon xəstəxanasının açılışında
iştirak etmişəm. Ucarda yeni xəstəxana
tikilir. Poliklinika, uşaq xəstəxanası
açılıbdır. Əlbəttə,
Ağsuda da tibbi xidmət olmalıdır, olacaqdır. Mən göstəriş verəcəyəm. Burada da gözəl xəstəxana tikilməlidir.
Hər bir rayonda
mütləq xəstəxana olmalıdır. Ən azı bir rayon xəstəxanası yüksək
səviyyədə olmalıdır. İndi bu proses
geniş vüsət alıbdır. Azərbaycanın
müxtəlif bölgələrində bu işlər
görülür. Əgər bir qədər
tez müraciət etsəydiniz, bəlkə də bu gün xəstəxananın
da açılışında iştirak edərdik.
Ancaq mən
göstəriş verəcəyəm, burada mütləq xəstəxana
olmalıdır. Yaxşı yer seçin. Gözəl,
müasir olmalıdır. Stadion var. Yəqin
ki, Olimpiya Kompleksi də olmalıdır. Məktəblər
tikilir. Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzi də bu gün
açıldı.
Milli Məclisin
deputatı Ərəstun CAVADOV:
Ağsulular da Sizin bütün etimadınızı
doğrultmağa hər zaman hazırdırlar.
Prezident İlham ƏLİYEV: Ağsu
doğrudan da, son illər ərzində çox gözəlləşib.
Siz yəqin ki, bunu daha da yaxşı bilirsiniz.
Küçələr, binalar təmir olunur, yeni parklar
salınır, bu gün də bir parkla tanış
olduq. Ağsu, ümumiyyətlə, gözəl
rayondur, mənzərəli yerdir. Çox
gözəl təbiəti vardır. Dağlar,
meşələr, təmiz hava. Kurortdur Ağsu. Biz də elə etməliyik ki, burada yaradılan,
yaradılacaq bütün binalar, müəssisələr,
istirahət zonaları bu zavod kimi yüksək səviyyədə
olsun. Direktor mənə dedi ki, artıq Almaniya, Fransa
bazarlarına məhsul ixrac edirik. Biz bir neçə il bundan əvvəl bunu təsəvvürə
gətirə bilməzdik ki, inkişaf etmiş ölkələrə
təkcə neftimizi, qazımızı deyil, şirələrimizi
də ixrac edəcəyik. Bu, reallıqdır.
Bu, bir daha göstərir ki, Azərbaycan sürətlə,
uğurla və inamla inkişaf edir.
Ərəstun CAVADOV: Xarici ölkələrdə biz onu
mağazalardan alanda nə qədər qürur hissi
keçiririk.
Prezident
İlham ƏLİYEV: Əlbəttə. Keçən dəfə
icra başçısı və siz mənə dediniz ki,
Ağsunun suyunun tərkibində hansısa ağır metallar
var. Mənə deyirlər ki, indi o məsələ həll
olunub.
Rayon İcra
Hakimiyyətinin başçısı Ənvər SEYİDƏLİYEV: Bəli, yüksək
səviyyədə. Şəhərdə su xətlərinin
hamısı dəyişilib.
Prezident İlham ƏLİYEV: Dəyişilib,
dəyişilməlidir. Qazlaşdırma da gedir.
Ənvər SEYİDƏLİYEV: Bəli. Qazlaşdırma
da gedir. Hamısına "smart-kart"
sayğaclar qoyulub. İşıqda da
"smart-kart" qoyulub.
Prezident İlham ƏLİYEV: O daha
rahatdır. Hər kəs bilir nəyin pulunu
ödəyir, heç bir nəzarətçi ilə də təmasda
olmur. Bu sistemi də biz tətbiq eləmişik.
Bəzi ölkələrdən sifarişlər
gəlir ki, bizim mütəxəssislər gedib o sistemi orada da
qursunlar. Bu sistem keyfiyyətli və
düzgün sistemdir. Həm insanlar
üçün, həm dövlət üçün. Ağsuda qazlaşdırma 100 faiz olmalıdır.
Bütün kəndlərə qaz xətləri
çəkilməlidir. Yəqin ki, yaxın iki il ərzində bunu da edəcəyik.
Sakinlər
dövlətimizin başçısına dərin minnətdarlıqlarını
bildirdilər.
* * *
Sonda
xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.- 1 noyabr.- S.5.