Türkiyəli dövlət qulluqçuları Azərbaycanda səfərdədir

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) AzərTAc-a bildirmişlər ki, Türkiyə Respublikasının beş dövlət orqanını təmsil edən on rəhbər işçidən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Səfər çərçivəsində oktyabrın 31-də "Ambassador" otelinin konfrans zalında türkiyəli dövlət qulluqçuları üçün Azərbaycan Respublikasının dövlət qulluğu sistemi barədə Komissiya əməkdaşlarının təqdimatları olmuşdur.

Qonaqları salamlayan DQMK-nın sədri Bəhram Xəlilov qardaş ölkələrimiz arasında bütün sahələr üzrə, o cümlədən dövlət qulluğu sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir. O, 2010-cu ildən başlayaraq təcrübə mübadiləsi məqsədilə təşkil olunan qarşılıqlı səfərlərin əlaqələrimizin daha da dərinləşməsinə xidmət etdiyini vurğulamışdır.

Sonra Komissiyanın əməkdaşları "Azərbaycan Respublikasında dövlət idarəçilik sistemi", "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya barədə ümumi məlumat" və "Azərbaycan Respublikasında dövlət qulluğuna E-qəbul" mövzularında təqdimatla çıxış etmişlər.

Qeyd edək ki, səfərin məqsədi "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində hazırlanmış və 2009-cu il dekabrın 21-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən, hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Nümayəndə heyətinə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, Dövlət Kadrlar İdarəsinin, Dini İşlər İdarəsinin və Elmi-Texnoloji Araşdırma Qurumunun nümayəndələri daxildirlər.

Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində qonaqlar Mədəniyyət və Turizm Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətlərini əks etdirən təqdimatlarla tanış olacaqlar. Bundan başqa, qonaqlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də olacaqlar.

Azərbaycan Respublikasının bir qrup dövlət qulluqçusunun Türkiyə Respublikasına səfəri cari ilin dekabrında reallaşacaqdır.

 

 

Azərbaycan.- 2011.- 1 noyabr.- S.  6.