Dostluğun və əməkdaşlığın
inkişafında türkdilli dövlətlər
arasında yeni səhifələr
açılır
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2009-cu ildə beynəlxalq hökumətlərarası təşkilat kimi Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Türkmənistan tərəfindən təsis edilib. Əməkdaşlıq Şurasının qüvvədə olan iki sənədinə - 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinə və 2010-cu il sentyabrın 16-da imzalanmış İstanbul Bəyannaməsinə əsasən, TDƏŞ-in üzvü olan dövlətlər BMT-nin Nizamnaməsinin bütün məqsəd və prinsiplərinə, o cümlədən beynəlxalq hüququn dünya birliyi tərəfindən qəbul olunmuş digər prinsiplərinə əməl edir. İnkişaf naminə əməkdaşlığın əsasında sülhün və təhlükəsizliyin qorunmasına, yaxşı qonşuluq münasibətlərinin saxlanmasına xidmət edən normalar durur. Türkdilli dövlətlər arasında münasibətlərin və həmrəyliyin möhkəmlənməsinə yardım etməklə TDƏŞ Mərkəzi Asiyada və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün regional vasitə rolunu oynayır.
Qloballaşan dünyada ortaq tarixləri, mədəniyyətləri, eyni soy-kökləri olan türkdilli xalqların birliyinə, əməkdaşlığına ehtiyac duyulur. Ona görə də Şuranın məqsədi türkdilli dövlətlər arasında mövcud olan əməkdaşlığı genişləndirmək və gələcəkdə inkişaf etdirmək üçün konkret addımlar atmaqdır. Bu birlik Çindən başlayaraq Aralıq dənizinədək olan böyük ərazini əhatə edən makroregionda - türk dünyasında gedən siyasi proseslərin mühüm amilinə çevrilə bilər. Çünki türk dünyasının ölkələri artıq bir yumruq kimi iqtisadi qüdrətə və qarşılıqlı anlaşmaya söykənərək birgə fəaliyyətə hazırdırlar.
Oktyabrın 21-də Qazaxıstanın Almatı şəhərində TDƏŞ çərçivəsində keçirilən birinci zirvə görüşündə bir sıra məsələlər müzakirə olundu. Bir neçə türkdilli ölkələrin rəhbərləri dövlətlərarası əməkdaşlığı nəzərdə tutan bəyannamə imzaladılar. Bu sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Sənədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Roza Otunbayeva və Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ imza atıblar.
Dövlət rəhbərləri
əmin olduqlarını bildirdilər ki,
Almatı zirvə toplantısı ümumi
tarix, dil və mədəniyyətə
söykənən əməkdaşlığın gələcəkdə
inkişafı və möhkəmlənməsi
baxımından türkdilli dövlətlər
arasında yeni səhifə açacaq. Bəyannamədə dövlətlərin suverenlik, ərazi bütövlüyü,
sərhədlərin toxunulmazlığı, daxili
işlərə qarışmamaq, güc
tətbiqi və ya ondan
istifadə təhdidindən çəkinmənin əsas
prinsiplərinə müvafiq olaraq dövlətlərin siyasi
və iqtisadi təhlükəsizliyinin
möhkəmlənməsinə cəhdlər də ifadə
olunub.
