Süleyman Dəmirəl - Türkiyənin 9-cu Cümhurbaşqanı

 

İndi bu barədə düşünmək istəsək, yaxud da xatırlamağa çalışsaq, heç vəchlə yada sala bilməyəcəyik bu Türkiyə sevdasının haçan ürəyimizə, qəlbimizə girib, qanımıza, iliyimizə işləyib vücudumuzu fəth etdiyi anı, günü. Nazim Hikmətin, Mehmet Akif Ərsoyun şeirləri, Rəşad Nuri Güntəkinin, Orxan Pamukun romanları, yoxsa dünyanı qılıncının ucunda diz çökdürən İldırım Bəyazidin fateh yürüşləri haqqında, Mustafa Kamal Atatürkün istiqlal mücadiləsi barədə tarixin şəhadəti ilə yol tapıb bu ülvi olduğu qədər də ali sevgi içimizə?!

Fakt odur ki, Türk və Azərbaycan milləti arasında ortaq tarixi-mədəni ənənələrdən, tale yaxınlığından, qismət oxşarlığından qidalanan, eyni boydan-soydan boy götürüb gələn belə bir yaxınlıq, dostluq, qardaşlıq telləri mövcuddur.

Türkiyənin tarixi özü haqqında vəcd və heyranlıqla danışmağa yetərincə tutalqa verən bir tarixdir. Və bu tarixi, qisməti bir tərəfdən uca Allah xalqın alnına yazıbsa, digər tərəfdən də bu millətin yetirdiyi şəxsiyyətlər yaradıblar. Qosqoca tarixlə çiyin-çiyinə addımlayaraq bu gün Avrasiya məkanında Qərbin təhdidlərinə sinə gərən Türkiyəni ayaqda saxlayan da həmin bahadır, aydın oğullarıdır.

İstər Türkiyənin, istərsə də Azərbaycanın tarixində şəxsiyyətlərin rolu inkaredilməzdir. Osmanlı Türkiyəsini istiqlal savaşından qalib çıxararaq onu müasir, dünyəvi dövlətlər cərgəsinə qatan Müstafa Kamal belə insanlardan idi. Türk milləti ona övladlıq sevgisini "ata" kəlməsi ilə ifadə etdi.

Atatürkdən sonra Türkiyəyə yeddi prezident - İsmət İnönü, Mahmud Calal Bayar, Camal Gürsəl, Cevdət Sunay, Fəxri Qorutürk, Kənan Evrən, Turqut Özal rəhbərlik etdi. Heç şübhəsiz, onların hər biri bu ölkənin qüdrətlənməsi, türk millətinin öz şərəfli adını  tarixə yazması üçün əlindən gələni əsirgəmədi. Süleyman Dəmirəl Türkiyənin sayca doqquzuncu Cümhurbaşqanı oldu və Türkiyə az qala yarım əsrdir adı ölkənin siyasət kəhkəşanından çəkilməyən bu insana öz şükranlıq vəfasını "baba" kəlməsi ilə ifadə etdi.

"Millətin varlığı xalqın böyüklüyünümilli xarakterini öz şəxsiyyətində təcəssüm etdirən qəhrəmanlarsız mümkün deyil. ABŞ-ı Ruzveltsiz, Fransanı general de Qollsuz, Hindistanı Nerusuz təsəvvür etmək mümkün olmadığı kimi, Türkiyənin yeni tarixi də Dəmirəlsiz düşünülmür". Moldav jurnalisti, diplomat və siyasətşünası Fyodor Anqelinin "Respublikalı Türkiyə. Süleyman Dəmirəl" kitabı bu cümlələrlə başlayır. Və 500 səhifəlik əsərin əsas ideya-qayəvi əhəmiyyəti, təlqin etməyə çalışdığı həqiqət Türkiyənin 9-cu Prezidentinin vətənpərvər, dövlətçi, milli maraqlar yolunda mübariz obrazını canlandırmaqdan ibarətdir.

Dünya siyasətinin titanları ilə bir sırada dayanan bu böyük türkün həyat və fəaliyyətinin ən ilginc məqamları barədə professor Əli Həsənov və tanınmış türk yazıçı-publisisti İrfan Ülkü "Süleyman Dəmirəl" kitabında ətraflı bəhs etmişlər.

