AzərTAc-ın
tarixi və müasir həqiqət axtarışı
İndi zaman həmişəkindən daha artıq sürətlə dəyişir və bir çox hallarda özünün qeyri-səlis həqiqətləri, təzadları ilə maraq doğurur. Hər gün dünyada baş verən "informasiya partlayışları" zənginliyi və əlvanlığı ilə cəlbedicidir. Bu rəngarənglik içərisində ən vacib olanı tapmaq, ictimai faydalı olanı görmək və göstərmək, yeni həqiqətlər, dəyərli və dəyərsiz məlumat bolluğundan doğru olanı tapıb bu əsasda şəffaf informasiyalı vətəndaş cəmiyyətini qurmaq və qorumaq hər birimizin qarşısında duran başlıca vəzifələrdəndir. Həmin mənzərədə bilinməyənləri bildirmək bacarığı hər şeydən öncə jurnalistikaya aiddir və indiki bilik iqtisadiyyatı dövrünün, açıq bazar şəraitinin, habelə müasir texnogen əsrin tələbləri ilə yanaşanda jurnalistikanın cəmiyyət üçün nə dərəcədə fəal rol oynadığını şərh etməyə xüsusi ehtiyac yoxdur. Çünki indi informasiyasız yaşamaq sadəcə mümkün deyil. Bu baxımdan informasiya təminatı yalnız sosial stresin aradan qaldırılmasına xidmət etmir, həm də qurub-yaratmağa, yaşamağa stimul verir, həyatımızın bütün sahələrinə nüfuz edir, ümumxalq və dövlət əhəmiyyəti daşıyır, çağdaş ictimai mədəni amil kimi diqqət mərkəzində dayanır.
Tanınmış jurnalist Aslan Aslanovun "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" (Bakı, "Şərq-Qərb" mətbəəsi, 2011) adlı yeni kitabı da deyilənləri bir daha təsdiqləyir. Elmi-nəzəri təhlil və tədqiq prinsiplərinə istinad edən müəllifin araşdırmaçı mövqeyini və peşəkarlıq təcrübəsini özündə ehtiva edən bu kitab-monoqrafiya müasir dünyanın informasiya sistemi, informasiya şəbəkələri və mübadilələri, onun beynəlxalq və region xüsusiyyətləri barədədir. Kitabda mətbuatın inkişafında, cəmiyyətin həyatında informasiya vasitələrinin, o cümlədən xəbər agentliklərinin əhəmiyyətindən, Azərbaycan informasiya sisteminin formalaşmasından, respublikanın siyasi və ictimai həyatında onun əhəmiyyətindən danışılır, müstəqil Azərbaycan dövləti haqqında həqiqətlərin dünyaya yayılmasında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında AzərTAc-ın xidmətlərindən bəhs edilir.
XXI əsrdə Azərbaycanın dünya ilə əlaqələrini xarakterizə edən cəhətlər əvvəlki əsrlərdən əsaslı şəkildə fərqlənir. Ötən əsrlər top-tüfəng əsri, motorlar və mürəkkəb mexanizmli cihazlar əsri idisə, XXI əsr multisistemlər əsri kimi çox maraq doğurur və indiki qloballaşan dünyada informasiyalı vətəndaş cəmiyyətinin zəruriliyini irəli sürür. Dünya informasiya piramidasının qurulduğu və virtual dünyanın sərhədsizliyi şəraitində Azərbaycanın müasir dünya həqiqətlərindən vaxtında xəbərdar olması son dərəcədə vacibdir və bunun üçün yeni jurnalistikanın, habelə mediatexnologiyanın həyatımızın tərkib hissəsinə çevrilməsi günümüzün gerçəkliyidir. "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" kitabına ön söz yazan Azərbaycan Respublikası Prezidenti Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun vurğuladığı kimi: "İnformasiya cəmiyyətinə keçid siyasi və ictimai həyatın demokratikləşməsini, insan hüquq və azadlıqlarının, informasiyanın azad dövriyyəsinin təmin olunmasını ehtiva edir. Digər tərəfdən, mövcud şəraitə uyğun informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə prioritetlərin müəyyənləşdirilməsi, cəmiyyətin informasiya təhlükəsizliyi hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir".
