Kənar dövlət maliyyə nəzarəti iqtisadi inkişafın əsas şərtlərindən biridir

 

"...maliyyə intizamı, maliyyə resurslarının xərclənməsinə nəzarət - bu, həmişə diqqət mərkəzində olmalıdır, indi isə buna daha da böyük ehtiyac var".

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılması ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyev tərəfindən dövlət idarəetmə sisteminin, o cümlədən dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində əsası qoyularaq həyata keçirilən və hazırda Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilən uğurlu siyasətin tərkib hissəsi olmaqla dövlətin siyasiiqtisadi həyatında kənar dövlət maliyyə nəzarətini həyata keçirən orqanların rolunun güclənməsi zərurətindən irəli gəlmişdir.

Müstəqillikdən sonra Azərbaycanın sosial-iqtisadi quruluşunda və iqtisadiyyatın idarəedilməsi metodlarında baş verən köklü dəyişikliklər maliyyə-təsərrüfat fəaliyyətinin idarə olunmasının mühüm aləti sayılan maliyyə nəzarətinin əsaslı surətdə yeniləşməsini zəruri etmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlət maliyyə nəzarəti sisteminin yenidən qurulmasına və təkmilləşdirilməsinə yaranmış ehtiyacı nəzərə alaraq bazar münasibətlərinə uyğun müvafiq dövlət nəzarəti mexanizminin formalaşdırılması, tətbiq olunması və inkişafında mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirdi. Ulu öndər tərəfindən böyük uzaqgörənliklə hələ 1996 və 1999-cu illərdə imzalanmış "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanlar dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar oldu və ölkədə maliyyə nəzarətini bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmağa, maliyyə nəzarətinin ağırlıq mərkəzinin dövlət büdcəsi gəlirlərinin formalaşmasına və xərclərin səmərəliyinin yüksəldilməsinə, onu korrupsiya alətinə çevirən əngəllərdən azad edilməsinə və sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinə istiqamətləndirdi. Beləliklə, respublikada baş verən köklü iqtisadi dəyişikliklər nəticəsində prinsipial olaraq yeni və beynəlxalq təcrübədə qəbul edilmiş prinsiplər əsasında fəaliyyət göstərən dövlət maliyyə nəzarəti orqanının (ali audit qurumunun) - Hesablama Palatasının yaradılması və inkişaf etdirilməsi müstəqil Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən zərurətə çevrildiulu öndərin xeyir-duası və təşəbbüsü ilə "Hesablama Palatası haqqında" qanunun qəbul edilməsi nəticəsində ölkəmizdə kənar dövlət maliyyə nəzarətini həyata keçirmək məqsədilə Hesablama Palatası yaradıldı. Palatanın yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olundu.

Ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə 2001-ci ildə "Hesablama Palatası haqqında" qanuna beynəlxalq standartlara uyğunlaşdırılma istiqamətində edilmiş mühüm dəyişikliklər və əlavələr nəticəsində Hesablama Palatasının Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanı kimi təşkilati və funksional müstəqilliyinin qanunla təsbit olunması, fəaliyyət dairəsinin və təminatının konkretləşdirilərək genişləndirilməsi və Palata üzvlərinin hüquqi statusuna yüksək zəmanətlərin verilməsi təmin edildi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə "Hesablama Palatası haqqında" qanuna 2008 və 2010-cu illərdə edilmiş dəyişikliklər və əlavələr isə Palatanın dövlət maliyyə nəzarəti sistemində rolunun gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdi. Hesablama Palatasının funksiyalarının yerinə yetirilməsi, habelə maliyyə pozuntuları ilə mübarizədə quruma daha çox real hüquqlar verilərək icra səlahiyyətləri genişləndirildi. Bunlardan əlavə, Lima Bəyannaməsinin tələblərinə uyğun maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Palataya müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə təqdimatlar vermək, təqdimatlar icra edilmədikdə isə qanunvericiliklə nəzərdə tutulmuş müdafiə olunan xərc maddələri istisna olmaqla xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması kimi mühüm hüquqlar verildi. Habelə Palata üzvlərinin və işçilərinin maddi təminatları daha da yaxşılaşdırıldı, Palatanın Aparatı öz səlahiyyətlərinə görə 5-ci kateqoriya dövlət orqanları təsnifatından 1-ci kateqoriya dövlət orqanları təsnifatına keçirildi. Ən əsası, nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə müvafiq materialların təxirə salınmadan Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi Palataya tövsiyə olundu.

