Azərbaycan
dünyanın turizm mərkəzlərindən
birinə çevrilir
Turizm bir çox ölkədə aparıcı gəlir sahələrindəndir. Çoxşaxəli bir sahə olmaqla turizmin inkişafı üçün əsas şərtlərdən biri, bəlkə də birincisi ölkənin coğrafi mövqeyi, tarixi abidələrinin çoxluğu, təbii sərvətlərin bolluğu və təbii ki, ölkədə ictimai-siyasi sabitliyin olmasıdır. Zəngin və rəngarəng təbiətə malik olan Azərbaycana ulu Tanrı bütün nemətləri bəxş edib desək, yanılmarıq. Çünki Azərbaycanda bütün fəsillərdə turizmin inkişafı, turistlərin qəbulu üçün gözəl şərait var. İsti yay mövsümündə olduğu kimi, payız, qış fəsillərində də bunun şahidi olmaq mümkündür.
Ölkəmiz tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayıb və elə bu gün də həmin tranzit mövqeyini qoruyub saxlamaqdadır. Bunun tarixi isə lap qədim dövrlərə gedib çıxır. Hələ orta əsrlərdə Azərbaycan ərazisinin də coğrafi üstünlükləri xarici qonaqların diqqətini özünə cəlb edib. Bunu ayrı-ayrı vaxtlarda ölkəmizdə olan səyyahlar, tanınmış şair və yazıçılar da öz əsərlərində, yol qeydlərində qələmə alıblar.
Lakin müstəqillik dövründə bu sahəyə xüsusi önəm verilməyə və diqqət göstərilməyə başlandı. Beləliklə, ölkənin sürətli inkişafı şəraitində müxtəlif ölkələrdən turistlərin respublikamıza axını başladı və bütün bu proses indi də uğurla davam edir, Azərbaycanı görmək, onu yaxından tanımaq istəyənlərin sayı ildən-ilə artır.
Azərbaycanın tarixini və təbii-coğrafi üstünlüklərini həmişə yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev ölkədə turizmin inkişafına xüsusi önəm verirdi. Bütün sahələrin inkişafına xüsusi diqqət ayıran ulu öndər ölkəmizin həm də dünyada turizm mərkəzi kimi tanınması istiqamətində mühüm addımlar atırdı. 1999-cu ildə "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bu sahənin inkişafında mühüm addım oldu. Bu istiqamətdə reallaşan digər bir əhəmiyyətli tədbir 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirilinin yaradılması oldu. Eyni zamanda, həmin ilin sentyabrında Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv qəbul olundu.
Bu təşəbbüslər, əlbəttə, yeni-yeni layihələrin ortaya qoyulmasına, Azərbaycanın dünyanın turizm ölkələri arasında öncül yerlərdən birini tutmasına imkan yaratdı. 2002-ci ildə "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişaf proqramı"nın təsdiq olunması sonrakı mərhələlərdə ölkəmizin turizm sektorunun formalaşmasına və genişmiqyaslı inkişafına təkan verdi. Həmin ildən başlayaraq Bakıda Beynəlxalq Turizm Sərgisinin keçirilməsi Azərbaycan turizminin dünya turizminə inteqrasiya olunmasına müsbət təsir göstərdi. Məhz belə inkişafın davamıdır ki, bu gün ölkəmiz təkcə regionda yox, dünyada həm də turizm ölkəsi kimi tanınmaqdadır.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də turizmin Azərbaycan üçün nə qədər perspektivli olduğunu nəzərə alaraq bu sahənin inkişafını həmişə diqqət mərkəzində saxlayır. Son dövrlərdə respublikamızda turizmin sürətli inkişafı və bu sahədə əldə olunan uğurlar vətəndaşların və ölkəyə gələn turistlərin zövqlü istirahəti ilə yanaşı, Azərbaycanın iqtisadiyyatında yeni gəlir mənbəyinin formalaşmasına gətirib çıxarıb. Bu da öz növbəsində paytaxtda və bölgələrdə vətəndaşların işlə təmin olunmasına və yaşayış səviyyəsinin daha da yüksəldilməsinə şərait yaratmışdır.
Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamına uyğun
olaraq
"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair
Dövlət Proqramı"nın təsdiq olunması isə
ölkədə turizmin daha
da inkişafına çox
mühüm təsir göstərdi.
2011-ci ilin ölkəmizdə "Turizm ili" elan edilməsi isə bu sahəyə
ayrılan diqqət və qayğının bariz
nümunəsidir. Ölkə başçısının iyul ayının 2-də Bakıda "Kempinski Hotel-Badamdar",
oktyabrın 3-də "Hilton Baku" hotel komplekslərinin
açılışında iştirak
etməsi də bu sahəyə nə qədər
önəm verildiyini və bu yenilklərin
turizmin inlişafı sahəsində çox böyük hadisə
olduğunu göstərir: "Şəhərimiz
inkişaf edir, gözəlləşir,
yeni hotellər açılır.