Belə olduğu halda çağdaş jurnalistikanın və informasiya istehsalı işinin və onun tədrisi prosesinin də qarşısında mühüm vəzifələrin dayandığını ayrıca qeyd etmək lazımdır. Bu, sadəcə "bütün məsələləri kadrlar həll edir" məntiqinə haqq qazandırmaq üçün deyil, informasiyalı vətəndaş cəmiyyətinə keçidin sosial təzadlarından doğan problemlərini vaxtında aradan qaldırmaq üçün lazımdır. Çünki yeni vətəndaş tipinin özü şəffaf informasiyalı cəmiyyətin subyektinə çevrilməyə can atırsa, demokratik hüquqi dövlətdə yaşamaq istəyirsə, informasiyanın sosial-fəlsəfi mahiyyəti və dəyərini bilməli, onu düzgün qiymətləndirməyi bacarmalıdır. "Tərəfsiz və qərəzsiz" informasiya sahibi olmaq, onunla mövcud gerçəklikləri dərk etmək üçün işıqlandırmağın kəmiyyət və keyfiyyət tələblərinə aydınlıq gətirən professor Əli Həsənov kitaba ön sözdə yazır: "Ümumbəşəri təkamülün əsas hərəkətverici qüvvələrindən biri olaraq informasiya bütün dövrlərdə cəmiyyətin həyatının, ictimai münasibətlərin və dövlətlərarası əlaqələrin informasiyalaşması və inkişafında mühüm rol oynamışdır. İlk yazı nümunələrinin meydana gəlməsindən başlamış sonrakı dövrdə məlumatın toplanması, saxlanması, ötürülməsi və yayılması sahəsində baş vermiş inqilabi dəyişikliklər sizilizasiyanın inkişaf tarixində köklü informasiyaların əsas səbəblərindən biri kimi çıxış etmişdir. Hazırda dünya bütün ölkələri əhatə edərək hər bir evə daxil olan, ayrı-ayrılıqda insanların və ümumilikdə kütlələrin şüuruna mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiyalı cəmiyyətin yaranması mərhələsini yaşayır. Proqram-texniki, rabitə, telekommunikasiya, kütləvi informasiya vasitələrinin birləşdiyi vahid informasiya məkanının - internetin yaranması növbəti keyfiyyət və kəmiyyət dəyişikliyinin mahiyyətini təşkil edir".
Bu kəmiyyət və keyfiyyət dəyişikliklərini AzərTAc-ın tarixi timsalında araşdıran əməkdar jurnalist Aslan Aslanov qloballaşan dünyada informasiya axını, müasir informasiyaların işlənmə və yayılma prinsipləri, müasir informasiya agentlikləri sırasında AzərTAc-ın yeri və inkişaf perspektivləri, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasının strateji əhəmiyyətinə aydınlıq gətirir. Cəmiyyətin həyatında informasiyanın və informasiya mübadiləsinin əhəmiyyəti, informasiya tələbatının ödənilməsində mətbuatın və xəbər agentliklərinin rolu, informasiya mənbələri, xəbərin əldə edilməsi yolları, informasiyanın hazırlanması və yayılması problemləri barədə mülahizələrini AzərTAc və dünya xəbər agentliklərinin iş təcrübəsinə istinadən əsaslandıran müəllifin bu kitabında diqqəti çəkən əsas məqamlardan biri intellektual hazırlıq, analitik təhlil və mühakimələrindəki akademizmdir. Müəllif yeni dünya jurnalistikasına dair elmi-nəzəri mənbələrə bələdliyini sadəcə ifadə etmir, artıq təsbit olunmuş məntiqi hökm və paradiqmatik yeniliklərə dair ümumiləşdirilmiş fikir söyləyir, özünün aydın qənaətlərini çatdırır, habelə müxtəliffikirlilik kontekstində polemikalar aparır, yeni düşüncə istiqamətini müəyyənləşdirməyə üstünlük verir. Onun bu və ya digər məqamlara üstünlük verməsi, habelə kitabdakı struktur mükəmməlliyi, mövzuların yığcam və anlaşıqlı ifadəsi əsərə dərslik səciyyəsi qazandırır və "jurnalistika elm yox, sənətdir, peşədir" fikrini söyləyənlərin mövqeyini təkzib edərək göstərir ki, jurnalistika həm də dövlətin var olmaq, xalq və millətin yaşamaq, fərdin və insanın düşüncə tərzidir. Aslan Aslanovun zəngin arxiv materialları və elmi-nəzəri mənbəyə istinad etməsi AzərTAc haqqındakı kitaba akademik araşdırma, elmi keyfiyyət qazandırırsa, onun praktik işlə əlaqələndirilməsi jurnalistikanın da kibernetika, botanika, fizika və sair kimi müstəqil elm sahəsi olduğu qənaətini təsdiqləyir. Çünki müəllif jurnalistikaya dair beynəlxalq aləmdə birmənalı qəbul olunan termin və anlayışlara, müxtəlif nəzəri və fəlsəfi kateqoriyalara, sosial-siyasi təhlil və mühakimə prinsiplərinə, müasir elmlər sisteminin interaktivliyinə və konvenlik meyarlarına əməl edir, habelə mediologiyaya, xüsusilə mediatexnologiyaya dair zəngin lüğət fondu və leksik vahidlər təqdim edir. Bunlar Azərbaycanda ənənəvi jurnalistikaya dair artıq vaxtı keçmiş, arxaikləşən terminlər, jurnalistikanın janr mənzərəsini işıqlandıran terminologiya və s. deyil, mediologiyanın müasir keyfiyyət göstəricilərindən xəbər verən həqiqətlərdir.
