Azərbaycanın bölgələri sürətlə və davamlı inkişaf edir

 

Prezident İlham Əliyevin Ağdaş, Ucar və Ağsu rayonlarına səfəri bir sıra mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu  

 

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələn başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılmasından ibarətdir. Bununla bağlı həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq bölgələrin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konktet vəzifələr müəyyənləşdirmişdir.

Regional inkişafa xidmət edən kompleks tədbirlər uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Proqramın icrası nəticəsində 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan məhsulların çeşidi artır, ixracdan asılılıq azalır. Neftdən qazanılan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm də respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir.

Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlüyündən xəbər verir. Sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaqdır. Cari ilin doqquz ayında 1287 sahibkarlıq subyektinə iqtisadiyyatın müxtəlif sahələri üzrə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 106 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 34 milyon manatını dövlət büdcəsindən ayrılan vəsait təşkil edir. Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi isə Bakı qəsəbələrinin payına düşüb. Həmin kreditlər hesabına 5110 yeni iş yerinin açılacağı nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev özəl sektorun inkişafına da xüsusi diqqət yetirir. Sahibkarlığın inkişafına əngəl törədən süni maneələrin qanunvericilik qaydasında aradan götürülməsi, sərbəst bazar subyektlərinə plüralist iqtisadi mühitin yaradılması, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli dəstəklənməsi diqqət mərkəzində olmuşdur.

Ölkə rəhbəri regionların tarazlı və davamlı inkişafının təmini, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün mütəmadi olaraq rayonlara səfərlər edir. Prezident İlham Əliyevin bu günlərdə Ağdaş, Ucar və Ağsu rayonlarına səfəri də mühüm sosial obyektlərin açılışı ilə əlamətdar olmuşdur.

Ölkə başçısı bu səfər çərçivəsində əvvəlcə Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Əsaslı şəkildə bərpa olunmuş avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini, Bakı-Şamaxı-Yevlax avtomobil yollunun 238-ci kilometrini birləşdirir. Qeyd edək ki, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir. Ağdaş mərkəzi rayon xəstəxanasının açılışı da bu səfərə təsadüf emişdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibbi heyət çalışır. Mərkəzi rayon xəstəxanasında tibbi xidmətin ən yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılmışdır.

Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Ucar rayonundakı Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə milli memarlıq üslubunda inşa olunub. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, eləcə də onun müxtəlif illərdə respublikamızın bölgələrinə səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün kurslar da təşkil ediləcəkdir. Mərkəzlə yaxından tanış olandan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək demişdir: "Bu il biz müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd edərkən bir daha tarixə nəzər salaraq görürük ki, ulu öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında müstəsna xidmətləri olmuşdur. Ölkəmiz üçün ən ağır zamanlarda xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev vəziyyəti sabitləşdirdi və Azərbaycanı inkişaf yoluna çıxardı. Bu yaxınlarda müstəqilliklə bağlı tədbirlərdə bu tarix haqqında kifayət qədər geniş danışmışıq. Ölkəmizdə bütün bölgələrdə müstəqilliyin bərpası ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir. Azərbaycanda dövlətçilik əsaslarının qoyulması, hüquqi dövlətin qurulması, demokratik prinsiplərin bərqərar olması və islahatların aparılması işində Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Bu gün bu siyasət davam etdirilir. Biz bu siyasətə sadiqik. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə sadiqdir, onun xatirəsinə daim hörmət və ehtiram bildirir". Ölkə başçısı Ucar şahmat məktəbinin, şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında da işltirak etmiş, burada yaradılan şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri zamanı da bir sıra mühüm sosial obyektlər açılmışdır. Bu sırada Ağsu regional qaz istismar sahəsini, yeni çörək zavodunu, şəhər stadionunu, mədəniyyət və istirahət parkını göstərmək olar. Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılması da əlamətdar hadisələr sırasındadır.

Dövlət başçısı Ağsuda olarkən "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun da açılış mərasimi keçirilmişdir. Bu zavodda il ərzində 50 min ton meyvə şirəsi və 12 min ton şərab hazırlanacaqdır. Hazır məhsulun satışını təmin etmək məqsədilə Bakıda iki min tonluq anbar tikilmiş, satış mərkəzi və regional satış nümayəndəlikləri yaradılımışdır. Zavod öz məhsullarını respublikamızın şəhər və rayonları ilə yanaşı, MDB və Avropa ölkələrinə də göndərəcəkdir. İlkin mərhələdə 180 nəfərin çalışacağı müəssisədə sonradan işçilərin sayı 350-yə çatacaqdır. Yeni istehsal müəssisəsinin istifadəyə verilməsi rayonda əhalinin məğulluğunun təminatında əhəmiyyətli rol oynayacaqdır. 

Prezident İlham Əliyev səfərdən qayıdandan sonra Ağdaş, Ucar və Ağsu rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam da imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda adıçəkilən rayonlar üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bu rayonların hər birinə 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ayrılan vəsait həmin rayonlarda genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işlərinin davam etdirilməsinə sərf olunacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 3 noyabr.- S.  1.