«Şərq Tərəfdaşlığı
Mədəniyyət Proqramı» çərçivəsində
tədbirlər keçirilir
Avropa Birliyinin "Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı" çərçivəsində Mədəniyyət Proqramı Regional Monitorinq və İmkanların Gücləndirilməsi Bölməsinin təşkilatçılığı ilə "Park İnn"-də keçirilən "dəyirmi masa"da dövlət müstəqilliyimizin bərpasının 20 ili ərzində mədəniyyət sahəsində əldə edilən uğurlardan ətraflı söz açıldı.
Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda bu qurumun aidiyyəti sahələr üzrə təmsilçilərinin iştirak etdiyi beynəlxalq tədbirdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməliyyat idarəsinin rəhbəri Federiko Berna onu da diqqətə çatdırdı ki, "Şərq Tərəfdaşlığı" proqramının həyata keçirilməsi insanlar arasında əlaqələrin və mədəni əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Avropa Birliyinin xətti ilə Azərbaycanda bir sıra proqramın reallaşdığını xatırladan F.Berna onu da xüsusi olaraq vurğuladı ki, "Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı" çərçivəsində tədbirlər ötən ildən həyata keçirilir: "Mədəniyyət Avropaya inteqrasiyanın mühüm bir hissəsini təşkil edir. Avropa öz mədəni müxtəlifliyi ilə fəxr edir. Müvafiq qanunvericilik vasitəsi ilə mədəniyyət sahəsində təşəbbüslərin, fəaliyyətlərin gücləndirilməsi nəzərdə tutulub. Ölkələr arasında mədəni əlaqələrin daha da genişləndirilməsi üçün "Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı" iştirakçısı olan ölkələrə çoxtərəfli bir platforma təklif edir. Proqramın əsas məqsədi regionda davamlı inkişafa dəstək vermək və dövlət səviyyəsində mədəniyyət siyasətinin genişləndirilməsini və təcrübələrin bölünməsini stimullaşdırmaqdır".
Respublika iqtisadiyyatının dinamik inkişafı digər sahələrə də dövlət qayğısının göstərilməsinə imkan yaradır.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə də məhz diqqəti bu istiqamətə yönəltdi. Haqqında söz açılan proqramın ölkəmizdə mədəni layihələrin reallaşdırılması üçün yeni imkanların yaratdığını bildirən natiqə görə, bu da Avropada mədəni proseslərin inkişafına böyük təkan olacaq. Azərbaycan Avropa ilə bir sıra proqramlar çərçivəsində əməkdaşlığa üstünlük verir.
Tədbirdə qeyd edildiyi kimi, əməkdaşlığın ilk dövründə inkişafa yardım daha çox diqqət çəkən məsələ olsa da, sonrakı mərhələdə əlaqələr siyasi dialoq, ətraf mühit, təhsil və mədəniyyət kimi çoxçeşidli sahələri əhatə edən strateji tərəfdaşlığa çevrilib. Ümumiyyətlə, hər bir əlaqənin genişlənərək əməkdaşlıqdan tərəfdaşlığa çevrilməsi inkişafın mühüm göstəricilərindəndir və respublikamıza marağın artmasından irəli gəlir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 3 noyabr.- S. 2.