Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

 

 Prezident İlham Əliyev noyabrın 1-də Dənizkənarı Milli Parkda "Kiçik Venesiya şəhərciyi" adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının inşası və Yeni Bulvar ərazisində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Əvvəlcə "Kiçik Venesiya şəhərciyi" adlanan əraziyə gələn dövlətimizin başçısına məlumat verildi ki, burada əsaslı yenidənqurma və bərpa işlərinə bu ilin iyununda başlanmışdır. Ümumi sahəsi 9740 kvadratmetr olan şəhərcikdə işlərin böyük əksəriyyəti artıq başa çatdırılmışdır.

Prezident İlham Əliyev şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərə baxdı. Bildirildi ki, ərazidə bütövlükdə tikinti və yenidənqurma işləri gələn ilin fevralında yekunlaşdırılacaqdır. Burada yaradılan ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalda 10 qayığın üzməsi nəzərdə tutulmuşdur. İstirahətə gələn vətəndaşların və qonaqların şəhərciyin ərazisində həm qayıqda, həm də piyada sərbəst hərəkəti üçün altı körpü və bir tunel tikilmişdir. Kanalların doldurulması üçün min kubmetr həcmində su anbarı, 600 kubmetr həcmində isə sutəmizləyici sahə yaradılmışdır. Kanalların doldurulması üçün 7 min kubmetr su sərf olunacaqdır.

Şəhərciyin ərazisində iki restoran da inşa edilir. Restoranlarda müştərilərə Azərbaycan, Şərq Avropa mətbəxinin nümunələri təqdim olunacaqdır. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaqdır. Kanallarda, fəvvarələrdə, körpülərdə tuneldə qurulacaq işıqlandırma sistemi axşam saatlarında şəhərciyi ən sevimli istirahət guşələrindən birinə çevirəcəkdir. Əsl Venesiyanı xatırladacaq "Kiçik Venesiya şəhərciyi" öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verəcəkdir.

 

*  *  *

 

Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə maraqlandı.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilən binanın tikintisinə 2008-ci ilin mayında başlanmışdır. Milli memarlıq ənənələrinə daha çox üstünlük verilən Xalça Muzeyinin dördmərtəbəli yeni binasının tikintisi artıq başa çatmaq üzrədir. Ümumi sahəsi 18 min kvadratmetrdən çox olan binanın birinci mərtəbəsində muzeyə gələn qonaqlar üçün guşələr, inzibatielmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenirkitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaqdır. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcəkdir. Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunan arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcəkdir. Burada həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sahə nəzərdə tutulmuşdur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaqdır.

Muzeyin yeni binası istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı nəzərdə tutulmuşdur. Yeni bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcəkdir.

 

*  *  *

 

Azərbaycan Prezidenti daha sonra Dənizkənarı Milli Parkın Yeni Bulvar adlanan hissəsinə gəldi.

Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi istiqamətində aparılan tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Yeni Bulvarın uzunluğu 1800 metrədəkdir. Burada 25 metr enində hərəkət və gəzinti zolağı inşa olunur. Bu hissədə işlər artıq başa çatmaq üzrədir. Burada Dənizkənarı Milli Parka aid avtomobillərin hərəkəti üçün yol da inşa olunacaqdır.

Prezident İlham Əliyev Yeni Bulvarın planının əks olunduğu stendə baxdı. Bildirildi ki, gəzinti zolağı boyunca yaşıllıqlar salınacaq, istirahət guşələri yaradılacaq, uşaqlar üçün attraksionlar quraşdırılacaqdır. Dənizkənarı Milli Parkın mövcud hissəsinə birləşərək Dövlət Bayrağı meydanına qədər uzanan Yeni Bulvarda əhalinin istirahəti üçün bütün şərait yaradılacaqdır. Burada inşaat işlərinin gələn ilin aprelində başa çatdırılması nəzərdə tutulmuşdur.

Qeyd olundu ki, köhnə gəmi təmiri zavodunun yerləşdiyi ərazidə təmizləmə işləri daha da sürətləndirilmişdir. Ümumi sahəsi 43 min kvadratmetr olan Yeni Bulvarın ərazisində 34 min kvadratmetr sahədə betonlanma işləri görülmüşdür.

 

*  *  *

 

Dövlətimizin başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  2.