Azərbaycan daha bir beynəlxalq sərgiyə ev sahibliyi edir

 

 Bu gün Bakıda beynəlxalq "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" sərgisi öz işinə başlayır.

Sərgi noyabrın 2-dən 4-dək Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "İteca Caspian" şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək. Ətraf mühitin mühafizəsinə həsr olunmuş bu sərgi "CTE-2011" adlanır.

Sərginin keçirilməsində məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək vermək, habelə təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir. "CTE-2011" beynəlxalq sərgisində 13 ölkədən 75 şirkət və qurum iştirak edəcək.

"CTE-2011" sərgisi həmçinin hökumət və qeyri-hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, enerjiyə qənaət olunmasına və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq. Sərgi çərçivəsində noyabrın 3-də "Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları" mövzusunda konfransın da keçirilməsi nəzərdə tutulub.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən almışıq.

 

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  3.