Azərbaycan-Türkiyə: hüquqi sahədə əməkdaşlıq genişlənir

 

 Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verilir. 2001-ci ildə ulu öndər Heydər Əliyevin Türkiyəyə səfəri zamanı ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanaraq, hüquqi əməkdaşlığın genişləndirilməsinə təkan verilmiş, müqavilə-hüquq bazası möhkəmləndirilmiş, ədliyyə nazirlərinin qarşılıqlı səfərləri və birgə tədbirlər keçirilmişdir.

Ölkəmizə nümayəndə heyəti ilə səfərə gələn Türkiyənin ədliyyə naziri Sadullah Ergin noyabrın 1-də respublikamızın ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Tarixən qədim köklərə bağlı olan dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini bildirən F.Məmmədov dövlətlərimizin rəhbərlərinin müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu qeyd etmiş, ötən ay Ankarada "Türkdilli respublikalar müstəqilliklərinin 20-ci ilində" mövzusunda keçirilmiş beynəlxalq konfrans çərçivəsində səmimi ikitərəfli görüşü məmnunluqla xatırlatmışdır. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə məlumat vermiş, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini vurğulamışdır. F.Məmmədov qardaş ölkənin ərazisində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar S.Erginə dərin hüznlə başsağlığı vermişdir.

S.Ergin 61-ci hökumətin ədliyyə naziri kimi ilk xarici səfərini Azərbaycana etməsindən böyük məmnunluq hissi keçirdiyini bildirmiş, regionda lider olan ölkəmizin iqtisadi, siyasi və hüquqi sahələrdə yüksək nailiyyətlərini, xalqlarımız arasında dostluq və qardaşlıq, əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmiş, Prezident İlham Əliyevin ötən ay İzmirə səfərinin tarixi əhəmiyyətini vurğulamışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə xoş arzularını bildirən S.Ergin bu ərəfədə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı ölkəsinin sevincini bölüşmüşdür. Türkiyəli nazir respublikamızın məhkəmə-hüquq sistemində aparılan islahatları təqdir edərək, qazanılmış nailiyyətlərin Avropa Şurasında örnək kimi qəbul olunduğunu vurğulamış, ölkələrimizin ədliyyə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd etmiş, bu münasibətlərin daha da dərinləşdirilməsi niyyətində olduğunu söyləmişdir. S.Ergin ölkəsində baş vermiş dəhşətli təbii fəlakət zamanı qardaş Azərbaycanın göstərdiyi fəal dəstəyə görə minnətdarlığını bildirmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Türkiyə münasibətlərinə dair ekspozisiyalar ilə tanış olmuş, qonaqlara müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilmişdir.

Səfər çərçivəsində Türkiyə ədliyyə nazirinin bir sıra rəsmi görüşləri, habelə ədliyyə sahəsində aparılan islahatlarla yaxından tanış olmaq üçün məhkəmələrə və penitensiar müəssisələrə baş çəkməsi nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  3.