Kimdir Süleyman Dəmirəl?

O, 1924-cü il noyabrın 1-də İsparta vilayətinin Atabəy bölgəsinin İslamköy kəndində dünyaya gəlib. İbtidai təhsilini kənddə, lisey təhsilini isə İspartaAfyonda alan Süleyman bəy 1949-cu ildə İstanbul Texniki Universitetinin məzunu olur. 1954-55-ci illərdə ABŞ-da ixtisası üzrə müvafiq kurslarda təhsil alır. Qayıtdıqdan sonra Dövlət Su İşləri İdarəsinə müdir təyin olunur.

Süleyman Dəmirəl siyasi fəaliyyətə 1962-ci ildə Ədalət Partiyasının İdarə Heyətinə üzv olmaqla başlayıb. Həmin partiya 1946-cı ildə bir qrup deputat tərəfindən Demokratik Partiyanın sələfi kimi yaradılmışdı və 1950-ci il seçkilərində demokratlar parlaq qələbə çalaraq Türkiyənin iqtisadi inkişafında yeni səhifə açdılar. 60-cı il dövlət çevrilişi ilə müşayiət olunan uğursuz hadisələrdən sonra qadağan olunmuş DP-nin tərəfdarları Ədalət Partiyasının sıralarında birləşdilər.

Süleyman Dəmirəl 1964-cü il noyabrın 28-də partiyanın ikinci qurultayında yekdilliklə sədr seçildi və 10 oktyabr 1965-ci il parlament seçkilərində rəhbərlik etdiyi Ədalət Partiyası 53 faiz səs toplayaraq təkbaşına iqtidara gəldi. Dörd il sonra onun yönəltdiyi partiya yenidən xalqın mütləq əksəriyyətinin səsini qazandı və Dəmirəl Türkiyə Cümhuriyyətinin 14-cü hökumətini qurdu.

Hərbçilərin 12 mart 1971-ci il ultimatumundan sonra Süleyman Dəmirəl baş nazirlik vəzifəsindən ayrılsa da, 1980-ci ilədək üç dəfə hökumət qurdu. Türkiyənin demokratik, dünyəvi, iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi, nəinki Avrasiya məkanında, həmçinin beynəlxalq miqyasda söz sahibi kimi tanınmasında böyük siyasi mətanət və zəhmət sərf etmiş Dəmirəl 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra yeddi il müddətinə siyasətlə məşğul olmaq qadağası ilə üzləşdi. 1987-ci ildə keçirilən referendum həmin qadağanı götürdüDoğru Yol Partiyasının sentyabrın 24-də keçirilmiş fövqəladə qurultayında o, partiyanın sədri seçildi. 1991-ci il oktyabr seçkilərindən sonra qurulan koalisiya hökumətinin Baş naziri olan Süleyman Dəmirəl 1993-cü il mayın 16-da TBMM tərəfindən Türkiyənin 9-cu Prezidenti seçildi.

50 il... tam yarım əsr. Hər ili, günü, anı siyasi mübarizələr burulğanında keçmiş,  ləyaqətlə yaşanmış şərəfli ömür yolu. Yalnız kitabların dilində həmin yol hamar, təlatümsüz görünə bilər. Əslində, mədəni-iqtisadi əməkdaşlığın, məfkurə birliyinin, tolerantlığın, mədəniyyətlərarası dialoqun zəif olduğu soyuq müharibə dönəmində milli qürur və ənənələrini qoruyaraq fövqəladə sayıla biləcək bir inkişaf ahənginə imza atan dünyəvi müsəlman-türk dövlətinin uğurlarını həzm edə bilməyənləri, darılanları az deyildi. bütün Türk dünyasının gözlərini dikdiyi bir dövləti siyasət dənizinin hər qarışı təhlükə və məkr vəd edən sualtı riflərindən, heybətli dalğalarından mahir kapitan tək xəta-bəlasız çəkib aparmaq, taleyinə Tanrı tərəfindən öndərlik, bənzərsizlik yazılmış Süleyman Dəmirəl kimi harizmatik, əqidəli və prinsipial şəxsiyyətlərin qismətidir.

