Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi qurumun Baş Konfransının 36-cı sessiyasında erməni nazirinin çıxışına tutarlı cavab vermişdir

 

Oktyabrın 29-da UNESCO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin UNESCO ilə əməkdaşlıq məsələsinə səthi toxunaraq çıxışını böhtançı siyasi bəyanatların səsləndirilməsi ilə davam etmişdir.

O, "müəyyən tarixi səbəblərə görə" erməni tarixi irsinin xeyli hissəsinin ölkədən kənarda qalmasına iddia edərək Azərbaycanda guya erməni tarixi abidələrinin məhv edilməsi siyasətinin həyata keçirilməsi və bunun digər mədəniyyətlərə nifrət və düşmənçilik münasibətlərinin göstəricisi olduğunu demişdir.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Eleonora Hüseynova cavab hüququndan istifadə edərək Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzü və onun faciəli nəticələrinə, işğal olunmuş ərazilərdə min illərdən bəri yaşamış azərbaycanlılara məxsus tarixi və mədəni abidələrin ermənilər tərəfindən dağıdıldığına, həmin torpaqlarda narkotikinsan orqanlarının qeyri-qanuni dövriyyəsinin mövcudluğuna diqqət çəkmişdir. Ermənistan dövlətinin başçısının iki xalqın etnik qeyri-uyğunluğu barədə rasist bəyanatlarını bir daha xatırladan E.Hüseynova məhz Ermənistanın düşmənçilik siyasəti həyata keçirən ölkə olduğunu vurğulamışdır.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin çıxışı Baş Konfransın iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.-1 noyabr.- S. 11.