"Hesablama Palatası haqqında" qanuna əsasən, Palata dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin auditini aparır, aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntuları barədə məlumatları Milli Məclisə təqdim edir, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və dövlət büdcəsinin icrası barədə illik hesabatamüvafiq qanun layihələrinə rəy verir, dövlət büdcəsinin gəlir və xərclərinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir, büdcə prosesinin təkmilləşdirilməsi haqqında müvafiq təkliflərini hazırlayaraq Milli Məclisə təqdim edir, habelə daxil olmuş qanun layihələrinin və beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirir.

Bu funksiyaların həyata keçirilməsi ilə əlaqədar Hesablama Palatasının fəaliyyət dairəsinə dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, özəlləşmədən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi aid edilmişdir. Beləliklə, Palatanın hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyasından, "Hesablama Palatası haqqında" qanundan və digər qanunvericilik aktlarından irəli gələn hüquqi normaların məcmusu olmaqla dövlət hakimiyyəti orqanları sistemində onun vəziyyətini (mövqeyini) xarakterizə edir. Bu normaların bir hissəsi dövlət büdcə-maliyyə nəzarəti orqanı kimi onun məqsədlərini, prinsiplərini, vəzifə (funksiya) və fəaliyyətini konkretləşdirən normalardan, digər hissəsi Hesablama Palatasının əsas fəaliyyət dairəsini və konkret səlahiyyətlərini müəyyən edən normalardan ibarətdir. Hesablama Palatasının statusunun xüsusi (müstəqil) elementini isə onun fəaliyyətinin daxili qaydalarına (fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsinin, habelə nəzarət tədbirlərinin aparılmasının qanunla müəyyənləşdirilmiş çərçivə qaydaları) aid normalar təşkil edir ki, bu normalar da 5 mart 2002-ci il tarixli qanunla təsdiq edilən Hesablama Palatasının Daxili Nizamnaməsində öz əksini tapmışdır.

Qanunvericiliyə uyğun olaraq Milli Məclis tərəfindən Hesablama Palatası üzvlərinin (sədr, sədr müavinidörd auditorun) təyin edilməsi ilə Hesablama Palatası 2001-ci ilin sonlarında fəaliyyətə başlamışdır.

Fəaliyyətə başladığı ilk dövrlərdən etibarən Palata öz işinin qurulması mərhələsində informasiya-metodoloji bazanın yaradılması, dövlət maliyyə nəzarətinin həyata keçirilməsi və səlahiyyətlərinə aid digər sahələrdə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirmiş, mühüm əhəmiyyət kəsb edən bir sıra normativ-metodiki sənədlərin, standartların, məlumat və hesabat formalarının hazırlanması, həmin sənədlərin tətbiqi istiqamətlərində müvafiq işlər görmüş, dövlət maliyyə-büdcə nəzarətini həyata keçirmək üçün dövlət orqanları və təşkilatları ilə ilkin əlaqələr qurmuş, ali audit qurumlarının beynəlxalq və regional təşkilatlarına üzv olmuş, bir sıra ölkələrin müvafiq orqanları ilə ikitərəfli əməkdaşlıq sahəsində kompleks işlər həyata keçirmişdir.

