Prezident İlham Əliyev
Azərbaycan Dövlət Mahnı Teatrının
binasının əsaslı bərpa və yenidənqurmadan
sonrakı vəziyyəti ilə tanış olmuşdur
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanmışdır. Bu, 1988-ci ildən bəri aparılan ilk əsaslı təmirdir. Yenidənqurma zamanı binanın memarlıq üslubu qorunub saxlanılmışdır.
Prezident İlham Əliyev teatr binasının tamaşa zalı ilə tanış oldu. Bildirildi ki, 214 yerlik zalda ən müasir havalandırma sistemi qurulmuşdur. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunmuş, qapı-pəncərələr, oturacaqlar yenilənmiş, xidməti otaqlar, zal, səhnə yenidən qurulmuşdur. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır.
Məlumat verildi ki, Dövlət Teatrının binası yeni mövsümdə qapılarını tamamilə müasir görkəmdə tamaşaçıların üzünə açacaqdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2011.- 2 noyabr.- S. 1.