İnvestorların Azərbaycan iqtisadiyyatına, xüsusilə
xidmət sektoruna diqqəti və
marağı, əlbəttə ki, bizi çox sevindirir. Bu il Azərbaycanda "Turizm ili" elan edilibdir. Bu, təsadüfi
deyildir. Çünki turizm sektorunun inkişafına böyük
diqqət göstərilir.
Hesab edirəm ki, növbəti illərdə
turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm
yer tutacaqdır".
Ölkə başçısının Azərbaycanın
rayonlarına müntəzəm
olaraq davam edən səfərləri
həm də yeni-yeni turizm obyektlərinin istifadəyə
verilməsi ilə əlamətdardır. Son günlərdə
ölkə başçısının
şimal rayonlarına
səfəri bölgədə
turizmin inkişafında
əsaslı yeniliklərlə
yadda qalıb. Prezident İlham Əliyevin səfər çərçivəsində yaxından tanış olduğu, Qubada tikintisi davam edən beşulduzlu "Riksos"
hoteli və Qusarda inşa edilən, analoqu olmayan Şahdağ Qış-Yay Turizm Kompleksi paytaxtla yanaşı, bölgələrdə
də turizmin sürətli inkişafından
və əldə olunan nailiyyətlərdən xəbər
verir. Qeyd edək ki, respublikamızda 318 mehmanxana
və mehmanxana tipli obyekt, 208 turizm şirkəti fəaliyyət göstərir.
Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanması və şəffaflığın
təmin edilməsi ölkədə turistlərin
rahat hərəkətinə
yol açmaqla yanaşı, həm də xarici vətəndaşların Azərbaycana
axınını artırıb. Yaradılan
gözəl şərait
- istirahət mərkəzləri,
parklar, beşulduzlu otellər, geniş magistrallar, beynəlxalq aeroportlar, eyni zamanda,
mədəni-tarixi
abidələrin bolluğu
Azərbaycana gələn
xarici vətəndaşların
sayının ildən-ilə
artmasına səbəb
olur. Azərbaycanda turizm ehtiyatlarının
zəngin olduğunu dəyərləndirən dövlət
başçısı ölkədə
turizm ehtiyatlarının
tam öyrənilməsinə, genişlənməsinə, insanların
mədəni və rahat istirahətinin təmin olunmasına, eyni zamanda, ölkədə
daimi qazanc mənbəyinin əldə
olunmasına xüsusi
qayğı göstərir.
Dünyada neft ölkəsi
kimi tanınan Azərbaycan bu gün həm də turizm ölkəsi kimi tanınır və bir sıra dünya
ölkələri ilə
turizm əlaqələrinin
yaradılmasına nail olub.
Turizm sahəsində zəngin təcrübəsi
olan Türkiyə, İtaliya, Polşa, Gürcüstan, Ukrayna, Rumıniya, Yunanıstan,
Moldova və digər ölkələr Azərbaycanla
bu istiqamətdə tərəfdaşlığı daha da artırmağa
çalışırlar. Ümumilikdə 2011-ci ilin ilk altı ayı müddətində
ölkəyə gələn
xarici vətəndaşların
sayı 1 milyon 16 min
559 nəfər olmuşdur.
Digər bir məlumata görə, ölkəyə gələn
əcnəbilərin 75-80 faizini turistlər təşkil edir.
Azərbaycanın gəzdikcə bitməyən və baxdıqca göz oxşayan təbii mənzərəsi və tarixin müxtəlif dövrlərindən süzülüb gələn maddi mədəniyyət nümunələri ölkəyə gələn xarici turistlərin ildən-ilə artmasında və Azərbaycan turizminin dünyada tanınmasında az rol oynamayıb. Tarixi və mədəniyyət abidələri ilə zəngin olan Azərbaycanda turistlərin diqqətini çəkən, onları düşünməyə və maraqlanmağa sövq edən abidələr çoxdur. İçərişəhər, Bakı dövlət tarixi etnoqrafik qoruğu olan Qobustan, Şirvanşahlar Saray Kompleksi, Atəşgah, Qız qalası və digər tarixi yerlər turistlərin daha çox müraciət etdiyi ünvanlardır. Əgər turistlərin bir qismi tarixi abidələr olan məkanlara üstünlük verirsə, digər qismi mənzərəli və müalicəvi yerlərə üz tuturlar.
Dövlət başçısının turizm sahəsinə göstərdiyi diqqət və bu istiqamətdə görülən işlər deməyə imkan verir ki, Azərbaycanda turizm yüksək inkişaf dövrünü yaşayır. Qeyd etdiyimiz kimi, Azərbaycanın turizm potensialı genişdir. Azərbaycanın turizm ehtiyatlarının zənginliyi və ölkəmizin bu sahədə qazandığı genişmiqyaslı uğurlar təsdiq edir ki, yaxın gələcəkdə ölkəmiz dünya turizminin dövlətlərindən birinə çevriləcəkdir.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.- 2 noyabr.- S. 6.