Sonrakı illərdə Palata öz fəaliyyətini daha çox işlərin səmərəli təşkil edilməsinə, strukturun təkmilləşdirilməsi və yeni təşkilati strukturun formalaşdırılmasına, əsaslandırılmış planlarının tərtibi, icrası və analitik təhlillərin aparılması üçün məlumat və hesabatların əldə olunmasına, təhlil işlərinin keyfiyyətlə aparılmasının təmin edilməsi üçün zəruri məlumat bazasının yaradılmasına, normativ-hüquqimetodoloji bazanın təkmilləşdirilməsinə, o cümlədən beynəlxalq audit standartlarına uyğun milli standartların hazırlanmasına, qanunvericiliklə müəyyən edilmiş funksiyaların icrasının keyfiyyətlə və mütəşəkkil təmin edilməsi üçün təşkilati məsələlərin həllinə, kadr potensialının səriştəliyinin gücləndirilməsinə yönəltmişdir.  Nəzarət tədbirlərində Palata tərəfindən əsas diqqət dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının gəlirləri üzrə dövlət və qeyri-dövlət müəssisələrində, həmçinin iri dövlət vergi ödəyicilərində gəlirlərin qanunvericiliyin tələblərinə uyğun formalaşdırılması və icrası vəziyyətinin araşdırılmasına, gəlirlərin toplanılması ilə məşğul olan orqanlarda vergi qanunvericiliyinə əməl olunmasına, daxili nəzarətin təşkilinin araşdırılmasına, xərcləri üzrə isə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi və təyinatı üzrə səmərəli istifadəsi, investisiyasosial sahələrdə, o cümlədən elm, təhsil, səhiyyə, mədəniyyət xərcləri üzrə dövlət proqramlarının icra vəziyyəti və s. kimi məsələlərin təhlilinə, məqsədli büdcə proqramlarının əsaslılığının araşdırılmasına, qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdə olan boşluqların aradan qaldırılması və qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinə yönəldilən təkliflərin hazırlanmasına və s. məsələlərə verilmişdir.

Ölkəmizdə nəzarət məsələsinin aktuallığını artıran amillərdən birinison zamanlar respublikamızda böyük həcmli transmilli layihələrin həyata keçirilməsi, daxili investisiyalar hesabına çoxlu sayda regional və sahə proqramlarının və layihələrinin reallaşdırılması, iqtisadi, müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması və son nəticədə dövlət xərclərinin əvvəlki illərlə müqayisədə dəfələrlə artması təşkil edir. Bütün bunlar isə külli miqdarda vəsaitin səmərəli idarəolunması ilə yanaşı, çevik və etibarlı dövlət maliyyə nəzarəti sisteminin məqsədyönlü təşkilini və inkişaf etdirilməsini şərtləndirir. Dövlət başçısı da büdcə vəsaitlərindən istifadə üzərində etibarlı və keyfiyyətli nəzarət mexanizminin yaradılması zərurəti dəfələrlə vurğulamışdır. Bütün bunlar bilavasitə adekvat dövlət maliyyə nəzarətinin təmin olunmasını tələb edir ki, bu da ali maliyyə nəzarəti orqanı kimi Palatasının üzərinə ciddi məsuliyyət və vəzifələr qoyur.

Beynəlxalq təcrübəyə uyğun olaraq, ali audit qurumu kimi Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarətinin əsas məqsədi qabaqcadan maliyyə idarəetməsinin qanunilik, effektivlik, nəticəlilik və qənaətlilik prinsiplərinin pozulmasını və qəbul edilmiş standartlardan kənarlaşmaları aşkar edərək fərdi hallarda təshihedici tədbirlərin həyata keçirilməsini, qanun pozuntularının aradan qaldırılmasını və ən azı, məhdudlaşdırılmasını təmin etməklə yanaşı, vəzifəli şəxslərin öz məsuliyyətini dərk etməsinə nail olmaqdır. Bunlar nəzərə alınaraq Palata tərəfindən nəzarət tədbirlərinin keçirilməsində sonrakı maliyyə-büdcə nəzarətinə daha çox üstünlük verilmiş, audit tədbirlərinin sayı əhəmiyyətli dərəcədə artırılmışdır. Belə ki, nəzarət tədbirlərinin nəticələrinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 2008-ci ildə 41, 2009-cu ildə 57 və 2010-cu ildə 83 təqdimat göndərilmişdir. Başqa sözlə, Palata yalnız nöqsan, çatışmazlıq və maliyyə pozuntularının aşkar edilməsi ilə kifayətlənməmiş, onların aradan qaldırılması, artıq və əsassız ödənilmiş büdcə vəsaitlərinin bərpa edilməsi, günahkar şəxslərin müvafiq qaydada cəzalandırılması üçün müvafiq tədbirlər həyata keçirmişdir.

