«Mədəniyyət» qəzetinin xüsusi nömrəsi çap edilmişdir

 

Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzetinin bu günlərdə xüsusi nömrəsi işıq üzü görmüşdür. Nəfis tərtibatla çap edilmiş bu nömrə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmişdir.

AzərTAc xəbər verir ki, qəzetin üz səhifəsində ulu öndər Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir, sarsılmazdır" kəlamı, Prezident İlham Əliyevin dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə imzaladığı müvafiq sərəncamda səsləndirdiyi mühüm fikirlər yer almışdır.

Xüsusi nömrədə təqdim edilmiş "Azərbaycan dünya birliyində özünə layiqli yer tutub", "Mədəniyyət tariximizə böyük töhfələr", "İncəsənətimizə dövlət qayğısı nailiyyətlərimizin rəhnidir", "Turizmin inkişafı müstəqillik dövrünün nailiyyətidir" başlıqlı məqalələrdə son 20 il ərzində ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, tərəqqisi istiqamətində həyata keçirilmiş mühüm layihələr barədə dolğun məlumatlar əksini tapmışdır.

Buraxılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin "Müstəqillik dövründə ölkəmizin mədəniyyəti və turizmi mühüm inkişaf yolu keçib" adlı məqaləsində son 20 ildə ölkəmizin mədəni həyatına ətraflı nəzər salınmışdır.

Xüsusi buraxılışda görkəmli mədəniyyət xadimlərinin, söz ustalarının müstəqilliyimizin 20 illik dövrünə baxışları, həmçinin tanınmış şairlərimizin azərbaycançılıq məfkurəsindən qaynaqlanan şeirləri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  8.