Ağsu rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə Ağsu rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, ümumi məhsul buraxılışı 3,8 dəfə, sənaye məhsulunun həcmi 5,0 dəfə artmış, bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Ağsu şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağsu Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 noyabr
2011-ci il
Azərbaycan.- 2011.- 2 noyabr.- S. 1.