Gəncə yeni yüksəliş yolundadır
Son vaxtlar Gəncə şəhərində görülən işlərin miqyası o qədər genişdir ki, onları tam əhatə etmək, bir söhbətdə, bir yazıda cəmləşdirmək qeyri-mümkündür. Şəhər başdan-başa yenidən qurulur. Həm iqtisadiyyatı sürətlə inkişaf edir, həm də abadlıq-quruculuq işləri getdikcə geniş vüsət alır. Başqa sözlə, qısa müddət ərzində qədim Nizami yurdu tamamilə tanınmaz olmuşdur.
Cari ilin doqquz ayı ərzində şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən toplantıda bu barədə geniş söhbət getmişdir. İcra hakimiyyətinin başçısı Elmar Vəliyev ötən müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı məruzə etdi. Sonra Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqovun, şəhər təhsil şöbəsinin müdiri Mahal Əliyevin, Regional Elm Mərkəzinin direktoru Fuad Əliyevin, Nizami Rayon Pensiya Şöbəsinin müdiri Nizami Əhmədovun, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqovun, İctimai İnkişaf Nazirliyi Gəncə regional bölməsinin müdiri Arzu Həmzəyevin və başqalarının çıxışları dinlənildi.
Yekdilliklə qeyd olundu ki, şəhər üzrə qarşıda duran vəzifələr hər sahədə uğurla yerinə yetirilir. Cari ilin doqquz ayı ərzində 341,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 115,3 milyon manat çoxdur. Başqa sözlə desək, artım 51 faizdir. Ümumi məhsulun 24,9 faizi sənayenin, 20,8 faizi tikintinin, 17,6 faizi nəqliyyatın, 35,5 faizi ticarətin və digər sahələrin payına düşür. Ən fərəhli cəhət budur ki, ümumdaxili məhsulun 46 faizi istehsal sahələrindən əldə olunmuşdur. Şəhərdə qeyri-neft sektorunun inkişafına, sahibkarlığın tərəqqisinə, yeni obyektlərin işə salınmasına, iş yerlərinin açılmasına xüsusi diqqət yetirilir. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, sənayenin qeyri-dövlət bölməsində istehsalın həcmi ötən ilin müvafiq dövründəkinə nisbətən 15,9 faiz artmışdır.
Bu yerlərdə hər gün bir yeniliyin şahidi olursan. Sentyabr ayında Gəncə Cihazqayırma Zavodu istifadəyə verilmiş, yaxın vaxtlarda isə böyük bir metallurgiya kompleksi işə başlayacaqdır. Şəhərdə digər istehsal müəssisələrinin də gücünün artırılması istiqamətində böyük işlər görülür. Bu isə həm sənayenin yüksəlişi, həm də xeyli miqdarda iş yerlərinin açılması deməkdir.
Toplantıda qeyd edildi ki, cari ilin doqquz ayı şəhər həyatında genişmiqyaslı abadlıq və quruculuq işləri ilə əlamətdar olmuşdur. Son vaxtlarda 159 binanın dam örtüyü dəyişdirilib. Yüzdən artıq binanın fasadı müasir şəhərsalma tələblərinə uyğun milli ornamentlərlə bəzədilib. Heydər Əliyev, Şah İsmayıl Xətai, Atatürk, Nəriman Nərimanov prospektlərində, Nizami, Dədə Qorqud, Əziz Əliyev, Cavad xan küçələrində və başqa yerlərdə istehsal, ticarət, xidmət və digər sosial-mədəni yönümlü tikililərdə, ümumən yüzlərlə obyektdə təmir-bərpa işləri aparılıb. Hazırda eyni vaxtda 244 iri obyektdə tikinti və yenidənqurma işləri gedir. Nizami Gəncəvinin məqbərə kompleksi ətrafında isə artıq son tamamlama işləri görülür.
Şəhərdə bir sıra sosial tədbirlərin həllinə və infrastrukturun müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. Gəncənin seyrəngahı sayılan Cavad xan küçəsi və onun ətrafındakı obyektlər başdan-başa yenidən qurulur. Üçbulaq adı ilə tanınan ərazidə müasir memarlıq üslubunda inşa edilən Beşbulaq parkı qranit lövhələrlə üzlənmişdir. Heydər Əliyev meydanı və onun ətrafı başdan-başa yeni görkəm alır. Xatirə parkında 150 hektar sahədə Heydər Əliyev Mərkəzinin təməli qoyulub. Yaxınlıqda Zəfər tağının və Gənclər evinin ucaldılması nəzərdə tutulub. Yararsız vəziyyətinə görə illər boyu istifadəsiz qalmış filarmoniya üçün şəhərin mərkəzində müasir görkəmli bina inşa olunur. Gəncə çayının sahilində milli sənətkarlıq nümunələrinin emalı və satışı kompleksinin, yaxınlıqda isə Məhsəti Gəncəvi adına geniş profilli mədəniyyət mərkəzinin yaradılması məsələsi həll edilib.