Heç şübhəsiz, ortaq tarixi kökləri olan Azərbaycan-Türkiyə dostluğunun, iki eyni kökənli, soylu millətin qardaşlığında Heydər Əliyev və Süleyman Dəmirəl kimi epoxal miqyaslı şəxsiyyətlərin müstəsna əməyi olmuşdur. "Bir millət - iki dövlət" fəlsəfəsinin "ayaq açıb" gündəlik həyatın, davranışın, münasibətlərin obyektiv gerçəkliyinə, faktına, təzahürünə çevrilməsi bu gün iki ölkənin qarşılıqlı əlaqələrinin müsbət ovqatını, hərarətini təyin edir.

Türk dünyasının iki müqtədir isminin tanışlığı iyirminci yüzilin 60-cı illərinə  təsadüf etsə də, bu dostluq başlanğıcını 90-cı illərdən götürür. Həmin illər ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi blokadadakı Naxçıvan, bütövlükdə Azərbaycan üçün çox ağır, mahiyyəti etibarilə mürəkkəb illər idi. Belə bir taleyüklü məqamda Türkiyənin hökumət başçısı Süleyman Dəmirəl dost-qardaş köməyini əsirgəmədi. Sonrakı illərdə Azərbaycanda ictimai-siyasi sabitlik yarananda, ölkəmiz müstəqillik yolu ilə irəliləyərək hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə məşğul olanda da Süleyman Dəmirəlin dəstəyini daim hiss etmiş, qayğı və diqqətindən barınmışdır.  Bu illər iki millətin, iki dövlət xadiminin dostluğunu, qardaşlığını həyatın minbir çətin sınağından ləyaqətlə, üzüağ çıxardan məhək daşına çevrildi.

Heydər Əliyev Süleyman Dəmirələ - dostum, qardaşım, - deyə müraciət edirdi. Və həmin müraciətdəki hərarət, doğmalıq azərbaycanlı-türklü milyonlarla insanı riqqətə gətirirdi. Bu müraciət səmimilik etalonuna, rəğbət meyarına çevrilərək bütövlükdə iki qardaş xalq arasındakı çoxşaxəli münasibətlərin fəlsəfəsini ehtiva edirdi.

"Hörmətli dostumuz Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinin, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən biridir. 50 illik gərgin siyasət və dövlət işlərində fəaliyyəti dövründə o, öz xalqına, Türkiyəyə, öz millətinə sədaqətlə xidmət etmişbu gün də xidmət edir. Türkiyə Cümhuriyyətində böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə türk xalqının böyük uğurlar qazanmasında, Atatürk irsinin davam etdirilməsində hörmətli Süleyman Dəmirəlin xüsusi rolu vardır. Ona görə də həm öz ölkəsində, həm də bütün dünyada əziz Süleyman Dəmirəl böyük hörmət qazanmış, dünyanın ən böyük siyasi xadimlərindən biri kimi tanınmışdır". Başdan-başa rəğbət və səmimiyyətlə aşılanmış bu cümlələr ulu öndər Heydər Əliyevə məxsusdur. Ulu öndər Süleyman Dəmirəlin Azərbaycana hər bir zaman dəstək verdiyini hədsiz vəfa və şükranlıqla qeyd edərək "Kitabi-Dədə Qorqud"un 1300 illik yubiley təntənəsində, türkdilli dövlət başçılarının və UNESCO-nun baş direktorunun iştirak etdiyi tədbirdə deyirdi: "Ötən illər biz hörmətli Süleyman Dəmirəlin qardaşlıq, dostluq münasibətini daim hiss etmişik. Onun bizim xalqa göstərdiyi qayğını və diqqəti daim hiss etmişik. Azərbaycanın ağır illərində, Ermənistan Azərbaycana hərbi təcavüz etdiyi zaman, xalqımız öz torpaqlarının müdafiəsinə qalxdığı vaxt əziz dostumuz Süleyman Dəmirəl daim Azərbaycan xalqı ilə bir yerdə olmuşdur".

Heydər Əliyevin 2000-ci il 8 aprel fərmanı ilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafında və genişləndirilməsində böyük xidmətlərinə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və ümummilli problemlərinin həllinə xüsusi diqqət və qayğısına görə Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirələ Azərbaycan Respublikasının Fəxri vətəndaşı adı verilmişdir.