Yeni medianın iqtisadi əsaslarının, hüquqi bazası və texniki təminatı haqqında ətraflı bəhs açan müəllif çox doğru göstərir ki, rəqəmsallıq informasiyanı fayllaşdırmağa, yaddaşa köçürməyə, onu kodlaşdırmağa, elektron poçtla göndərməyə və qəbul etməyə, şəbəkədə yaymağa, müxtəlif formatlara çevirməyə imkan yaradır. Mediatexnologiyanın multimediallığı offlayn rejimində informasiya istehsalının ən müxtəlif növlərini (rəqəmsal xəbərlər, videolar, hərəkət edən təsvirlər, hipermətnlər, veb nəşrlər) vəhdətdə təcəssüm etdirir. İnteraktivlik isə kommunikasiya vasitələri sistemində informasiyanın mənbəyi, yayıcısı və istehlakçısı arasında birbaşa əlaqənin qurulmasını ehtiva edir.
İnformasiya işinin təşkilində yeniliklərdən olan interaktivlik bir sıra tədqiqatlarda offlayn nəşrlərin səciyyəvi mahiyyəti sırasında nəzərdən keçirilir.
İnteraktivliyin kommunikativ mahiyyətinin oxucunun (istifadəçinin) informasiyanın şərh olunması, qaldırılan problemin müzakirəsi prosesində iştirakı kimi formalarda təzahür edən bir neçə cəhəti vardır. Əvvəla, interaktivlik auditoriyadan operativ surətdə rəy almağa imkan verən informasiya fəaliyyətinin reallaşması mexanizmi kimi nəzərdən keçirilə bilər. İkincisi, interaktivlik həm də auditoriyanı informasiya resursuna cəlb etməyin səmərəli vasitəsi hesab edilir.
İndi dünyanın sosial-mədəni mənzərəsi sürətlə dəyişir, yeniləşir və təhsil, elm, texnologiya yeni sivilizasiyanın ən etibarlı vasitəsi kimi daha artıq aktuallıq kəsb edir. Lakin bu ənənəvi təhsil, elm və texnologiya olmadığından və yeni dünya standartları formalaşdığına görə, həm də informasiyalı vətəndaş cəmiyyəti məqsəd seçildiyi üçün proseslərdən kənarda qalmaq heç kimə, o cümlədən bizə xeyirli deyil. E.Toflerin dediyi "üçüncü dalğa" sürətlənməkdə və dünyanın yeni vizual və virtual mənzərəsini yaratmaqdadır. Artıq "nə informasiya agentliyinin xəbər otağında, nə qəzet redaksiyasında, nə də televiziya studiyasında səs-küylü yazı makinalarına, teletayp aparatlarına, yaxud da mətbəədə linotip maşınlara rast gəlmək mümkündür. Bütün bunları ən müasir informasiya texnikası, kompyuterlər, serverlər, printerlər əvəz etmişdir".
Yeni cəmiyyət tipinin yaranması və ənənəvi jurnalistikadan müasir media sisteminə keçid dövründə sosial şəbəkənin aktivliyinə diqqət yönəldən Aslan Aslanov doğru olaraq vurğulayır ki, "informatika ilə məşğul olan jurnalistlərin yaxşı rəssam duyumu olmalıdır, lakin bununla bərabər o, həm də əla reportyor, redaktor, müxbir olmalıdır, reportyorlara da, redaktorlara da dizayner-jurnalistlər, yəni zahiri tərtibatdan daha çox xəbərlərə maraq göstərən lazımdır".