İllər boyu baxımsızlıq üzündən şəhərin yol təsərrüfatı, küçələr və səkilər yararsız hala düşmüş, binaların ətrafı qanunsuz tikililərlə, sınıq-salxaq qarajlarla, yöndəmsiz çəpərlərlə əhatə olunmuşdu. İndi bir neçə yerdə ikitərəfli yollar çəkilir, yöndəmsiz tikililər sökülür, binaların araları, məhəllə və keçidlər kol-kosdan təmizlənir. Onların yerində səliqə-sahmanlı uşaq idman obyektləri və istirahət guşələri düzəldilir.
Hesabat dövründə məhəllədaxili yolların xeyli hissəsi təmir olunmuş, lazımi yerlərdə genişləndirmə işləri aparılmış, asfalt döşənmiş və səkilər yararlı hala salınmışdır. 4 nömrəli tam orta məktəbin və mərkəzi kitabxananın qarşısında, N.Nərimanov parkının ətrafında və digər yerlərdə təmir-bərpa işləri davam edir. Küçələrdə, parklarda və bağlarda 550-dən artıq müasir işıqlandırma dirəkləri basdırılmışdır. Qaz və telefon xətləri sistemli surətdə yerin altına keçirilir. Gəncənin görkəmi dəyişdikcə gözəlliklər məskəninə, fəvvarələr diyarına çevrilir. Son vaxtlarda şəhərin ən müxtəlif guşələrində, parklarda, bağlarda, xiyabanlarda bir-birindən yaraşıqlı fəvvarə kompleksləri yaradılır.
Ən böyük qayğı su və kanalizasiya ilə bağlıdır. İllər boyu açıq qalan bu problem artıq öz həllini tapmışdır. Gəncəyə üç istiqamətdən - Göygöldən, Qızılqayadan və Şəmkir dəryaçasından su çəkilməsi üçün tədbirlər görülür.
Şəhərdə imkansız adamların, xüsusən şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Şəhid ailələri və Qarabağ əliləri üçün Yeni Gəncə yaşayış sahəsində doqquzmərtəbəli səksən bir mənzilli bina inşa olunur. Gələn il daha bir doqquzmərtəbəli binanın tikilməsi nəzərdə tutulmuşdur. Vətən uğrunda döyüşlərdə xüsusi xidməti olanların xatirəsi əbədiləşdirilir. İcra hakimiyyətinin təşəbbüsü ilə 185 küçəyə şəhidlərin adları verilmişdir. İndi isə Şəhidlər xiyabanında Xatirə kompleksi yaradılır.
Prezident İlham Əliyevin tapşırığı ilə İmamzadə kompleksinin təmiri və bərpası ilə bağlı geniş işlər görülür. 5,2 kilometr uzunluğunda ziyarət yolu yenidən qurulur. Şeyx Bahəddin küçəsində yerləşən Uğurlu xan sarayında və Alban məbədində əsaslı təmir işləri gedir. Tarixin canlı yadigarları olan Çökək hamamda, Şah Abbas məscidinin ərazisində, Zərdabi teatrında bərpa, Nərimanov və Fikrət Əmirov parklarında yenidənqurma işləri davam edir. Mir Cəlal Paşayevin ev muzeyində, Ozan və Şərəfxanlı məscidlərində, İsrafil Məmmədovun ev muzeyində, Dövlət Kamera Teatrının binasında, uşaq musiqi məktəblərində təmir-bərpa işləri aparılmış, mərkəzi kitabxanada elektron kitabxana fəaliyyətə başlamışdır. Abidələrə qayğı məsələsi də ön plandadır. İcra hakimiyyətinin təşəbbüsü ilə qədim tarixi mədəni abidələrin tədqiqi və təbliği üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Bu sahədə atılan ilk addımlar da artıq öz bəhrəsini verir.
Qayğı və gözəllik artdıqca Nizami yurdu dünya miqyaslı tədbirlərin mərkəzinə çevrilir. Bu yaxınlarda Gəncə şəhəri gənclərin beynəlxalq festivalına ev sahibliyi etdi. Dövlət Aqrar Universitetimizdə isə Qafqaz dövlətləri, Türk Cümhuriyyəti və Türkiyə Tədqiqat Əməkdaşlığı - BSİ 211 çərçivəsində "Qloballaşma şəraitində təhsilin və elmin inkişafı problemləri" mövzusunda beynəlxalq toplantı keçirildi. Yaxın-uzaq ellərdən gələn qonaqlar ümumən respublikamızın, eləcə də Gəncə şəhərinin uğurlarından böyük ehtiramla danışırdılar.
Toplantıda görülən işlər qeyd olunmaqla yanaşı, qarşıda duran vəzifələrdən geniş söhbət açıldı, mövcud qüsurlara və həlli vacib məsələlərə toxunuldu, işlərin nizama salınması üçün müxtəlif təkliflər irəli sürüldü.
Doqquz aylığın yekunlarının müzakirəsi əlamətdar günlərdə keçirilmişdir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bütün gəncəlilərin hədsiz sevincinə səbəb olmuşdur. Natiqlər müstəqil dövlətimizin, Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının əvəzsiz uğurunun tarixi əhəmiyyətini vurğulamış, bu münasibətlə dövlət başçısına səmimi ürək sözlərini bildirmiş və bu cür qələbələrin daha geniş miqyas alması üçün hər kəsin tapşırılan iş sahəsində daha səylə çalışmasının vacibliyini dönə-dönə qeyd etmişlər.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.- 2 noyabr.- S. 5.