Ölkənin sosial-iqtisadi həyatında Palatanın fəal iştirakı onun ekspert-analitik fəaliyyəti ilə təmin olunur. Yəni, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabatlaramüvafiq qanun layihələrinə Palata öz rəyini hazırlayarkən ilk növbədə büdcənin formalaşması şəraiti və məntiqini araşdırır, onların mövcud qanunvericiliyə uyğunluğunu, iqtisadi inkişafın potensial imkanları baxımından makroiqtisadi göstəricilərin reallığını, təklif olunan büdcə modeli vasitəsilə hökumətin iqtisadi fəaliyyətinə parlament nəzarətinin istiqamətlərini təhlil edir. Eyni zamanda, büdcənin hökumətin iqtisadi inkişaf strategiyasının müəyyən edilmiş məqsədlərinə adekvatlıq nəzərdən keçirilir. Bu zaman əsas diqqət makroiqtisadi parametrlərin büdcənin kəmiyyət və keyfiyyət göstəriciləri ilə əlaqələndirilməsinə, hökumətin öz üzərinə götürdüyü öhdəliklərin sosial-iqtisadi inkişafın strateji xətti ilə uzlaşdırılmasına yönəldilir və yekun olaraq bu parametrlər ictimai mənafe baxımından dəyərləndirilir. Elə bunun nəticəsidir ki, Hesablama Palatası son 3 ildə milyonlarla manat məbləğində büdcə vəsaitlərinin nağd qaydada müvafiq hesablara bərpa edilməsinə, dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilməsinə, habelə böyük həcmlərdə və xidmət, inventar və avadanlıq şəklində bərpasına nail olmuşdur. Eyni zamanda, Palatanın nəzarət tədbirləri nəticəsində çoxlu sayda ştat vahidiqruplar ləğv edilmiş, zəruri ştat vahidi üzrə əvəzləşdirmə aparılmış, çarpayı fondunun sayı azaldılmış, başqa sözlə, gələcəkdə büdcə vəsaitlərinin əsassız xərclənməsinə səbəb olacaq ödənişlərin qarşısı nəzarət tədbirləri ilə əvvəlcədən alınmışdır.

Həyata keçirilən nəzarət tədbirləri zamanı bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması nəzərə alınaraq 4 yoxlama materialları araşdırılmaq üçün Baş Prokurorluğa göndərilmiş, habelə dövlət büdcəsinə külli miqdarda borcu olan vergi ödəyicilərindən 11 vergi ödəyicisi barədə Vergilər Nazirliyi tərəfindən cinayət işinə başlanılmışdır.

2008-2010-cu illər üzrə Palata tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 500-ə yaxın məsul şəxs barəsində aidiyyəti orqanlar tərəfindən ciddi intizam tənbehi tədbirləri görülmüşdür. Bir sözlə, Palata tərəfindən görülən tədbirlər hesabına milyonlarla manat məbləğində artıq və əsassız ödənişlərin və səmərəsiz xərclərin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir ki, onların da ümumi məbləği Hesablama Palatasının saxlanılmasına sərf edilmiş büdcə vəsaitləri ilə müqayisədə dəfələrlə çoxdur.

Dövlət vəsaitlərinin effektiv və təyinatı üzrə istifadəsinin dövlət maliyyə idarəetməsi və səlahiyyətli orqanların bu sahədəki qərarlarının nəticəliliyi üçün ən vacib ilkin şərtlərdən biri olmasına baxmayaraq, hazırda nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar büdcədən maliyyələşən təşkilatların çox az hissəsini əhatə edir. Bu isə yoxlama aparılmayan təşkilatlarda maliyyə intizamının pozulması riskini artırır, büdcə vəsaitlərinin təyinatından kənar və səmərəsiz xərc olunmasını istisna etmir. Bütün bunlar nəzarət tədbirlərinin sayının əhəmiyyətli dərəcədə artırılmasını və bu zaman daha çox funksional fəaliyyətin bütövlükdə əhatə olunmasını şərtləndirir ki, bu istiqamətdə də Palata  öz fəaliyyətini gücləndirmişdir.

Obyektiv hesabatlar dərc etməklə dövlət orqanları və geniş ictimaiyyətlə məlumat mübadiləsinin formalaşdırılması kənar dövlət maliyyə nəzarətinin xüsusi məqsədləri kimi çox vacibdir. Bu baxımdan Palata yoxlamanın nəticələrinin rəsmi informasiya resurslarında yerləşdirilməsinə, ziyanın təqsirli şəxslərdən tam həcmdə tutulması məqsədilə hüquqi vasitələrdən geniş istifadə olunmasına və ziyanı könüllü ödəməyən şəxslər barəsində iddianın qaldırılması təcrübəsinə üstünlük verir.