Tarixən universallığı və
ensiklopedik hazırlıq tələbi ilə fərqlənən
jurnalistika indi kütləvi xəbərləşmə
funksiyalarından daha çox kütləvi ünsiyyət,
dialoq, kommunikasiya, ictimai rəyi tənzimləməklə məşğul
olur, sosial mədəniyyətin qurucusu və qoruyucusu kimi
çıxış edir. Bu mənada AzərTAc-ın beynəlxalq
əlaqələrini və ölkədaxili fəaliyyətini
təhlil mərkəzinə çəkən Aslan Aslanov
yazır ki, hazırda informasiya bazarında yerinə və
çəkisinə görə agentlikləri bu cür təsvir
edirlər: transmilli, milli agentliklər, vilayət, şəhər
agentlikləri, nəhayət, nəşriyyatlar və yayım
şirkətləri nəzdində yaradılmış
agentliklər. Qlobal informasiya məkanında "Assoşieyted
Press" və "Yunayted Press İnternəşnl"
(ABŞ), "Frans Press" (Fransa), "Röyter"
(Böyük Britaniya), "Sinxua" (Çin) və İTAR
-TASS (Rusiya) agentlikləri daha məşhurdur. Bu agentliklər
dünyada ən güclü informasiya mənbələridir və
onlar bir çox ölkələrin informasiya bazarında təmsil
olunmuşlar. Məsələn,
Avropa informasiya bazarında "Assoşieyted Press"
agentliyinin payı 80 faizə çatır.
AzərTAc-ın
son dövr texnologiyaları ilə təchiz olunmasını nəzərə
çatdıran müəllif multimedia redaksiyalarının
yaradılması, video, foto, səsli və yazılı
informasiyanın eyni vaxtda çatdırılması
imkanlarından da danışaraq vurğulayır ki, AzərTAc
Azərbaycan Prezidentinin sərəncamından irəli gələn
vəzifələri yerinə
yetirməklə bərabər öz işində sosial
medianın müxtəlif platformalarından, o cümlədən
son illərdə internetdə olduqca populyarlaşmış
Facebook, Twitter, Livejournal bloq-portalı, YouTube videoportalı və
gidər sosial şəbəkələrdən istifadə
edilməsi sahəsində başqa informasiya agentliklərinin
qabaqcıl təcrübəsini diqqətlə öyrənməyə
başlamışdır. Müasir media məkanında sosial medianın rolunun durmadan
artması müşahidə olunur.
Elmi-nəzəri mənbələrə və AzərTAc-ın iş təcrübəsinə əsaslanan müəllif müxtəlif tipli informasiya istehlakçılarını, o cümlədən müxtəlif auditoriya mənsublarını "yeni medianın provayderləri" adlandıranların mövqeyini müdafiə edir, onları multimedia informasiyasının istehlakçıları kimi qiymətləndirməklə çağdaş sosial jurnalistikanın mühüm əhəmiyyət daşıdığını bildirir. Elə buna görə də sosial şəbəkənin və offlayn nəşrlərin müasir mass-media sistemində yerini aydınlaşdıraraq jurnalist yaradıcılığında ənənə və novatorluq prinsiplərinə istinad edir, klassik dəyərlər və iş təcrübəsi ilə günümüzün yeniliklərini vəhdətdə təhlilə çalışaraq göstərir ki, offlayn nəşrlərin informasiya məhsullarının istehlakçısı (oxucusu, dinləyicisi, tamaşaçısı) ilə istehsalçısı arasında birbaşa əks-əlaqənin qurulması formalarını araşdıran tədqiqatçılar interaktivliyin media sahəsində "öz xəbərinizi yerləşdirin", "redaksiya kollegiyasının üzvü ol", "siz materialın mövzusunu seçirsiniz", "müzakirə", "forum" və s. yeni formalar yaratdığını yazırlar. Əslində isə bu formalar heç də yeni deyildir. Offlayn nəşrlərdən çox-çox qədim olan mətbu nəşrlərdə oxucu auditoriyası ilə əks-əlaqənin kifayət qədər ənənəvi formaları olub və indi də var. "Redaksiyanın poçtundan", "Bizə yazırlar", "Oxucu məktubları", "Oxucu konfransları", "Mütəxəssisin tribunası", "Maraqlı görüşlər klubu", "Səyyar redaksiya" ənənəvi Azərbaycan mətbuatında auditoriyaya hesablanmış əlaqə formalarının heç də tam siyahısı deyildir. Buna görə də offlayn nəşrlərdə "əks-əlaqələrin yeni formaları" məsələsinin auditoriya ilə ünsiyyətin nə cür adlandırılması kontekstində deyil, fərdin informasiya məkanına daxil olması və sistemdə şəxsiyyətin mövqeyinin aktivləşməsi kimi maraqlı psixoloji prosesin yaranması baxımından araşdırılması faydalı olardı.
"Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" kitabının fundamentallığı onun monoqrafik hüdudları ilə məhdudlaşmır, dərslik səciyyəsi ilə yekunlaşır, həm də müasir jurnalistin yaradıcılıq axtarışlarına yön və ton verə bilmək imkanları, peşə etikasına dair normativlərin dəqiqləşdirilməsi və s. baxımından da ciddi maraq doğurur.
Ölkəmizdəki informasiya agentliklərinin, o cümlədən AzərTAc-ın, habelə bütövlükdə jurnalistikanın sosial instituta çevrilməsini işıqlandıran kitab bir daha təsdiq edir ki, müasir informasiya epoxasında Azərbaycan Postindustrializmin prinsiplərinə əməl etməklə azad informasiyalı vətəndaş cəmiyyətini çağdaş sivilizasiyanın ən mühüm göstəricisi sayır. Çünki indi dünya sürətlə dəyişir, əski idealların yerini yeniləri tutur, ideologiyaların transformasiya prosesi mürəkkəbliyi, çoxplanlığı ilə maraq doğurur, artıq milli-etnik konsepsiyaları, sosial-ideoloji dəyərləri dünyanın qloballaşmağına bağlı elmi-nəzəri həqiqətlər və informasiyalı cəmiyyətə bağlı arzular əvəz edir, hətta milli KİV-in siması və statusu müasirləşərək İKT kimi ümumbəşəri səciyyə qazanıb. Ənənəvi xəbərçiliyin xüsusi ideoloji təbliğatında özünü göstərən monoloji məhdudluq çərçivəsinin yerini dialoq mədəniyyətinin dünyəvi prinsipləri tutmağa başlayıb, belə deyək, jurnalistikada informeyşn-xəbərləmə əvəzinə kommunikeyşn-ünsiyyətə xidmət daha lazımlı, faydalı hesab olunur. Bu iş isə bilavasitə Novruzəlinin XX əsrin əvvəllərində poçt qutusu qarşısında xəbərsizlikdən-biliksizlikdən irəli gələn kədərli və tərəddüdlü düşüncələrini, daxili monoloqlarını yaratmır, əksinə, ən qədim dövrdən günümüzə qədər təkmilləşməkdə və yeniləşməkdə olan ictimai-mədəni reformalara meydan açır, İKT ilə müşayiət olunan çağdaş sivilizasiyanın yolunu göstərir. Bu yolda azad informasiya məkanına və xoşbəxt gələcəyə gedən isə "öyrənən, bilən və bacaran" həmvətənlərimizdir. Belə olduğuna görədir ki, Azərbaycan informasiya mühitinin lideri AzərTAc-ın təşəkkül tarixi və inkişaf mərhələləri timsalında araşdırmalar aparan və XXI əsrin yeni həqiqətləri kontekstində jurnalistikaya dair ciddi elmi-nəzəri mülahizələr söyləyən tanınmış və təcrübəli jurnalist Aslan Aslanovun vətəndaşlıq mövqeyi də mühüm maraq doğurur və onun kitabı azad və demokratik Azərbaycanın daha xoşbəxt gələcəyinə yönələn yolu tapmağa yardımçı olur. Bu kitab elmi-nəzəri və tarixi araşdırmanın məhsulu olmaqla, həm də müasir sosial-fəlsəfi düşüncələrin məhsuludur. Nəhayət, kitab belə bir qənaətə gəlməyə əsas verir ki, jurnalist inanmadığı və bilmədiyi məlumatı başqasına ötürməməlidir. Çünki jurnalistika yalnız olmuşlar və olanlar haqqında danışmır, bəhs açmır, o həm də olacaqlar barədə informasiya verir, gələcəyin doğru yolunu işıqlandırmağı vəzifə bilir. Odur ki, media və medium anlayışları, bilinməyənləri bildirmək sənəti kimi ecazkarlıq, möcüzəkarlıq keyfiyyəti ilə də maraq doğurur və yalnız tarixin və bugünün deyil, həm də gələcəyin həqiqətlərini axtarır.
Şamil VƏLİYEV,
professor
Azərbaycan.- 2011.- 2 noyabr.- S. 7.