Dünya siyasətinin sonuncu mogikanlarından olan Süleyman Dəmirəl Azərbaycanda siyasi hakimiyyətin demokratik ənənələrə uyğun olaraq seçkilər yolu ilə cənab İlham Əliyevə keçməsini müsbət qarşılamış, Prezidentin ulu öndərin ona əmanət qoyduğu Azərbaycanı və xalqın etimadını çox böyük səy və ciddiyyətlə qoruduğunu söyləmişdir: "İlham Əliyev ötən müddət ərzində xalqına olduqca böyük xidmətlər göstərmiş dahi siyasətçi Heydər Əliyevin mirası olan Azərbaycanı daha da inkişaf etdirib. Dövlət xadimi kimi də beynəlxalq aləmdə böyük nüfuz qazanıb".

Süleyman Dəmirəl cənab İlham Əliyevin çox dəyərli, yetkin, siyasətin mahir bilicisi, dünya siyasətinə bələd olan, Azərbaycanın tarixini, keçmişini dərindən təhlil edən, bugünkü dünya siyasətindəki güc nisbətini gözəl dəyərləndirən, gələcəyə inamla baxan dövlət başçısı kimi hələ uzun illər Azərbaycan xalqının etimadı ilə ölkəsinə xidmət edəcəyinə inandığını vurğulayıb: "İlham Əliyev Azərbaycan xalqının istək və arzularını ən mükəmməl şəkildə gerçəkləşdirir. Eyni zamanda dövlət xadimi kimi düşünülmüş və soyuqqanlı siyasət yürütməkdədir. Onun gördüyü işləri bəyənərək diqqətlə izləyirəm və hər bir uğurundan qürur hissi keçirirəm. Çünki mən onu həm də qardaşımın oğlu sayıram".

Ötən ay Türkiyənin 9-cu Prezidenti beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda idi. "Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin məzarını ziyarət etməkdir". Bu sözləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edən Süleyman Dəmirəl jurnalistlərə açıqlamasında demişdi: "Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın əziz xatirəsi bütün türk xalqının qəlbində əbədi yaşayacaqdır. Türk xalqı heç vaxt onları unutmayacaqdır. Azərbaycan xalqı Heydər Əliyev kimi dahi şəxsiyyət ilə hər zaman fəxr etməlidir. O, Azərbaycanın ən böyük övladıdır".

Prezident İlham Əliyev Süleyman Dəmirəli iki dəfə qəbul etdi, şərəfinə nahar verdi. Bu isti təmaslarda mərhum dövlət başçısı Heydər Əliyevlə Süleyman Dəmirəlin keçirdiyi görüşlər, onların arasında olan dostluq münasibətləri məmnunluqla xatırlandı.

Özünün uşaqlıq xatirələrində Süleyman bəy xatırlayır ki, 1935-ci ildə ibtidai məktəbi "əla dərəcəsi ilə" bitirib təhsilini davam etdirmək üçün İspartaya getməli olur. Buradakı orta məktəbdə o "üçüncü sinif vətəndaş" uşağı olaraq qeydiyyata alınır. Bu onun, sadəcə, kəndli mənşəyinə işarə idi. Sonrakı illər bu cür "təsnifat"a üsyan edən Süleyman - Bütün vətəndaşlarımız birinci sinif vətəndaşdır - deyirdi. Ömrünü pərvanə edib Türkiyə adlı bir sevdaya, şama yaxan Süleyman Dəmirəl bütün həyatını, siyasi fəaliyyətini Türkiyə vətəndaşlarının "birinci sinif" olması amacına həsr etmiş, ölkəsini dünyanın sayılan, haqqı ilə hesablaşılan dövləti səviyyəsinə qaldırmışdır.

Süleyman Dəmirəl kimi siyasətçilər, dövlət xadimləri, şəxsiyyətlər yalnız təmsil etdikləri dövlətə, xalqa məxsus deyillər. Onlar ümumbəşəri missiya daşıdıqları üçün sərhəd, coğrafiya anlayışı bu adamların fəaliyyətinə yaddır. Bir çox Avrasiya və Şərqi Avropa ölkələrinin ən yüksək ali dövlət mükafatlarına layiq görülmüş Süleyman Dəmirəl - Türkiyənin 9-cu Cümhurbaşqanı sağlığında ikən əfsanələşmiş nadir insanlardandır.

 

 

 Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  6.