Fikrimizcə, qeyd olunanlar maliyyə inzibatçılığının və mühasibat hesabatlarının qanuniliyinindüzgünlüyünün yoxlanılması ilə yanaşı, təşkilati və inzibati sistemlər də daxil olmaqla dövlət fəaliyyətinin qənaətliyinin, effektivliyinin və nəticəliyinin yoxlanılmasına şərait yaradılmasını və ölkəmizdə kənar dövlət maliyyə nəzarətinin beynəlxalq təcrübədə qərarlaşmış nəzarət prinsiplərinə uyğunlaşdırılmasını təmin edəcək.  

Hesablama Palatası fəaliyyətini INTOSAI standartlarının və mövcud qanunvericilik aktlarının tələblərinə uyğun təşkil etmək, fəaliyyətini reqlamentləşdirmək, maliyyə-büdcə nəzarəti tədbirlərini yüksək səviyyədə aparmaq, şəffaflığı təmin etmək və nəzarəti gücləndirmək, öz funksiya və səlahiyyətlərini mövcud şəraitə uyğun həyata keçirmək üçün Palata tərəfindən cari fəaliyyətin ayrı-ayrı istiqamətlərini əhatə edən 20-dən çox normativ-metodiki sənəd hazırlanmışdır. Nəzarət tədbirlərinin keçirilməsinin mərhələlərlə beynəlxalq audit standartlarına uyğun təşkil edilməsi məqsədi ilə INTOSAI-ın ali audit standartları hesab olunan "Auditin rəhbər prinsiplərinin Lima Bəyannaməsi" (ISSAI I) və "Etika Məcəlləsi" (ISSAI 30) Azərbaycan dilinə tərcümə edilmiş və onların yayımlanması qərara alınmışdır.

Büdcə gəlir və xərclərinin icrasına dövlət və ictimai nəzarətin gücləndirilməsi, dövlət vəsaitlərinin, aktivlərinin və əmlakının idarə və istifadə olunması sahəsində qanunvericiliyin və maliyyə intizamının qorunması, maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması, qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə Palata bir sıra dövlət orqanları (Maliyyə və Vergilər nazirlikləri, Baş Prokurorluq, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və Auditorlar Palatası) ilə razılaşma memorandumları imzalamışdır. Eyni zamanda, ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarına müvafiq olaraq Palata kompleks tədbirlər həyata keçirmişdir. Eləcə də "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasında görüləcək işlər barədə Tədbirlər Planı (2007-2011-ci illər)" çərçivəsində nəzarət tədbirlərinin nəticələri üzrə müəyyən edilən cinayət faktlarının araşdırılması üzrə müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın səmərəli təşkili, normativ hüquqi aktların və daxili nəzarət işinin korrupsiyaya qarşı mübarizə baxımından təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, əməkdaşların maddi təminatının və peşəkarlığının artırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi və s. istiqamətlərdə zəruri tədbirlər görülmüşdür. Son zamanlar bu sahəyə Palata tərəfindən diqqət daha da artırılmış, qanunsuz yoxlamaların, rüşvətxorluğun aradan qaldırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, səmərəli nəzarət və hesabatlılıq sisteminin yaradılması prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Nəzarət tədbirlərinin gedişində, təşkilat və müəssisələrin əməkdaşları ilə təmaslarda INTOSAI-ın Lima Bəyannaməsinin və Etika Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlarla münasibətdə yüksək mədəniyyətin nümayiş etdirilməsi, insanlara qarşı etik davranış qaydalarına ciddi riayət olunması, xeyirxah, öz peşə fəaliyyətində dürüst və ədalətli olmaları, həmişə obyektivlik, peşəkarlıq göstərilməsi, nöqsan və çatışmazlıqların, habelə korrupsiya elementlərinin aşkar olunduğu hallarda belə soyuqqanlılıqla, yalnız faktaaudit sübutlarına əsaslanmaları Palata əməkdaşları üçün vəzifə borcu kimi müəyyən edilmişdir.

