«Kukla»ların
bayramı
"Azərbaycan teatrı 2009-2919-cu illərdə" Dövlət Proqramına uyğun olaraq noyabrın 1-dən Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyi, UNİMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un təşkilatçılığı ilə hazırlanan festival Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub.
Festival çərçivəsində 16 ölkədən gəlmiş 20-dən çox kukla teatrı iştirak edir. Balaca tamaşaçılar bu festivalda Böyük Britaniyadan, Türkiyədən, Gürcüstandan, Başqırdıstandan, Litvadan, Estoniyadan, Özbəkistandan, Qazaxıstandan və başqa yerlərdən gəlmiş teatrların tamaşalarını seyr edəcəklər. Festivala qatılan yaradıcı kollektivlərin təqdim etdiyi əsərlər Dövlət Kukla, Gənc Tamaşaçılar, Rus Dram və s. teatrların səhnəsində nümayiş olunur.
Festival çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən "Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika" adlı elmi simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri iştirak etdilər. Əlbəttə, uşaq dünyasının və zövqünün formalaşmasında kukla teatrlarının rolu əvəzsizdir. Dünya "kukla"larının Bakıya yığışaraq bir-birlərinin yaradıcılığından xəbər tutması və ən yaxşı nümunələrini balacalara həvəslə təqdim etmələri bu təmayüllü teatrın inkişafında yeni addımdır. Ötən illərin təcrübəsi də göstərdi ki, bu cür festivalların keçirilməsi həqiqətən də təqdirəlayiqdir. Çünki hər görüş həm də görüb-götürməyə, öyrənməyə, təcrübə toplamağa kömək edir.
Maraqlıdır ki, festival çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrında Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub. Bütün bu tədbirlərin hamısı yeni əlaqələrə və təcrübə mübadiləsinə geniş imkanlar yaradacaq. Bir şad xəbəri də oxuculara çatdırmaq istərdik ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv qəbul olunub. Gözəl ənənəsi, böyük uğurları var, həmişə də yeni nailiyyətlərə imza atır. Tamaşaçı sarıdan da korluq çəkmir. Onun xoş sorağı sərhədləri də aşıb. İndi bu teatrı dünyanın çox yerində yaxşı tanıyırlar. Təkcə bu ilin aprel və may aylarında Azərbaycan Dövlət Kukla Teatrı iki beynəlxalq festivalda iştirak edib. Əvvəl Mərakeşdə, sonra Kazanda baş tutan bu görüş həm tamaşaçıların xoşuna gəlib, həm də mütəxəssislər Azərbaycan "kukla"larını çox bəyəniblər. İndiki festivalda isə "Xeyir və şər", "Ağ və qara" tamaşaları ilə təmsil olunacaqlar.
Dünya "kukla"larının Bakıya toplaşaraq öz tamaşaçıları qarşısında növbəti hesabat verməsi bu qeyri-adi səhnə sənətinin inkişafına yeni töhfələr bağışlayacaq. Festivalın möhtəşəmliyi indidən bəllidir. Dünyada məşhur olan "Qonq" (Rumıniya), "Pley Ground" (İspaniya), "Pəmbə qurbağa" (Türkiyə), "Arab Rey" (İordaniya), "Fiqur" (Avstriya), "Kağız kino" (Böyük Britaniya) kimi məşhur kukla teatrlarının festivala qatılması bu bayramın əhatə dairəsindən və məzmunundan xəbər verir. UNİMA-nın baş katibi Jacques Trudeau (Paris), vitse-prezidenti Stanislav Dubrava (Çexiya), ASSİTEJ-in prezidenti İveta Hardi (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), BTİ-nin Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif əl-Alkham (BƏƏ), Liviya Universitetinin rektoru Levan Xetaquri (Gürcüstan) və başqalarının festviala gəlmələri, simpoziumda iştirak etmələri tədbirin əhəmiyyətini şərtləndirir. Bir sözlə, "kukla"ların bayramı özünəməxsus şən əhvali-ruhiyyədə davam edir. Təkcə "kukla"ların yox, həm də balaca tamaşaçıların bayramıdır. Onlar altı gün ərzində dünyanın müxtəlif rəngli, libaslı kuklalarını seyr edəcək, eləcə də sevimli qəhrəmanları ilə görüşəcəklər.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 2 noyabr.- S. 8.