Azərbaycan
Prezidenti İlham Əliyev toplantıda çıxış
edərək bildirdi ki, ölkəmizin türkdilli dövlətlərlə
çox gözəl, işgüzar və səmimi münasibəti
var. Biz bu münasibətləri yüksək qiymətləndiririk:
"Ölkələrimiz arasında iqtisadi əlaqələrin
inkişafı daha çox böyük məna
daşıyır. Hesab edirəm ki, biz bu potensialdan lazımi səviyyədə
istifadə etmirik. Halbuki ikitərəfli dövriyyələrdə
ticarət əlaqəsi artır, ancaq bu, real
potensialımızı əks etdirmir. Mən hesab edirəm ki,
növbəti illərdə biz qarşılıqlı
investisiya layihələrinin icrasına daha çox diqqət
yetirməliyik. O ölkələr ki, onlar investisiyaları
xarici ölkələrə yatırırlar, əlbəttə,
öz diqqətini ilk növbədə türkdilli dövlətlərə
yönəltməlidirlər. Çünki bu bizim birliyimizi
daha da gücləndirəcək və eyni zamanda, iqtisadi səmərə
də verəcəkdir... Türk dünyası böyük
dünyadır. Biz elə etməliyik ki, türk dünyası
daha da sıx birləşsin. Bunu etmək üçün
bütün imkanlar vardır. İlk növbədə
güclü siyasi iradə vardır. Bu zirvə
görüşlərinin mütəmadi keçirilməsi, bu
gün birinci Əməkdaşlıq Şurasının
keçirilməsi, qəbul olunacaq qərarlar çox
böyük siyasi iradənin mövcudluğunu göstərir.
Digər tərəfdən iqtisadi maraqlar da, bizim iqtisadi
maraqlarımızla üst-üstə düşür..."
Ölkəmizin rəhbəri əmin olduğunu bildirib ki,
yaradılmış bu möhkəm zəminin üzərində
növbəti illərdə biz böyük, gözəl
binalar tikəcəyik. Bu, dostluğumuzun,
qardaşlığımızın binası olacaqdır. Cənab
İlham Əliyev vaxtilə Bakıda Türkdilli Dövlətlərin
Mədəniyyət Fondunun - TÜRKSOY-un
yaradılmasını təklif etmişdi. Fondun fəaliyyətindən
danışan Azərbaycanın dövlət
başçısı qeyd etdi ki, fondun fəaliyyətə
başlaması hər bir türk diyarında öz izini buraxacaqdır.
Çünki bu fondun xətti ilə tarixi abidələrin bərpası,
kitabların nəşri, mədəni tədbirlərin
keçirilməsi mümkün olacaqdır.
Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev TDƏŞ ticarət-iqtisadi və mədəni-humanitar
əməkdaşlığın genişlənməsini
başlıca prioritet kimi müəyyən etdi. "Bizim mənəvi
birliyimiz iqtisadi sahədə qarşılıqlı
faydalı əməkdaşlığın təməli
olmalıdır" deyən dövlət rəhbəri
bildirdi ki, zirvə toplantısı türkdilli dövlətlər
arasında yeni səhifələr açacaq. Türkdilli
ölkələr arasında humanitar sahədə əməkdaşlığa
xüsusi önəm verən Prezident Nursultan Nazarbayev müxtəlif
mədəni tədbirlərin, o cümlədən
festivalların keçirilməsinin əhəmiyyətindən
danışdı və mədəni əlaqələrin
möhkəmləndirilməsində TÜRKSOY-un böyük
rolunu yüksək qiymətləndirdi.
Türkdilli
dövlətlərin rəhbərləri bundan sonra da, ölkələrinin
tarix, dil və mədəni birliyi əsasında münasibətlərini
inkişaf etdirmək və həmrəyliklərini gücləndirmək
niyyətlərini təsdiqlədilər, tamdəyərli beynəlxalq
qurum kimi Türk Şurasının yaradılmasından
razı qaldıqlarını ifadə etdilər.
Dövlət
başçıları zirvə toplantısında Birləşmiş
Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin, Avropa
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
(ATƏT) sənədlərinin və bunlardan da öncə
Helsinki Yekun Aktının məqsəd və prinsiplərinə
sadiqliklərini ifadə ediblər. Qərara alındı ki,
TDƏŞ-in II zirvə toplantısı 2012-ci ildə
Qırğızıstanın paytaxtı Bişkekdə
keçirilsin və "Elm, təhsil və mədəniyyət
sahələrində əməkdaşlıq" mövzusuna
həsr olunsun.
Almatı
toplantısında o da bəyan edildi ki, 2012-ci ildə Astana
türk dünyasının mədəni paytaxtı elan
olunacaq.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.- 2 noyabr.- S. 6.