Palatanın əsas fəaliyyət istiqamətlərindən birini qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdə mövcud olan boşluqların və ziddiyyətlərin aradan qaldırılması məqsədilə müvafiq təkliflərin hazırlanaraq hökumətə təqdim olunmasıdır. Ölkəmizdə təkmil qanunvericilikmetodoloji bazanın yaradılmasında Palatanın bu formada iştirakı beynəlxalq audit standartlarının tələblərinə uyğun olmaqla yanaşı, büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunmasına da xidmət edir. Son iki ildə Palata tərəfindən 50 bənddən ibarət təkliflər zərfi Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bu təkliflərin icra vəziyyəti barədə Nazirlər Kabinetinin Palataya göndərdiyi rəsmi məlumatlara əsasən demək mümkündür ki, onların mütləq əksəriyyəti aidiyyəti dövlət hakimiyyəti orqanları tərəfindən qəbul olunur, yaxud nəzərə alınır.

Palata öz işini cari fəaliyyətlə məhdudlaşdırmamış, hökumət tərəfindən sosial-iqtisadi siyasətin seçilmiş əsas strateji məqsədlərinə və onun reallaşdırılması üçün nəzərdə tutulmuş tədbirlərə uyğun qurmaq üçün də müəyyən tədbirlər həyata keçirmişdir. Belə ki, Palatanın qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyaların icrasını səmərəli təşkil etmək və potensialını gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası ilə Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində Hesablama Palatasının Strateji İnkişaf Planı (SİP) hazırlanmışdır. Planın icrası məqsədilə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən qrant vəsaiti ayrılmış, Dünya Bankının dəstəyi ilə həyata keçirilən Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsində (CAPSAP) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə İsveçrə hökuməti ilə Dünya Bankı arasında İnzibati Müqavilə, Azərbaycan Respublikası hökuməti ilə İsveçrə Konfederasiyası hökuməti arasında texniki yardım haqqında sazişDünya Bankı ilə Azərbaycan hökuməti arasında qrant sazişi imzalanmışdır. Artıq layihənin icrasına başlamaq üçün xarici fərdi məsləhətçinin seçilməsi təmin olunmuşonunla Hesablama Palatasına texniki yardımın göstərilməsinə dair razılıq əldə edilmiş, müqaviləyə uyğun olaraq, fərdi məsləhətçi tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinə başlanmışdır.

Bu layihə çərçivəsində Palatanın qanunvericilik bazasının təkmilləşdirilməsi üçün müvafiq tövsiyələrin və tədbirlərin hazırlanması, nazirlik və təşkilatlarla işgüzar əlaqələrin yaradılması, mövcud təşkilati strukturunun funksional baxımdan təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının artırılması ilə bağlı insan resursları siyasətinin hazırlanması, əsas fəaliyyət istiqamətləri üzrə Palatanın potensial inkişafının və IT tələblərinin qiymətləndirilməsi, IT və CAAT əsaslı auditlərin keçirilməsi, beynəlxalq audit metodologiyaları, standartları, təcrübə və prinsipləri nəzərə alınmaqla inkişafa dəstək verilməsi, digər ölkələrin ali audit qurumları ilə əlaqələrin daha da gücləndirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlərin icrası  nəticədə Palatanın fəaliyyətini keyfiyyətcə yeni səviyyədə qurmağa, dövlət büdcəsinin gəlir və xərclərinin artdığı və keyfiyyətli kənar dövlət maliyyə nəzarətinin tələb olunduğu indiki şəraitdə maliyyə auditindən kənara çıxaraq beynəlxalq təcrübədə daha çox istifadə olunan səmərəlik, strateji və digər audit metodlarını tətbiq etməyə, gələcəkdə də davamlı təkmilləşmə və potensialın artırılması xəttinə sadiq qalaraq öz fəaliyyətini qanunvericiliyin, həmçinin INTOSAI standartlarının tələblərinə uyğun olmaqla təşkil etməyə imkan verəcək.

Hesablama Palatası bu gün büdcə idarəçiliyində, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliyin təmin edilməsi sahəsində mühüm rol oynayan dövlət qurumu kimi çıxış edir. Fəaliyyətində aşkarlığın, şəffaflığın və hesabatlılığın təmin edilməsi Palatanın cari fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edirbu istiqamətdə fəaliyyət qabaqcıl beynəlxalq təcrübəyə və qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq tənzimlənir. Palata öz fəaliyyəti barədə müntəzəm olaraq kütləvi informasiya vasitələrinə məlumat verir, illik fəaliyyət haqqında hesabatlar Milli Məclisə təqdim edilir və "Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı"nda dərc olunur.

Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatının "Büdcə Açıqlığının İcmalı- 2010" hesabatına əsasən, Azərbaycan Büdcə Açıqlığı İndeksinə görə 94 ölkə arasında 52-ci yeri tutmuşdur. Bu icmal dövlətlərin büdcə fəaliyyətinin yeganə müstəqil və müqayisəli qiymətləndirilmə sənədi hesab olunur. Azərbaycan üzrə bu indeks 2006-cı ildə 30-a, 2008-ci ildə 37-yə və 2010-cu ildə 43-ə bərabər olmuşdur. Başqa sözlə, son 5 ildə ölkəmiz bu göstərici üzrə 13 pillə irəliləmiş və minimal informasiya təqdim edən ölkələr qrupundan (III qrup) müəyyən informasiya təqdim edən ölkələr qrupuna (II qrup) daxil olmuşdur. Azərbaycanın öz mövqeyini yaxşılaşdırmasının əsas amili kimi icmalda ali maliyyə nəzarəti orqanının yeni rəhbəri tərəfindən illik audit hesabatlarının, həmçinin büdcənin icrası üzrə cari hesabatların nəşr edilməsi, habelə şəffaflığın artırılması istiqamətində mütəmadi həyata keçirilən tədbirlər qeyd edilmişdir.

Palatanın fəaliyyətində şəffaflığın təmin edilməsi, zəruri məlumatların vaxtında və daha çevik qaydada ictimaiyyətə çatdırılması üçün daha çox Palatanın internet informasiya ehtiyatlarından istifadə edilmişdir. Palatanın veb-saytı son 2 ildə əsaslı surətdə yeniləşmiş və təkmilləşdirilmiş, habelə veb-saytın ingilis dilində versiyası istifadəyə verilmişdir.

Hesablama Palatası dövlət maliyyə nəzarətini həyata keçirən ali audit qurumlarını birləşdirən beynəlxalq təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində, habelə bir sıra ölkələrin ali maliyyə nəzarəti orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində kompleks tədbirlər həyata keçirir. Hələ 2002-ci ildə Palata ayrı-ayrı ölkələrin ali audit qurumlarını birləşdirən beynəlxalq təşkilatlara - INTOSAI, EUROSAI, ASOSAI və ECOSAI-ya üzv qəbul edilmişdir. Yarandığı dövrdən başlayaraq Hesablama Palatası tərəfindən digər ölkələrin ali audit qurumları ilə ikitərəfli işgüzar əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirilmiş, bir sıra dövlətlərin (Böyük Britaniya, Türkiyə, Pakistan, İran, Küveyt, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus) ali maliyyə nəzarəti orqanları ilə ikitərəfli əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Bununla yanaşı, Çexiya, EstoniyaMoskva şəhərinin ali maliyyə nəzarəti orqanları ilə peşəkar əlaqələr qurulmuşdur. Hazırda Avropa və Asiyanın bir sıra digər ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Palatanın əməkdaşları INTOSAI, EUROSAI və ASOSAI-ın bir sıra peşəkar komitə və işçi qrupları tərəfindən hazırlanmış normativ sənədlərin layihələrinin ekspertizasında, ali audit qurumlarının beynəlxalq və regional təşkilatları, bu təşkilatların xüsusi işçi qrupları, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində ayrı-ayrı ölkələrin ali maliyyə nəzarəti orqanları tərəfindən təşkil edilən tədris kursları, konfrans, seminar, birgə-paralel yoxlamalar və digər tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.

Bir sözlə, fəaliyyətinin 10 illik dövrünü başa vurmaqda olan Hesablama  Palatası bu illər ərzində aparılan təşkilati, nəzarət (audit, analitik) tədbirləri və metodoloji işlər nəticəsində dövlət hakimiyyəti orqanları sistemində layiqli yerini tutmuş, maliyyə pozuntuları və korrupsiya ilə mübarizədə əhəmiyyətli nəticələrə nail olmuşdur.

 

 

Heydər ƏSƏDOV,

Hesablama Palatasının sədri

 

Azərbaycan.- 2011.- 1 noyabr.- S.  7.