Moskvada «Azərbaycanın gənc musiqiçiləri beynəlxalq müsabiqələrin laureatlarıdır» adlı konsert olmuşdur

 

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda  "Azərbaycanın gənc musiqiçiləri  beynəlxalq müsabiqələrin laureatlarıdır" adlı konsert olmuşdur.

Azərbaycanın Rusiyadakı səfirliyinin təşkil etdiyi konserti Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli aparmışdır.

Konsertdə M.Maqomayev adına Azərbaycan Dövlət Konservatoriyasının direktoru, tanınmış musiqiçi Murad Adıgözəlzadə (fortepiano), Nərgiz Kəngərli (fortepiano), Ümidə Abbasova (skripka), Nəzrin Zərbəliyeva (solo ifa), Bikə Axundova (fortepiano) çıxış etmişlər. Cahangir Cahangirovun "Ballada", Tofiq Quliyevin "Qaytağı", Qara Qarayevin  "Skripkafortepiano üçün 4 hissədən ibarət sonata", Sergey Raxmaninovun "Yasəmən", P.Axundovun "Fortepiano üçün 3 hissədən ibarət sonata", Fikrət Əmirovun "Miniatürlər", Vaqif Mustafazadənin "Düşüncə" və Fərhad Bədəlbəylinin "Dəniz" əsərləri ifa olunmuşdur.

Konsertdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, gənclər və Moskva ictimaiyyətinin  nümayəndələri iştirak etmişlər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 1 noyabr.- S.  11.