Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması qaydaları

 

 Ölkəmizdə yerli özünüidarəni həyata keçirən bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

Xatırladaq ki, bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 sentyabr 2011-ci il tarixli qərarı ilə bu ayın 30-da keçiriləcəkdir. Həmin iclasda seçkilərin hazırlanıb keçirilməsi üzrə Təqvim Planı da təsdiq edilmişdir.

Seçki Məcəlləsinin tələblərinə və Təqvim Planına uyğun olaraq artıq bir sıra işlər görülmüşdür. Noyabrın 7-dən etibarən isə seçki kampaniyasında əsas mərhələlərdən biri olan seçkiqabağı təşviqat mərhələsi başlayır.

Seçkiqabağı təşviqat səsvermə gününə  23  gün qalmış başlayır və səsvermənin  başlamasına  24 saat qalmış dayandırılır. Səsvermə günüondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Dövlət Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq seçkiqabağı təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir, kütləvi informasiya vasitələrindən bərabər istifadə şərtlərini müəyyənləşdirir.

Seçkiqabağı təşviqat  bələdiyyə seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədi qeydə alınmış  siyasi  partiyalar, siyasi partiyalar blokubu subyektlərin adından onların səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri (onlara verilmiş səlahiyyətləri daxilində) tərəfindən aparıla bilər.

Xarici dövlətlər, xarici hüquqi şəxslər, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, 18 yaşına çatmamış vətəndaşlar, beynəlxalq təşkilatlar və beynəlxalq ictimai hərəkatlar, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dövlət və bələdiyyə qulluqçuları, hərbi qulluqçular, xeyriyyə təşkilatları, dini birliklər, dini idarə və təşkilatlar, seçki komissiyaları, seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri və digər vəzifəli şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qanunla qadağan edilir.

Xarici dövlətlərin, xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, dövlətin və bələdiyyənin seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, həmin hüquqi şəxslər tərəfindən də hər hansı bir seçkiqabağı təşviqatın aparılması yolverilməzdir.

Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri ilə, kütləvi tədbirlərin keçirilməsi yolu ilə, çap olunmuş audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə və qanunla qadağan edilməyən digər üsullarla aparılır.

Qeydə alınmış namizəd, siyasi partiyasiyasi partiyalar bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.

Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, "dəyirmi masa"lar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və videoverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir.

Mülkiyyət növünə və yayım imkanlarına görə ictimai, özəl və bələdiyyə teleradio təşkilatlarının, dövlət dövri mətbuat  nəşrlərinin, özəl və bələdiyyə dövri nəşrlərinin seçkiqabağı təşviqat prosesində iştirakı nəzərdə tutulur.

İctimai və bələdiyyə teleradio təşkilatları tərəfindən seçkiqabağı təşviqat üçün ayrılan efir vaxtı, dövlət dövri mətbuat nəşrləri və bələdiyyə dövri nəşrləri tərəfindən seçkiqabağı təşviqata dərc üçün ayrılan yer ödənişsiz və ödənişli əsaslarla, özəl teleradio təşkilatları və özəl dövri nəşrlər tərəfindən isə yalnız ödənişli əsaslarla həyata keçirilir.

Teleradio təşkilatlarında və dövri nəşrlərdə ödənişli əsaslarla aparılan təşviqatın vaxtı seçkiqabağı təşviqat subyektləri arasında onların verdikləri bildiriş əsasında teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları tərəfindən keçirilən püşkatma nəticəsində müəyyənləşdirilir.

Püşkatma keçirildikdən sonra efir vaxtı və dövri nəşrlərdə dərc üçün yer bağlanmış müqavilə əsasında təqdim edilir. Müqavilədə seçkiqabağı təşviqatın forması, efirəçıxma vaxtı və tarixi, dərcetmə tarixi, verilən efir vaxtının müddəti, dərc üçün ayrılan yerin həcmi, ödənişin qaydası və həcmi, aparıcı jurnalistin teleradio verilişləri prosesində iştirak forması və şərtləri nəzərdə tutulmalıdır.

Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri yalnız bələdiyyə üzvlüyünə namizədlərin xüsusi seçki fonduya siyasi partiyaların, siyasi partiyalar bloklarının vahid seçki fondu vəsaitləri hesabına ödənilməlidir.

Püşkatma keçirildikdən sonra ayrılmış efir vaxtından və dövri nəşrlərin səhifələrindəki yerdən imtina edilərsə, bu barədə efirə çıxmağa 2 gün qalmış müvafiq teleradio təşkilatına, dərcetmə gününə isə azı 5 gün qalmış müvafiq dövri nəşrin redaksiyasına məlumat verilməlidir. Teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları sərbəstləşdirilmiş efir vaxtından və yerdən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər. Bu qurumlar seçkiqabağı təşviqat istisna olmaqla, həmin sərbəstləşdirilmiş imkanlardan öz mülahizələri üzrə istifadə edirlər.

Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqat yığıncaqlar, vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s. formalarda aparılır.

Dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyalara, siyasi partiyalar bloklarına vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər.

Dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) seçki komissiyalarının sifarişi  ilə  seçkiqabağı təşviqat subyektlərinin seçki komissiyaları ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyalar blokuna seçkiqabağı təşviqatın aparılması üçün verilmişsə, mülkiyyətçi digər namizədə, siyasi partiyaya, siyasi partiyalar blokuna eyni istifadə şərtləri ilə həmin yeri verməkdən imtina edə bilməz.

Seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.

Dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq təşviqat məqsədləri üçün istifadə edilə bilməz.

Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar, müvafiq icra hakimiyyəti orqanları isə həmin kütləvi tədbirlərin keçirilməsində təklükəsizliyi və ictimai asayişi qanunvericiliyə uyğun olaraq təmin edirlər.

Çap, audiovizual və digər seçkiqabağı təşviqat materialları  buraxmaq (qanunla müəyyənləşdirilmiş qaydada) hüququndan istifadə etməklə də qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları seçkiqabağı təşviqat apara bilərlər.

Seçkiqabağı çapaudiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır.

Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini, habelə bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumatları müvafiq seçki komissiyasına təqdim etməlidirlər.

Dairə seçki komissiyalarının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirməlidirlər. Həmin yerlər elə olmalıdır ki, seçicilərin gəlməsi üçün əlverişli olsunorada yerləşdirilən məlumatları oxumaq çətinlik törətməsin.

Səsvermə üçün ayrılmış otaqlardaya onların girişində, dövlətin müvafiq reyestrinə daxil edilmiş tarix və mədəniyyət abidələri sayılan binalarda, qurğulardaotaqlarda seçkiqabağı təşviqat materialları yerləşdirilə bilməz.

Seçkiqabağı təşviqat zamanı təşviqat aparmaq hüququna malik olan subyektlər tərəfindən təşkilati işlərin yerinə yetirilməsi istisna olmaqla, seçicilərə pul vəsaiti, maddi sərvət, qiymətli kağızlar, hədiyyələr vermək və onları qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkmək, dövlət və bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrindən pulsuz istifadə etmək, dövlət orqanlarının və bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə və informasiya vasitələrindən istifadə etmək, xeyriyyə fəaliyyəti ilə məşğul olmaq, seçicilərə mükafat və bəxşiş təklif etmək, onları cəza ilə hədələmək, təzyiq göstərmək və digər qanunazidd üsullarla səsverməyə və ya səsvermədən çəkinməyə sövq etmək, digər namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təşviqat kampaniyalarına müdaxilə etmək və pozmaq, onların seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmaq, təşviqat plakatlarını və digər təşviqat materiallarını məhv etmək və korlamaq yolverilməzdir.

Hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan, əqli mülikyyət haqqında qanunvericiliyi pozan təşviqatın aparılması qadağandır.

Seçkiqabağı təşviqat subyektləri tərəfindən təşviqatın aparılması, təşviqat materiallarının hazırlanması və yayılması Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydaların pozulması ilə həyata keçirilərsə, müvafiq seçki komissiyası  tədbirlər görməli və aidiyyəti orqanlara müraciət etməlidir.

Seçki Məcəlləsi ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.     

 

 

Almas QƏHRAMANLI,

Mərkəzi Seçki Komissiyasının üzvü

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  7.