Fransız jurnalı Azərbaycanın turizm imkanlarından yazmışdır

 

Fransada nəşr olunan "Səyahətlər aləmində" jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən "Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında" adlı məqalə dərc olunmuşdur.

Azərbaycanın coğrafi quruluşundan bəhs edən yazının əvvəlində ölkəmizin Qafqaz  sıra dağları ilə Xəzər dənizi arasında kontrast bir ərazidə yerləşdiyi bildirilir.

Məqalədə Qafqazın cənubunda, Xəzər dənizi sahilində yerləşən Azərbaycan ilə Fransa arasında vaxt baxımdan 3 saat fərq olduğu, Bakıdan Parisə təyyarə ilə uçuşun isə 5 saat çəkdiyi, Xəzər dənizinin əslində heç bir dəniz və okeana çıxışı olmayan dünyanın ən böyük gölü olduğu barədə məlumat verilir.

Məqalənin müəllifi, turizm sahəsində ixtisaslaşmış jurnalist Patrik Geofroia Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın iki qitəni birləşdirən bir körpü rolu oynadığını, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş ölkəmizin 2011-ci ili Turizm ili elan etdiyini diqqətə çəkir.

Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinə görə dünyanın ilk istehlakçı ölkələrindən olduğunu qeyd edən jurnalist Azərbaycanın dünyəvi ölkə olduğunu xüsusi vurğulamışdır.

Şərqdən daha çox Qərb atmosferini özündə cəmləşdirmiş Bakıda çoxlu sayda fransız butiklərinə rast gəlindiyi, Xl əsrə aid edilən İçərişəhərlə yanaşı, XlX və XX əsrlərə məxsus arxitektura nümunələrinin göz oxşadığı, XXl əsrdə paytaxtımızda gedən nəhəng quruculuq işləri, Bakının küləklər şəhəri kimi ad çıxardığı, İçərişəhər kompleksinin UNESCO-nun mədəni irs siyahısına daxil edildiyi məqalədə yer almışdır.

Müəllif azərbaycanlıların vaxtilə oda sitayiş etdiklərini, bunun bariz nümunəsi kimi Suraxanıdakı "Atəşgah"ın Zərdüştlük dövründən xəbər verdiyini, Azərbaycanın mənşəcə türk olan azərbaycanlıların Vətəni olduğu, dinc, sülhsevər və qonaqpərvər olan bu xalqın vaxtilə uzun illər ərəblərin, farsların, rusların, yaxın vaxtlara qədər isə sovetlər birliyi dövründə bolşeviklərin təsiri altında yaşadıqlarını qeyd edir.

Məqalədə ölkədə əsrlərin mədəniyyət müxtəlifliyinin nümunəsi kimi Qobustan misal gətirilir, bu bölgədə vulkanların izinə rast gəlindiyi bildirilir.

Bakıya və onun ətrafına səyahət etdikdən sonra turistlərin Böyük Qafqaz sıra dağlarına və dağlıq ərazidə yerləşən gözəl mənzərəli Lahıc kəndinə getmək istəyində olacaqları diqqətə çəkilir. İpək kəlağayının vətəni hesab edilən bu bölgədən sonra Şəki Azərbaycanın ən gözəl və tarixi abidələrlə zəngin, turistik baxımdan maraqlı bir regionu olduğu vurğulanır. Şəkidə XVIII əsrə aid Xan sarayının da UNESCO-nun  mədəni irs siyahısına daxil edildiyi, Kiş kəndindəki Alban kilsəsinin ən qədim dövrə - eramızın birinci əsrinə aid abidə olduğu barədə fransız oxucularına məlumat verilir.

Müəllif  Azərbaycanın "Evrovizion-2011"-dən sonra daha çox məşhurlaşdığını və bütün dünyada tanındığını bildirir, 2012-ci ildə bu mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən,  Azərbaycan turizminin prioritetlərindən söhbət açır, ölkədə "Hilton"  və digər otellərin fəaliyyət göstərdiyini, daha 25 otelin, o cümlədən "Marriot", "Fairmont" otel layihələrinin həyata keçirildiyini qeyd edir.

Məqalə ilə bərabər Bakının görməli yerlərinin, İçərişəhərin, Kiş kəndindəki Alban kilsəsinin, milli ornamentlərlə bəzədilmiş qədim toxuculuq nümunələrinin fotoları verilmişdir.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 1 noyabr.- S.  11.